Avropada quş qripi tüğyan edir - Azərbaycanın ön tədbirləri
11:14 HadisəAvropa yenidən "quş qripi" ilə üz-üzədir. Qitənin bir çox ölkələrində - xüsusən Almaniya, Fransa, Niderland və Polşada H5N1 tipli yüksək patogenli "quş qripi" ocaqları aşkarlanıb. Minlərlə quş məhv edilib, onlarla iri ferma karantinə alınıb. Mütəxəssislər bildirir ki, xəstəliyin bu qədər sürətlə yayılması əvvəlki illərlə müqayisədə daha təhlükəli mərhələyə keçdiyini göstərir.
Fransa və Almaniyanın bəzi bölgələrində fermerlərə quşları açıq havaya buraxmaq qadağan olunub. Qida təhlükəsizliyi qurumları yumurta və quş ətinin tədarükündə problemlərin yaranacağını istisna etmir. Virusun köçəri quşlar vasitəsilə bir ölkədən digərinə keçməsi prosesi də sürətlənib.
Avropa Qida Təhlükəsizliyi Agentliyinin son hesabatına görə, H5N1 ştammı bu il rekord sayda fermalarda aşkar edilib. Ekspertlər bildirir ki, bu vəziyyət həm kənd təsərrüfatına, həm də ticarət dövriyyəsinə ciddi zərbə vura bilər.
Azərbaycan da Avropadakı vəziyyəti diqqətlə izləyir. Ölkəmizdə quşçuluq sahəsi inkişaf etsə də, daxili tələbatı tam qarşılamadığı üçün müəyyən həcmdə quş əti və yarımemal olunmuş məhsullar xaricdən idxal olunur. Bu səbəbdən, Avropadakı epidemik vəziyyət təkcə baytarlıq yox, həm də iqtisadi təhlükəsizlik məsələsidir.
Azərbaycanın quş əti idxalında Rusiya birinci yerdədir. 2023-cü ilin göstəricilərinə əsasən, Rusiyadan ölkəmizə 1 117 ton quş ətindən hazırlanan məhsul gətirilib. Belarus (təxminən 540 ton), Almaniya (382 ton), Macarıstan (374 ton) və Türkiyə (346 ton) də aparıcı təchizatçılar sırasında yer alır.
Avropanın bir çox ölkələrində quş qripinin geniş yayılması Azərbaycana idxal olunan məhsulların mənşə nəzarətini aktuallaşdırıb. Qida Təhlükəsizliyi Agentliyi artıq bəzi riskli regionlardan quş əti idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edib. ABŞ-nin bəzi ştatlarından, Ukrayna, İran və Avropanın müəyyən bölgələrindən idxal dayandırılıb. Mütəxəssislər bildirirlər ki, idxal olunan məhsulların termiki emaldan keçmiş, sertifikatlaşdırılmış və baytarlıq nəzarətindən çıxmış olması insan sağlamlığı üçün təhlükə yaratmır. Lakin qeyri-qanuni və ya sənədsiz ticarət kanalları potensial risk daşıyır.
"Quş qripi" hansı halda insana keçir və əlamətləri nələrdir ?
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, H5N1 virusu insanlara çox nadir hallarda keçir. Yoluxma yalnız xəstə quşlarla birbaşa təmas zamanı mümkündür. Düzgün bişirilmiş quş ətindən və ya yumurtadan yoluxma riski demək olar ki, yoxdur. Virus yalnız yüksək temperaturda (70°C və yuxarı) məhv olur.

Zülfüqar Yusifov
Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı "Yeni Müsavat"a danışıb. Həkim vətəndaşlara tövsiyə edir ki, ölü və ya xəstə quşlara yaxınlaşmasınlar, belə hallarla rastlaşdıqda dərhal baytarlıq xidmətinə məlumat versinlər. Ev quşları saxlayanlar isə sanitariya-gigiyena qaydalarına ciddi riayət etməli, quşların təmasda olduğu ərazini təmiz saxlamalıdırlar: "Quş qripinə yoluxan insanlar əsasən yuxarı tənəffüs yollarının narahatlığından şikayətlənirlər. Temperatur, əzginlik, baş ağrısı, halsızlıq yaranır. Quş qripi hava-damcı yolu ilə keçir və fəsildən asılı olaraq artır. Buna görə də payız və qış mövsümü gələrkən mümkün qədər orqanizmi gücləndirmək lazımdır. İmmun sisteminin möhkəmlənməsi üçün qidalanmaya və yuxu rejiminə xüsusi fikir vermək lazımdır. Açıq hava gəzintisi və idman hərəkətlərindən istifadə olmalıdır. Stresdən uzaq olmaq da orqanizmi güclü edir. Orqanizmin viruslara qarşı müqaviməti yerində olanda xəstə insanla təmas zamanı belə yoluxma olmur. Risk və sıxlıq olan yerlərdə insanlar maska ilə gəzsinlər. Əllərin dezinfeksiya edilməsi vacibdir. Bütün bunlar olarsa, yoluxma az olar. Yaxud da hərarət, üşütmə olarsa, həkimə müraciət etsinlər. Çünki zamanında diaqnoz qoyularsa, müalicə də vaxtında başlayar".
Həkim bildirir ki, yoluxma quşlarla birbaşa təmasla əlaqəli deyil. Onun sözlərinə görə, bu virus yoluxmuş insandan da keçə bilər: "Quşlarla birbaşa təmas şərt deyil. İnsanlar arasında yayılıbsa, onların da bir-birinə keçirmə ehtimalı var".
"Quş qripi" ilə bağlı vəziyyət nə qədər ciddiləşsə də, mütəxəssislər panikaya düşməməyə çağırır. Əsas məsələ biotəhlükəsizlik qaydalarına əməl etmək və dövlət qurumlarının xəbərdarlıqlarına diqqətlə yanaşmaqdır.
Azərbaycanın təcrübəsi göstərir ki, ölkə vaxtında qabaqlayıcı tədbirlər gördükdə epidemiyaların qarşısını ala bilir. 2006-cı ildə ilk dəfə quş qripi təhlükəsi yarananda aparılan dezinfeksiya, vaksinasiya və nəzarət tədbirləri nəticəsində geniş yayılmanın qarşısı alınmışdı. Bu gün də eyni prinsip qüvvədədir: nəzarət var, koordinasiya var, vətəndaş məsuliyyəti lazımdır.
Avropada H5N1-in sürətlə yayılması qlobal təhlükədir, lakin Azərbaycan hələlik təhlükədən kənardadır.