İquayin Ronalduya çatdı

Avropanın ən məhsuldar futbolçusu üçün təsis olunan "Qızıl buts" mükafatı uğrunda mübarizədə ikihakimiyyətlilik yaranıb. Apasport.az xəbər verir ki, "Napoli"nin argentinalı hücumçusu Qonzalo İquayin İtaliya çempionatının "Palermo" ilə oyununda qol vurub, 1-ci pilləyə şərik olub. 27-ci qol sayəsində xal hesabını 54-ə çatdıran cənubi amerikalı İspaniya "Real"ının portuqaliyalı ulduzu Kriştianu Ronaldu ilə eyni göstəriciyə malikdir. Sonuncu hesabat turunda qola həsrət qaldığından üstünlüyünü əldən verib. Hesabında 54 xal olan liderləri Luis Suares ("Barselona") və Jonas ("Benfika") izləyirlər. Hərəyə 26 qol vuran bu cütlüyün hesabında 52 xal var. Almaniya çempionatının bombardirlərindən Robert Levandovski ("Bavariya") 48, Pyer Emerik Obameyanq ("Borussiya") 44 xala malikdir. "Barselona"nın argentinalı ulduzu Lionel Messi də sonuncu ilə eyni göstəriciyə malikdir. 27 dəfə fərqlənən Zlatan İbrahimoviç (PSJ) və Eran Zahavi ("Makkabi" Təl-Əviv) çıxış etdikləri çempionatın əmsalı 1,5-ə bərabər olduğundan 40,5 xal toplayıblar.

Qeyd edək ki, əmsalı 1-ə bərabər olan Topaz Premyer Liqasının ən məhsuldar oyunçusu Nelson Bonilla ("Zirə") 10 qolla 10 xal toplayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31