İrəvanın AB və Aİİ arasında manevri: Balans siyasəti nə vaxta qədər davam edə bilər? - ÖZƏL
16:27 Siyasət"Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkəsinin Avropa Birliyinə üzvlüyü ilə bağlı referendum keçirilməsi ideyasını məqsədəuyğun hesab etməməsi, əslində, son dövrlərdə İrəvanın xarici siyasətində müşahidə olunan daha praqmatik yanaşmanın göstəricisi kimi qiymətləndirilə bilər. Bu bəyanat onu göstərir ki, Ermənistan rəhbərliyi geosiyasi reallıqları nəzərə alaraq emosional və populist addımlardan daha çox, mövcud imkanlar çərçivəsində hərəkət etməyə üstünlük verir.
Paşinyan hökuməti son illərdə Avropa Birliyi ilə münasibətləri inkişaf etdirməyə çalışsa da, Ermənistanın iqtisadi və enerji sisteminin mühüm hissəsinin hələ də Rusiya ilə sıx bağlı olduğunu yaxşı anlayır. Bu səbəbdən də Ermənistan rəhbərliyi Avropa istiqamətində inteqrasiya mesajları versə də, Moskva ilə münasibətlərin tamamilə pozulmasının ölkə üçün ciddi siyasi və iqtisadi nəticələr doğura biləcəyini nəzərə alır".
Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert qeyd edib ki, məhz buna görə Paşinyanın son açıqlaması Ermənistanın xarici siyasət kursunda kəskin dönüşdən deyil, balanslaşdırılmış siyasət axtarışlarından xəbər verir. İrəvan bir tərəfdən Avropa Birliyi və ABŞ ilə əməkdaşlığı genişləndirməyə çalışır, digər tərəfdən isə Avrasiya İqtisadi İttifaqı çərçivəsində fəaliyyətini davam etdirməklə Rusiyanın narahatlıqlarını minimuma endirmək niyyətini nümayiş etdirir. Bu mövqe həm də Ermənistanda keçiriləcək parlament seçkiləri fonunda qiymətləndirilməlidir. Seçki öncəsi dövrdə Paşinyan hökuməti radikal geosiyasi qərarlardan yayınmağa çalışır. Çünki Ermənistan cəmiyyətində həm Qərbə inteqrasiyanı dəstəkləyən, həm də Rusiya ilə strateji əlaqələrin qorunmasını vacib hesab edən kifayət qədər geniş təbəqələr mövcuddur. Referendum məsələsinin gündəmə gətirilməsi isə daxili siyasi qütbləşməni daha da dərinləşdirə bilərdi. Ermənistanın həm Rusiya, həm də Qərblə balans siyasəti yürütmək cəhdləri regiondakı siyasi və iqtisadi münasibətlərə də birbaşa təsir göstərir. Əgər İrəvan bu balansı qoruya bilsə, müəyyən mənada müxtəlif iqtisadi layihələrdən və beynəlxalq maliyyə resurslarından faydalanmaq imkanlarını genişləndirə bilər. Lakin balans siyasətinin uzun müddət davam etdirilməsi heç də asan deyil. Çünki Rusiya ilə Qərb arasında geosiyasi qarşıdurmanın dərinləşdiyi bir dövrdə hər iki tərəf tərəfdaşlarından daha aydın mövqe nümayiş etdirməyi tələb edir.
"Bu baxımdan Ermənistanın qarşıdakı dövrdə ən böyük çağırışı müxtəlif güc mərkəzləri arasında manevr imkanlarını qorumaq olacaq. Paşinyanın referendumla bağlı ehtiyatlı mövqeyi də məhz bu reallıqdan qaynaqlanır. O, həm Qərbə yaxınlaşma siyasətini davam etdirmək, həm də Rusiyanın sərt reaksiyasına səbəb ola biləcək addımlardan yayınmaq istəyir. Düşünürəm ki, Paşinyanın açıqlaması Ermənistanın Avropa istiqamətindən imtina etməsi deyil, daha çox geosiyasi imkanlarla reallıqlar arasında tarazlıq yaratmaq cəhdi kimi qiymətləndirilməlidir. Bununla yanaşı, regionda baş verən proseslər göstərir ki, Cənubi Qafqaz ölkələri üçün xarici siyasətdə balansın qorunması getdikcə daha mürəkkəb və həssas məsələyə çevrilir", - deyə B.Quliyev əlavə edib.
Səidə Ramazanova