1 milyon dövriyyəsi olan qumarbaz dəstə tutuldu – KİBERPOLİS ƏMƏLİYYATI
11:42 Hadisə238 01.07.2026 11:24 Kriminal A A
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi "1xBet" platforması vasitəsilə qanunsuz mərc oyunları təşkil edən cinayətkar dəstəni ifşa edib.
Kiberpolisin həyata keçirdiyi tədbirlərlə ölkə ərazisində fəaliyyəti qadağan olunmuş "1xBet" platforması vasitəsilə vətəndaşları qanunsuz mərc oyunlarına cəlb etməkdə təqsirli bilinən Camal Əhmədov, onun rəhbərliyi altında fəaliyyət göstərən Hacıəkbər Abbaszadə, Seyfəddin İsmayılov, Nəbi Abdullayev və Emil Abbaslı saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, Camal Əhmədov Bakı şəhərinin Xətai rayonu ərazisində mənzil icarəyə götürərək "1xBet" saytı üzərindən "BakuCash" profili ilə qanunsuz onlayn mərc oyunları təşkil edib. Bu qanunsuz fəaliyyətə isə müştərilər əsasən "Telegram" tətbiqi vasitəsilə cəlb olunub. Qeyd edilən ünvana baxış zamanı qumar oyunlarının təşkili və idarə olunmasında istifadə edilən çoxsaylı mobil telefonlar, bank kartları və digər elektron sübutlar aşkar edilərək götürülüb. İlkin araşdırmalarla dəstə üzvlərinin qanunsuz dövriyyəsinin 1 milyon manatdan artıq olduğu müəyyən edilib.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. C.Əhmədov, S.İsmayılov, N.Abdullayev və E.Abbaslı təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
DİN vətəndaşlara bir daha müraciət edərək onları sosial şəbəkələr və müxtəlif internet platformaları vasitəsilə təklif olunan qanunsuz mərc oyunlarında iştirak etməməyə çağırıb. Belə platformalar insanların maddi ziyana məruz qalmasına və şəxsi məlumatlarının ələ keçirilməsinə səbəb olur. Bu baxımdan, vətəndaşlara "1xBet" və digər oxşar qanunsuz onlayn mərc saytlarından uzaq durmağı, belə hallarla qarşılaşdıqda isə dərhal polis orqanlarına məlumat verməyi tövsiyə edirik.
Tanınmış vəkil Ceyhun Yusifov Musavat.com-a deyib ki, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat hüquqi baxımdan ciddi əhəmiyyət daşıyır: "Burada söhbət təkcə qanunsuz mərc oyunlarının təşkilindən getmir. Əgər istintaqın açıqladığı faktlar məhkəmədə sübuta yetirilərsə, bu, kölgə iqtisadiyyatının, qanunsuz maliyyə dövriyyəsinin və kiberməkanda təşkil olunmuş cinayət fəaliyyətinin qarşısının alınması istiqamətində mühüm addımdır".
Vəkil bir məqama diqqət yetirməyin vacib olduğunu vurğulayıb: "Azərbaycanda yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil olunan mərc və lotereya fəaliyyətinə icazə verilir. Xarici mənşəli, ölkədə lisenziyası olmayan platformalar vasitəsilə mərc oyunlarının təşkili və ya onların maliyyə dövriyyəsinin idarə edilməsi qanunvericiliyin pozulması hesab olunur. Burada söhbət sadəcə internet saytından deyil, mütəşəkkil fəaliyyət modelindən gedir. İstintaqın açıqladığı məlumata görə, qanunsuz dövriyyənin 1 milyon manatdan artıq olması xüsusi diqqət çəkir. Bu həcm artıq təsadüfi fəaliyyət deyil, sistemli biznes modelinin mövcudluğundan xəbər verir. Əgər bu vəsaitlərin mənşəyi, hərəkəti və bank əməliyyatları da təsdiqlənərsə, cinayət-hüquqi məsuliyyət daha da ağırlaşa bilər. Digər mühüm məsələ vətəndaşların məsuliyyətidir. İnsanlar düşünməməlidirlər ki, internetdə fəaliyyət göstərən hər platforma qanunidir. Xaricdə qeydiyyatdan keçmiş saytın Azərbaycanda fəaliyyət göstərməsi onun avtomatik olaraq qanuni olması demək deyil. Vətəndaşlar bilməlidirlər ki, belə platformalarda uduzduqları vəsaiti geri almaq, hüquqlarını müdafiə etmək və ya hər hansı mübahisəni həll etmək faktiki olaraq mümkün olmur".
Vəkil qeyd edib ki, hüququn fundamental prinsipi də unudulmamalıdır: "Saxlanılan şəxslər barədə istintaqın irəli sürdüyü ittihamlar məhkəmədə sübuta yetirilənədək onlar təqsirsizlik prezumpsiyasından istifadə edirlər. Son hüquqi qiyməti yalnız məhkəmə verə bilər. Bu hadisə göstərir ki, bu gün kibercinayətkarlıq kompüterlərə müdaxilə ilə məhdudlaşmır. Bu gün internet üzərindən qanunsuz qumar, maliyyə fırıldaqları, çirkli pulların dövriyyəsi və şəxsi məlumatların toplanması bir-biri ilə sıx bağlı cinayət mexanizmlərinə çevrilib. Hüquq-mühafizə orqanlarının əsas vəzifəsi isə təkcə icraçıları deyil, bu platformaların maliyyə zəncirini, benefisiarlarını və əldə olunan vəsaitlərin son ünvanını da müəyyən etmək olmalıdır. Yalnız bu halda belə cinayət sxemlərinin kökü kəsilə bilər".
Qumar oyunlarının dini baxımdan da qəbuledilməz olduğu da bilinir. İslam dinində qumar insanın halal zəhmətlə deyil, təsadüf və başqasının itkisi hesabına qazanc əldə etməsi deməkdir. Qurani-Kərimdə qumar şeytan əməli kimi qiymətləndirilir və müsəlmanlara ondan uzaq durmaq əmr olunur. Allah-Təala "Maidə" surəsinin 90-91-ci ayələrində buyurur:
"Ey iman gətirənlər! Şərab, qumar, bütlər və fal oxları şeytan əməlindən olan murdar işlərdir. Bunlardan uzaq durun ki, nicat tapasınız". Qumarın haram edilməsinin səbəbi təkcə dini hökm deyil. Onun arxasında ciddi sosial və mənəvi təhlükələr dayanır. Qumar insanı asılı vəziyyətə salır, ailələri dağıdır, borclanmaya, dələduzluğa, oğurluğa və digər cinayətlərə sürükləyə bilir. Qumar oynayan şəxs yalnız özünü deyil, ailəsini və cəmiyyəti də zərərə məruz qoyur.
Bu gün internet üzərindən fəaliyyət göstərən mərc platformaları isə daha təhlükəlidir. İnsan evindən çıxmadan, telefon vasitəsilə qumara qoşulur və qısa müddətdə böyük məbləğlər itirə bilir. Din baxımından bunun klassik qumardan heç bir fərqi yoxdur. Əgər qazanc başqasının uduzması hesabına və təsadüfi nəticələr üzərində qurulubsa, bu, qumardır və haramdır. İslam halal zəhmətlə qazanılan ruziyə böyük dəyər verir. Ən bərəkətli qazanc insanın öz əməyi ilə əldə etdiyi qazancdır. Asan və riskli yollarla varlanmaq arzusu isə çox vaxt insanı həm maddi, həm də mənəvi fəlakətə aparır. Buna görə də din insanları qumardan uzaq durmağa, halal qazanca və məsuliyyətli həyat tərzinə çağırır.