Xaçmazda çökmüş körpünün yerində yenisi tikiləcək - RƏSMİ AÇIQLAMA

Xaçmaz rayonunda təbii fəlakət nəticəsində çökmüş körpünün yerində yeni avtomobil körpüsünün inşası qərara alınıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq günorta saatlarında əraziyə xüsusi texnikalar cəlb ediləcək:

"Qısa müddət ərzində yeni körpünün inşasının həyata keçirilməsi nəzərdə tutulub. Sürücülər müvəqqəti olaraq alternativ yol kimi Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən keçən yoldan istifadə edə bilərlər".

Qeyd edək ki, intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qudyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş avtomobil körpüsündə çökməyə səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31