Tərbiyə müəssisəsinin iki yeniyetməsi stadionda futbol matçını izləyiblər

Penitensiar xidmətin Tərbiyə müəssisəsində tərbiyə alan iki  yeniyetmə  Azərbaycan və İsrail yığma komandalarının Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmalarına tamaşa edib. Bu barədə Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, onlar üçün belə bir şərait Ədliyyə Naziri I dərəcəli Dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədovun göstərişi və Milli Olimpiya Komitəsinin dəstəyi ilə yaradılıb. Belə ki, Tərbiyə müəssisəsində tərbiyə olunan yeniyetmələr Sitkov Elman Eldar oğlu və Məmmədzadə Amid Rafiq oğlu barələrində həvəsləndirmə tədbiri tətbiq olunaraq, onların 2014-cü ildə keçiriləcək futbol üzrə növbəti Dünya çempionatının seçmə mərhələsi çərçivəsində
Azərbaycan və İsrail yığma komandalarının Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmalarına tamaşa etmələri üçün şərait yaradılıb. Yeniyetmə məhkumların xahişi nəzərə alınaraq futbol matçından əvvəl onların Fəxri xiyabanda ulu öndər, ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etmələri təmin ediblər. Futbol matçından sonra Tərbiyə müəssisəsinə qayıtmış məhkumlar onlara yaradılmış bu imkana görə Ədliyyə Nazirliyinin və Milli Olimpiya komitəsinin rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31