“Neftçi”nin qələbəsi Azərbaycanı 53 ölkə arasında 8-ci yerə yüksəltdi
18 İyul 2012 13:09 İdmanUEFA Çempionlar Liqasının ikinci mərhələsi start götürüb. Azərbaycan çempionu "Neftçi" iyulun 17-də Bakıda Gürcüstanın "Zestafoni" komandasını qəbul edib və rəqibin qapısına 3 cavabsız top vurub. "Media forum" saytı xəbər verir ki, "Neftçi"nin qələbəsi Azərbaycanı UEFA-nın illik əmsallar cədvəlində 53 ölkə arasında 8-ci yerə çıxarıb. Qitə turnirlərində 3 klubu mübarizəni davam etdirən Azərbaycan bu mövsüm 5 xal qazanıb. Bu rəqəm qitə turnirlərinə vəsiqə almış Azərbaycan klublarının sayına bölündükdə (Avropa Liqasını tərk etmiş "Bakı" da daxil olmaqla 4 komanda) mində bir dəqiqliklə 1,250 nəticə alınır. UEFA klub reytinqi ölkələrin Avropa kuboklarında son beş mövsümdə qazandığı əmsallara əsaslanır. İlkin raundlarda qələbəyə 1, heç-heçəyə 0,5 xal verilir. Əsas mərhələlərdə isə komandalar qələbəyə 2, heç-heçəyə 1 xal alırlar. Çempionlar Liqasının qrup mərhələsinə düşmək 4, 1/8 finala çıxmaq 5, hər iki turnirin 1/4 final, yarımfinal və finalına yüksəlmək 1 bonus xalı deməkdir.