London Olimpiadasında medal davası: yeni qalmaqal
London Olimpiadasında qadınlar arasında 400 metr məsafəyə kompleks üzmədə yeni dünya və Olimpiya rekordu vurulub
31 İyul 2012 12:31 İdmanÇin komandasının üzvü, 16 yaşlı Yo Şiven 400 metri 4 dəqiqə 28,43 saniyəyə üzərək rekord vurub. O, dünya rekordunu 1 saniyədən də çox təzələyib. Yo Şiven ən yaxın təqibçilərini 2,5 saniyə geridə qoyub.Bu yarışın favoritləri Yo Şiven və amerikalı Elizabet Beyzel hesab olunurdular. Beyzel uzun müddət lider olsa da, son 100 metrdə Şiven irəli çıxaraq finişə hamıdan əvvəl çatıb.ABŞ nəticələrdən çox narazı qalıb. Amerikalı mütəxəssislər və məşqçilərin dediklərinə görə, Yo Şivenin bu sürətlə üzməsi, hətta sürət baxımından kişi üzgüçüləri də geridə qoyması unikal hadisə olmaqla yanaşı, dopinqdən istifadəyə gümanlar yaradır.ABŞ Üzgüçülük üzrə Məşqçilər Assosiasiyasının direktoru Con Leonardın dediyinə görə, "Superqız" adlandırılan Yonun nəticəsi, dünya və Olimpiya rekordlarını yeniləməsi "ağlagəlməz, amma şübhəli məsələsidir": "Bir zamanlar Şərqi Almaniyadakı rejim idmançı qadınlara dopinqdən istifadə edilməklə xüsusi məşqlər keçir və onlar da "superqadın"lar təki bütün yarışlarda qalib gəlirdilər. Yo Şivenin dopinqdən istifadə etdiyini əminliklə deyə bilmərəm. Amma düşünürəm ki, belə unikal nəticə adi məşqlərin hesabına başa gəlməyib".Çinin Milli Olimpiya Komitəsi bu iddiaları qətiyyət və qəzəblə rədd edib: "Əldə edilmiş nəticə komandamızın gərgin məşqləri və hazırlığının nəticəsidir. Çin idmanında dopinqə qarşı sərt, hətta amansız mübarizə aparılır. Biz təmizik və bunu istənilən an, istənilən yerdə sübut etməyə hazırıq".Maraqlıdır ki, Yo Şivenin nəticəsi məşhur amerikalı üzgüçü, London Olimpiadasının favoriti sayılan Rayan Loxtenin nəticəsindən də 1 saniyə üstündür.İrlandiyalı üzgüçü Mişel Smit 1996-cı ildə Atlanta Olimpiadasında 4 medal qazanmışdı. Lakin sonra məlum oldu ki, Smit dopinqdən istifadəni gizlətmək üçün xüsusi preparatlardan yararlanıbmış.