“Urmu gölü can verir”

Əkrəm Rəhimli: “Gölün xilası ilə bağlı dünya alimlərinə müraciət etməliyik”

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) Bakının "Ambassador" otelində "Urmu gölü - Azərbaycanın yaralı yeri" adlı konfrans  keçirib. Tədbirdə əvvəlcə Urmu gölünün ağır ekoloji vəziyyətini əks etdirən sənədli film nümayiş olunub. Tədbiri giriş sözü ilə açan GAMAC-ın sədri, professor Qulamrza Səbri Təbrizi Urmu gölündə ekoloji fəlakətin getdikcə ağırlaşdığını və İrandakı rejimin əvvəlkitək bu məsələyə biganə yanaşdığını bildirib. Milli Elmlər Akademiyasının müxbir üzvü, Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov Urmu gölünün yalnız Azərbaycan və İran üçün deyil, biomüxtəliflik baxımından bəşəriyyət üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Gölün hövzəsinin 51 faizinin Qərbi Azərbaycan, 39 faizinin isə Şərqi Azərbaycan əyalətini əhatə etdiyini deyən Ramiz Məmmədov suyun səviyyəsinin getdikcə aşağı düşdüyünü bildirib: "Urmu gölünün quruması və duzlaqların əmələ gəlməsi prosesi 1998-ci  ildən bu yana bir az daha sürətlənib. Əgər keçmiş illərdə göldə 17 ada var idisə, quruma nəticəsində bu say artıq 3 dəfə artıb. Gölün quruması və suyun duzlaşması köçəri quşların da məhvinə gətirib çıxarır". Tədbirə qatılan Skype-la ABŞ-ın (Amerika Birləşmiş Ştatları)  İllinoys Universitetinin professoru Məhəmməd Babadost da elmi araşdırmalarına və rəqəmlərə istinad edərək, Urmu gölü ətrafındakı ekoloji fəlakətin böyük miqyas aldığını söyləyib. Mütəxəssis gölün fauna və florasının məhv olması ilə bağlı son məlumatları bölüşüb. Onun fikrincə, gölün quruması sahil ərazidə yaşayan milyonlarla insanın köç etməsi deməkdir. "Gölün ərazisində böyük duz dağları yaranıb və artıq külək duz fırtınaları yaradır. Bu isə 100 kilometrlərlə ərazinin səhralaşması deməkdir". Ekspert hesab edir ki, gölün ətrafında quyuların qazılması dərhal dayandırılmalıdır. "Urmiyaya axan 13 təbii çayın və bulaqların axarları bərpa edilməlidir". Urmu gölünü Azərbaycanın şah əsəri adlandıran tarixçi alim Əkrəm Rəhimli çıxışında problemin siyasi amillərinə toxundu: "Urmu gölü ətrafındakı durum İranın daxili işi deyil. Biz haray çəkməliyik! Çünki, İran rejimi problemin həlli ilə məşğul olmur. Güney Azərbaycanın nadir neməti can verir. Bu möcüzəli gölü biz xilas etməliyik". Urmu gölünün xilası üçün dünya alimlərinə müraciət edilməsi vacibliyini deyən Əkrəm Rəhimli İran prezidenti Həsən Ruhaninin seçkidən öncə verdiyi vədə rəğmən, gölün xilası ilə bağlı fəaliyyət göstərmədiyini dilə gətirdi. Əkrəm Rəhimli çıxışını "Urmu gölünün xilası Güney və Quzey Azərbaycanın, Türkiyənin xilası deməkdir" sözləriylə bitirib.  Nəsib Nəsibli məsələyə diqqətin artırılmasının vacibliyinə toxunub: "Təəssüf ki, Quzey Azərbaycanda problemin dərinliyinə hələ kifayət qədər varılmayıb. Problemlər bizi əzir, biz hələ bunun fərqində deyilik. İzahat işinin genişləndirilməsinə ehtiyac var. Azərbaycan mediası Urmu gölünün ekoloji vəziyyətinə, bunun ətraf aləmə, bölgəyə vurduğu zərərə diqqəti artırmalıdır". Konfransda aşağıdakı təkliflər səslənib:

-        Urmu gölü ilə bağlı beynəlxalq konfrans keçirilsin;

-        Problemlə bağlı Azərbaycanla İran arasında danışıqlara başlanılsın;

-        Gölün xilası ilə bağlı təkliflər paketi hazırlansın, məsələnin maliyyə tərəfi öyrənilsin.

Tədbirin sonunda Urmu gölü ilə bağlı müraciətin hazırlanmasına qərar verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31