Rail Məlikov: "Bu meydan, bu da şeytan"
17 İyul 2012 13:33 İdmanBu gün Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstan çempionu "Zestafoni"ni qəbul edəcək "Neftçi"nin kapitanı Rail Məlikov oyun öncəsi son məşqdən əvvəl jurnalistlərin suallarını cavablandırıb.
- Kapitan kimi komandanın hazırlığı səni qane edir?
- Hər şey yüksək səviyyədədir, komandada əhval-ruhiyyə də əladır, məşqimizi edirik və oyuna hazırlaşırıq.
- "Zestafoni"ni rəqib kimi necə qiymətləndirərdin?
- Çempion adını qazanıblarsa, deməli, zəif rəqib deyillər. Şəxsən mən onların "Dinamo"dan (Zaqreb) o qədər də zəif olduqlarını düşünmürəm.
- Bəs "Neftçi" ötən illə müqayisədə nə dərəcədə güclənib?
- Keçən ilkinə baxanda, bu il komandada yeni ruh, yeni futbolçular var, bu dəfə tamam başqa cür hazırlaşır. Bir sözlə, yeni futbol oynayırıq.
- "Zestafoni"nin futbolçuları hər açıqlamalarında "Neftçi"nin büdcəsinə işarə vuraraq, ""Neftçi"nin büdcəsi çoxdur, amma futbolda pul heç də əsas deyil" açıqlamasını verirlər və sanki bununla da "biz qalib gəlməklə pulun futbolda vacib olmadığını sübut edəcəyik" demək istəyirlər. Bu, sizi qıcıqlandırmır ki?
- Bu, reallığa sığmayan söhbətdir. Əgər pul hər şeyi həll etsəydi, elə oturardıq evdə, toplanışa-filan da getməzdik, ailəmizdən də uzaq olmazdıq. Bu da gürcülərin buraxdığı şayiədir və biz də bunlara uymuruq. Bu meydan, bu da şeytan. Sabah (bu gün) bilinəcək kim kimdir. Bir də fürsətdən istifadə edib, azarkeşlərimizi stadiona dəvət etmək istəyirəm. Bu oyunu udmağımızı istəyirlərsə, bizə kömək olsunlar. Onlara çox ehtiyacımız var.