17 yaşlı Zəhranın ölümünə səbəb olan qəzanın görüntüləri yayıldı
14:32 HadisəÖtən gün hüquqşünas Fərhad Mehdiyevin qızının həyatını itirdiyi qəzanın görüntüləri paylaşılıb.
Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, 16 iyun saat 17:00 radələrində Pərviz Əhmədovun idarə etdiyi "Mercedes" markalı avtomobil Bakı-Quba yolunda nasazlıq səbəbindən məcburi dayanıb.
Bildirilib ki, məcburi dayanma zamanı baş verə biləcək qəzanın qarşısının vaxtında alınması üçün zəruri təhlükəsizlik tədbirləri görmək, ən qısa müddətdə avtomobili yolun hərəkət hissəsindən kənarlaşdırmaq əvəzinə, P.Əhmədov digər sürücüləri sadəcə əl işarələri ilə xəbərdar etməklə kifayətlənib, bununla da vəzifəsini yerinə yetirdiyini güman edib.
Nəticədə nasaz nəqliyyat vasitəsinin dayandığı zolaqda hərəkətdə olan motosiklet sürücüsü 17 yaşlı Zəhra Mehdizadə mövcud şəraiti vaxtında qiymətləndirə bilməyib və gəldiyi sürətlə də avtomobilə çırpılıb.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri nasaz nəqliyyat vasitələri ilə yola çıxmamağa, məcburi dayanma zamanı qanunvericilikdə nəzərdə tutulmuş vəzifələri düzgün və vaxtında icra etməyə, bununla yanaşı sürücülük hüququ olmayan şəxsləri sükan arxasına əyləşməkdən çəkinməyə, özlərinin və başqalarının həyat və sağlamlığına laqeyd yanaşmamağa çağırıb.