Azərbaycan atleti qrupda birinci yeri tutub

Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən yeniyetmələr arasında X Avropa birinciliyində növbəti günün yarışlarına start verilib.
Azərbaycan Ağır Atletika Federasiyasından Trend-ə verilən məlumata görə, Valeh Baxşəlizadədən sonra daha bir idmançımız körpücük üzərinə çıxıb. 62 kq çəki dərəcəsində Kənan Əliquliyev mübarizəyə qoşulub.
14 yaşlı idmançımız bu çəki dərəcəsinin "B" qrupunda yarışıb.
Kənan həm birdən, həm də təkanla qaldırmada uğurla çıxış edib.
Əliquliyev birdən qaldırmada növbə ilə 95, 100 və 102 kq çəkiləri başı üzərinə qaldıraraq bu hərəkətdə 1-ci yeri tutub.
Təkanla qaldırma hərəkətinə 120 kq-ı ram edən atletimiz, daha sonra sifariş verdiyi 125 kq-ı təəssüf ki, növbəti iki cəhdində qaldıra bilməyib. O, bu hərəkətdə ikinci yeri tutub.
Buna baxmayaraq, toplamda 222 kq (102 kq + 120 kq) nəticə göstərən Kənan, "B" qrupunda ümumi sıralamada 1-ci yeri tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31