Dünya alpinistləri Moskvada bir araya gəliblər
31 Oktyabr 2013 16:15 İdmanMoskvada MDB, Gürcüstan və Baltikyanı ölkələrin alpinizm federasiyalarının 5-ci sammiti keçirilib. Federasiyaların rəhbərləri və səlahiyyətli şəxsləri ilin yekunlarını və gələcək strategiyalarını müzakirə etmək üçün 5-ci dəfə bir araya gəliblər. Görüş çərçivəsində Avrasiya Alpinizm və Qayayadırmanma Assosiasiyasının iclası da təşkil olunub. Azərbaycan Alpinizm Federasiyasının (AAF) mətbuat xidmətindən verilən məlumata görə, sammitə AAF prezidenti İsrafil Aşurlı da qatılıb.
Sözügedən təşkilat dünyanın yeganə beynəlxalq federasiyasıdır ki, idman alpinizmi üzrə yarışları təşkil edir. Assosiasiyanın 2014-cü ilin təqvim planına əsasən aşağıdakı yarış növləri daxil olub: qayayadırmanma növü, hündürlüyə texniki dırmanma(qiyabi, hündürlüyü 6250 m. çox olmamaq şərti ilə), hündürlüyə dırmanma növü(qiyabi, hündürlüyü 6251 m. çox olmaq şərti ilə). Hündürlüyə dırmanma növü Qazaxıstana, hündürlüyə texniki dırmanma növü Rusiyaya, qiyabi növü isə Ukraynaya həvalə olunub. 2013-cü ilin yarışlarının analizi keçirilib. Yarışların qayayadırmanma növündə İspaniya, Latviya, Xorvatiya, Qazaxıstan, Ukrayna, Rusiya və Bolqarıstandan komandalar iştirak edib. İclasın yekunlarına əsasən İdman Alpinizmi Komitəsinə qaydaların və metodikaların təkmilləşdirilməsi istiqamətində müvafiq tapşırıqlar verilib. Hündürlüyə dırmanma növü üzrə qabaqcadan verilmiş ərizələr ləğv olunub.
Ölkəmizi Avrasiya Alpinizm və Qayayadırmanma Assosiasiyasında təmsil edən Azərbaycan Alpinizm Federasiyası(AAF) son 3 il ərzində hündürlüyə dırmanma növündə iştirak edir. 2012-ci ildə bizim gənc komandamız dünyada 4-cü yerə layıq görülüb.
AAF-ın gələcək planlarında nəinki hündürlüyə dırmanma, həmçinin qayayadırmanma və hündürlüyə texniki dırmanma növlərində çıxış etmək vardır.