İranın paytaxtı İsfahan ola bilər
Fars şovinistləri Tehranın türklərin nəzarətinə keçə biləcəyindən narahatdır
26 Dekabr 2013 12:10 Güneyİran dövləti paytaxtını dəyişmək istəyir. Bu məsələ bir neçə dəfə gündəliyə çıxsa da, nədənsə təxirə salınıb. Verilən xəbərlərə görə, paytaxtın dəyişdirilməsi üçün yaradılmış tədqiqat institutu yeni paytaxtla bağlı qərarı iki il ərzində veriləcək. Bir sıra fars xəbər qaynaqları Güney Azərbaycanın başkəndi Təbrizin paytaxt ola biləcəyini bildirirlər. Təbrizdən İran parlamentinə deputat seçilmiş Mirhadı Qaraseyid də bu cür açıqlama ilə çıxış edib.
O bildirib ki, İran parlamenti paxtaxtın dəyişdirilməsi ilə bağlı xüsusi tədqiqat institutunun yaradılması üçün qanun qəbul edib: "Bu müəssisədə 3 şöbə olacaq: ali şura, sədr və şura heyəti. Şura üzvləri arasında İranın daxili işlər naziri, ali dini liderinin 2 təmsilçisi, 2 deputat, yol və şəhərsalma naziri, baş prokurur, Milli Təhlükəsizlik Şurasının nümayəndəsi də olacaq. Bu qurum 2 il ərzində tədqiqatı yekunlaşdırıb, yeni paytaxtın hansı şəhər olacağını müəyyən edəcək".
M.Qaraseyid əlavə edib ki, tarixi, mədəniyyəti, iqtisadiyyatı baxımından paytaxt ola biləcək birinci şəhər Təbrizdir: "Paytaxtın dəyişdirilməsi ilə bağlı əvvəllər də söhbətlər olub. Lakin bu dəfə yeni təsis ediləcək müəssisə bu addımı həyata keçirməyə çalışacaq".
Təbrizdən seçilmiş güneyli türkün bu arzusu başa düşüləndir. "İranın paytaxtı Təbriz olsun" yalnız Güney Azərbaycan türklərinin arzusu ola bilər. İranı idarə edən panfarsistlər isə bu cür düşünmürlər. Təbriz türk ruhunun daşıyıcısıdır. Güney Azərbaycanın mərkəzi, bütün Azərbaycan türkləri üçün əziz şəhərdir. İran şovinistləri Təbrizi mərkəz seçməzlər. Lakin bir halda bu mümkündür. Osmanlı türklərinin tarixində belə bir ənənə var. Yeni alınan şəhər paytaxt elan olunurdu. Bursa, Ədirnə, İstanbul bu şəkildə paytaxt olmuşdu. Fars şovinistləri Təbrizi paytaxt etməklə iri meqapolisə çevirmək, farslaşdırmaq fikrinə düşə bilərlər. Lakin bir nüans var ki, paytaxt yerdəyişməsi yüksəlməkdə olan dövlətlər üçün xarakterikdir. Osmanlı imperiyası 7 əsr ayaqda qalmış dövlət idi və paytaxt dəyişməsi onun güclü olan çağlarına təsadüf edir. İran isə zəifləməkdə və çökməkdə olan dövlətdir. İran xalqlarında milli şüurun oyanması yüksəliş dövrünü yaşayır. Azərbaycan türkləri, kürdlər, bəluclar, ərəblər İran dövlətindən ayrılmaq istəyirlər. Pəhləvi hakimiyyətindən sonra Güney Azərbaycanda başlanmış milli qurtuluş hərəkatının ciddi nəticələri və təcrübəsi var. Bir dəfə Güney Azərbaycanda milli hökumət də yaradılıb. İslam inqilabında da azərbaycanlılar aktiv idilər və Xomeyni hökumətindən ciddi gözləntiləri vardı. Lakin bu gözləntilər hec bir fayda vermədi. Ötən əsrin 90-cı illərindən Güneydə başlanmış milli hərəkat ciddi irəliləyişlər əldə edib. Bunu panfarsistlər də yaxşı anlayır. Onlar yaxşı bilir ki, Təbrizi paytaxt etmək İran dövlətinin türklərə verilməsinə yol aça bilər. Paytaxtı dəyişməkdə İran şovinistləri yalnız bir məqsəd güdə bilər. Panfarsistlər bilir ki, yaxın gələcəkdə İranın paytaxtı Tehranda etnik münaqişə alovlansa, türklər farsları şəhərdən sıxışdıracaq. Son vaxtlar paytaxtda türklərin sayı xeyli artıb. Bu da şovinist dairələrdə narahatlıq yaradır.Tehran türklərin əlinə keçsə, farslar yalnız Farsitanla kifayətlənməli olacaq, ölkə ərazisinin böyük bir qismi türklərin nəzarətində qalacaq. Parçalanmış imperiyaların tarixi təcrübəsi göstərir ki, paytaxt hansı etnosda qalırsa, dağılmış dövlətin varisi də o olur. SSRİ-nin paytaxtı Moskva idi, varisi də Rusiya oldu. Yuqoslaviyanın mərkəzi Belqrad olduğundan dövlətin varisi kimi də Serbiya tanındı.
Hüseyn Meşkinli