AİBA-dan açıqlama: Azərbaycanlı boksçuya texniki nokaut verilməli idi
2 Avqust 2012 13:16 İdmanBeynəlxalq Həvəskar Boks Federasiyası (AİBA) Məhəmməd Əbdülhəmidov - Satoşi Şimizu döyüşü ilə bağlı rəsmi açıqlama yayıb. AİBA-nın rəsmi saytının verdiyi məlumata görə, açıqlamada bildirilir: "Döyüşün videosuna baxdıqdan sonra məlum olub ki, azərbaycanlı boksçu 3-cü raundda 6 dəfə yerə yıxılıb. Qaydalara əsasən, hakimlər ən azı 3 belə halı nəzərə almalıdırlar. AİBA qaydalarına əsasən, bu zaman hakim döyüşü dayandırmalı və texniki nokaut qərarı verməlidir. Beləliklə, Yaponiya tərəfinin apellyasiyası qəbul olunub və döyüşün nəticəsi ləğv edilib. AİBA avqustun 2-də hakimlərin işinə baxacaq".Qeyd edək ki, Azərbaycan boksçusu Məhəmməd Əbdülhəmidovun 2012-ci il London Yay Olimpiya Oyunlarının 1/8 finalında yaponiyalı Satoşi Şimizu ilə döyüşünün nəticəsi ləğv olunub. Əbdülhəmidovun qazandığı 22:17 hesablı qələbə onun əlindən alınıb.Əvəzində Şimizuya texniki nokautla qələbə verilib.İlk iki raunddan Məhəmməd Əbdülhəmidov müvafiq olaraq 4:2 və 8:3 hesablı qələbələrlə ayrılıb. Lakin üçüncü raundda o, yorğun olduğu üçün rinqdə xeyli sönük təsir bağışlayıb. Bununla əlaqədar Əbdülhəmidova dəfələrlə xəbərdarlıq olunub. Sonuncu raundda Simizuya 12:10 hesablı qələbə verilsə də, ümumi nəticə dəyişməyib. Yaponiyalı boksçu hakimlərin qərarından narazı halda rinqi tərk edib.