"Neftçi" Belqrada çatdı, futbolçusu aeroportda "işə düzəldi"

Zədəli olduğu üçün Avropa Liqasının oyunlarında "Neftçi"yə kömək edə bilməyən Bahadır Nəsimov bu gün komandayla birgə Serbiyaya, "Partizan"la oyuna yola düşüb.
Qol.Az-ın Belqrada ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, özbəkistanlı futbolçu yolboyu komanda yoldaşları ilə zarafatlarından qalmayıb.
Bahadırın bu hərəkətləri futbolçuların və onlarla birgə olan jurnalistlərin də ürəyincə olub. Şən əhval-ruhiyyədə olan Bahadır zarafatını Belqrad hava limanında da davam etdirib. O, sərhəd xidməti məntəqəsinin yanında dayanaraq komanda yoldaşlarından pasport yığmağa başlayıb.
Bu zaman digər ölkədən olan sərnişinlər Bahadırı, həqiqətən də, aeroport işçisi sanaraq ona yaxınlaşaraq pasportlarını təqdim ediblər.
Yalnız sonradan onlar Bahadır Nəsimovun "Neftçi"nin futbolçusu olduğunu öyrəniblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31