Məhkəmə hakim Xumar Mərdanova ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi
2 Noyabr 2023 16:03 Hadisə"Son zamanlar hakimlərimiz haqqında bəzi xəbər saytlarında jurnalistika prinsiplərinə tamamilə zidd olaraq obyektivlikdən və etikadan uzaq, qeyri-dəqiq və məlumat mənbəyi şübhə doğuran yazıların getməsi məyusluq və həqiqi təəssüf hissləri doğurur. Bu qəbildən olan xəbərlərdən biri də hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışan Xumar Mərdanova barəsində olan "Apellyasiya Məhkəməsinin xanım hakimi vətəndaşın evini mənimsəyir" və "Hakim vətəndaşın evini əlindən alır" başlıqlı materiallardır".
Olaylar.az xəbər verir ki, bu fikirlər Bakı Apellyasiya Məhkəməsinin yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, heç bir araşdırma aparılmadan, qərəzli mövqe sərgiləyərək hakim tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi, eləcə də dövlətin adından çıxarılan məhkəmə qərarlarını kölgə salan fikirlər səsləndirilib.
"Şikayətçi Kərimov Saləddin Arif oğlunun mülkiyyət hüququnun pozulması ilə müşayiət olunan məhkəmə aktının qəbul edilməsi ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar yayımlanıb.
Yayımlanan xəbərlərdə isə hakimin xidməti vəzifələrinin icrası ilə əlaqədar deyil, məhz şəxsi miras məsələləri ilə bağlı məhkəmə mübahisəsinin mövcudluğundan bəhs edilir. Bununla bağlı bildirmək istərdik ki, adı çəkilən xanım təkcə hakim deyil, eyni zamanda Azərbaycan Respublikasının sıravi vətəndaşıdır və onun da hər kəs kimi Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilən məhkəmə müdafiəsi hüququndan istifadə etmək hüququ vardır.
Xüsusilə qeyd etmək istəyirik ki, sözügedən mülki iş Bakı Apellyasiya Məhkəməsinin baxışının predmeti olmayıb.
Bundan əlavə, tamamlanmamış məhkəmə mübahisələri, eləcə də qanuni qüvvəsini almamış yekun məhkəmə aktlarının sosial şəbəkələr üzərindən ictimai müzakirələrə çıxarılması, həmçinin KİV-nin bununla bağlı verdikləri qeyri-obyektiv müsahibələr xoşagələn hal hesab edilmir. Belə ki, yekun məhkəmə aktı dövlətin adından çıxarıdığından, həmçinin mövcud qanunvericilik həmin aktın mübahisələndirilməsi hüququnu təsbit etdiyindən, hesab edirik ki, yuxarıda qeyd edilən məsələlər üzrə ictimai müzakirələrin daha loyal və peşəkar yanaşma nümayiş etdirilərək aparılması daha məqsədəmüvafiqdir.
Qeyd edək ki, Ölkə qanunvericiliyində media etikasının hüquqi çərçivəsini müəyyənləşdirən kifayət qədər dəqiq və anlaşılan qanunvericilik aktları mövcuddur. Sözügedən qanunvericilik aktlarında təsbit edilən mətbuat və söz azadlığı kimi müddəalar KİV nümayəndələrinə əlavə hüquq və səlahiyyətlər verdiyi kimi, onun üzərinə həm də əlavə məsuliyyət qoyur. Bundan başqa, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən hər hansı bir şəxs tərəfindən, hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, təsir, hədə və müdaxilə edilməsi, habelə məhkəməyə hörmətsizlik göstərilməsi, yaxud aşkar etinasızlıq göstərildiyini bildirən hərəkətlər edilməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə səbəb olur.
Odur ki, biz, Bakı Apellyasiya Məhkəməsi olaraq media nümayəndələrinə münasibətdə komunikasiyaya hər zaman açıq olan məhkəmə kimi paylaşılan hər bir xəbərə daha peşəkar və həssas yanaşaraq həqiqiliyini, mənbəyini və əldə edilmə vasitəsini araşdırmadan qəzəli xəbər yayımlamaqdan çəkinməyi tələb və tövsiyə edirik", - deyə məhkəmənin məlumatında qeyd olunub.