Əmək itirən idmançılarımız - ARAŞDIRMA
Bəzi ölkələrdə idmançılar aclıqdan uduzur, bizimkilər toxluq və harınlıqdan
1 Avqust 2012 15:18 İdmanBöyük Britaniyanın paytaxtı Londonda keçirilən yay olimpiadası davam edir. Olimpiada Azərbaycan idmançıları üçün uğursuzluqlarla yadda qaldı. Artıq 53 idmançımızdan 17-i yarışı başa vurub. Onlardan yalnız biri - bolqarıstanlı Valentin Xristov ağırlıqqaldırma idman növündə bürünc medal qazana bilib. Hətta Pekin olimpiadasının qalibi dzüdoçu Elnur Məmmədli də medal qazana bilmədən yarışları tərk edib. Afina-2004-ün bürünc mükafatçısı, güllə atıcısı İradə Aşumova da finala çıxa bilməyib. Artıq qızıl medal ümidləri tükənməkdədir. İdmançılarımızın məğlubiyyəti cəmiyyətdə narazılıqla qarşılanıb. Neçə gündür sosial şəbəkələrdə uğursuz çıxış edən idmançılarımız və onların məışqçiləri kəskin şəkiləd tənqid olunmaqdadırlar. Məsələyə hətta hakim partiyanın funksionerləri də münasibət bildiriblər. Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Azərbaycan idmançılarının uğursuz çıxışlarından təəssüfünü ifadə edib. Parlamentdəki çıxışında Novruzov beynəlxalq yarışlarda yer tutmuş idmançıları sərt tənqid edib. O, bildirib ki, idmançıların çoxu bir-iki dəfə çempion olduqdan, pul-para qazandıqdan, ad çıxardıqdan sonra idmanla məşğul olmur. Millət vəkilinin sözlərinə görə, bəzi idmançılar çempion olur və bununla da karyerasını dayandırır, məşq etmir. Belə idmançıların həddən artıq kökəldiyini, idmana yararlı olmadığını deyən millət vəkili onlara külli məbləğdə pulun xərclənməsini doğru saymır. Onun sözlərniə görə, həddən artıq qayğı ilə əhatə olunmuş idmançılarr bu pulları normal işlərə, xeyriyyəçiliyə deyil, neqativ işlərə xərcləyirlər.
Özünün də idmanla məşğul olduğunu, idmançıda uğurdan başgicəllənmənin təbii olduğunu deyən S. Novruzovun fikrincə, Azərbaycan idmançıları asan yolla universitetə girmək, vəzifəyə düzəlmək, pulsuz ev, maşın almaq üçün yarışlara qatılmamalıdı: "Birinci yarışda qalib gəlir, istədiklərini əldə edir və sonra harınlayır. Sovet dövründə də idmançılar birbaşa ali məktəblərə qəbul olunurdular. Amma onların üzərində güclü dövlət və ictimai nəzarət var idi. Bu nəzarət indi də olmalıdı. YAP funksionerinin fikirləri qəbulediləndi. Doğrudan da Azərbaycan dövləti son illər idmana və idmançıya qayğı göstərir. Onlara hər yerdə yaşıl işıq var. Dövlət onlara mənzil, avtomobil verir, təqaüd ayırır, qalib idmançılar güzəştlərlə ali məktəblərə daxil olurlar. Üstəlik, iş adamları, şirkətlər bu insanlara avtomobil verir, maddi yardım ayırır. Bundan arxayınlaşan, özünün qəhrəman kimi hiss edən idmançılar sanki bir daha oplimpiada olmayacaq kimi davranır, məşqi, idman karyerasını buraxır, ya məmur, ya polis, ya da iş adamı olurlar. Hələ qələbədən başı dumçanlanıb adam soyan, kriminal ünsürlərə qoşulan, dava edən, adamları döyüb çənəsini sındıran "qaliblər"i demirik. İdmanın bütün sahəsində belədir. Maddi sıxıntı çəkən Gürcüstan futbol yığması bizim millidən qat-qat yaxşı nəticə göstərir. Büdcəsi bizizm varlı futbol komandalarının büdcəsindən dəfələrlə az olan Moldova, Belarus, hətta Qazaxıstan klubları Avropa meydanlarında yaxşı oynayır, ciddi uğurlar qazanırlar. Tarixən üstün olduğumuz idman növləri də (güləş, sambo, ağırlıqqaldırma və s.) tənəzzül dövrünü yaşayır. Günahın böyük hissəsi isə bir dəfə qazandığı qələbə ilə arxayınlaşan idmançılardadır. Görünür, onları türklər demiş, çox şımartmaq da düzgün deyil. Qələbə, milli bayrağımızı ucaltmaq onların borcudur. Dövlət öz işini görür, idmançılara hər cür şərait yaradır, onlara qayğı göstərir. İdmançının da borcu ləyaqətlə yarışmaq, ölkənin adını uca tutmaq, onlara sərf olunan əməyi itirməməkdir.
Aslan