Londonda Azərbaycan biabırçılığı- VIDEO

London Yay Olimpiya Oyunlarında bilet satışı ilə bağlı biabırçılıq yaşanır. Özü də bu biabırçılıqda azərbaycanlıların adları hallanır.
"Sky News" xəbər agentliyinin xəbərinə görə, olimpiya oyunları üçün nəzərdə tutulan biletlər qara bazarda satılır. Özünü Azərbaycanın Xarici İşlər Nazirliyinin əməkdaşı kimi təqdim edən şəxs əldə etdiyi pulsuz biletlərin yarışın keçiriləcəyi idman sarayının qarşısında satışı ilə məşğul olub.
Təqdim olunan videodan da görünür ki, şəxsin boyununda Azərbaycanın üç rəngli bayrağı, əlində isə bilet var. Şəxs avqustun 3-də keçirilməsi nəzərdə tutulan boks yarışı üçün bilet satıb. Döşündə "Azərbaycan Olimpiya Komitəsi" yazılmış nişanı gəzdirən şəxs bildirib ki, Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən verildiyi iddia olunan biletlər saxtadı. Azərbaycan bayrağı ilə şəhərdə gəzən şəxslərin əksəriyyətində ehtiyat biletlər var.
Bilet satışı ilə məşğul olan şəxs isə bildirib ki, o, nazirlikdə işləyir və biletləri də onlara XİN-dən veriblər. Eyni zamanda qeyd olunur ki, kassalardan kənarda satılan bütün biletlər etibarsız hesab olunur. Qara bazardan bilet alanlar idman yarışına tamaşa etməyə gələndə qapı arxasında qalmalı olurlar. Çünki onlara satılan biletlər etibarsız çıxıb.
Qeyd edək ki, qara bazarda bilet satışı ilə məşğul olan şəxslər qanuna görə, 20.000 avro cərimə və ya altı ay azadlıqdan məhrum edilirlər. London-2012 başlayandan bəri 29 nəfər həbs edilib.
Azərbaycan Milli Olimpiya Komitəsindən isə məsələ ilə bağlı hələ heç bir açıqlama verilməyib.Məsələ ilə bağlı Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova"Qafqazinfo"ya açıqlamasında məlumatın əsassız olduğunu bildirib: "Bu xəbər haqda bilgimiz var. Hazırda yarışdan çıxmışıq və məsələ ilə bağlı bir azdan rəsmi bəyanat verəcəyik. Bir şeyi bildirmək istəyirəm ki, Azərbaycan rəsmilərinin Londonda qanunsuz bilet satması tamamilə yanlış və həqiqətə uyğun olmayan məlumatdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31