Dəhşətli partlayış baş verdi - Sakinlər təşvişdə
17:36 DünyaMalta adasında yerləşən pirotexniki vasitələr istehsal edən zavodda baş vermiş güclü partlayış ölkədə ciddi təşviş yaradıb. Partlayışın səsi kilometrlərlə uzaq məsafədən eşidilib, zərbə dalğası isə bir çox yaşayış məntəqələrində hiss olunub.
Musavat.com xəbər verir ki, hadisə iyunun 1-də səhər saatlarında Maltanın Magtab bölgəsində yerləşən Ta' Lourdes atəşfəşanlıq fabrikində qeydə alınıb.
Məlumata görə, ilk güclü partlayışdan sonra ard-arda bir neçə kiçik partlayış da baş verib. Sosial şəbəkələrdə yayılan görüntülərdə zavod ərazisindən qalxan nəhəng alov topu və qalın tüstü sütunu görünür. Hadisə zamanı ətraf ərazilərdə yaşayan sakinlər böyük qorxu yaşayıblar.
Şahidlərin sözlərinə görə, partlayışın yaratdığı təzyiq dalğası o qədər güclü olub ki, yaxınlıqdakı binaların şüşələri sınıb, bəzi tikililərin fasad hissələrindən parçalar qopub. Hadisə yerindən xeyli uzaqda yaşayan insanlar da evlərinin silkələndiyini bildiriblər.