Azərbaycanı necə bütövləşdirəcəyik?
17 Dekabr 2013 13:58 GüneyBu mövzuya qayıtmağımın səbəbi sosial şəbəkədə Güney Azərbaycan və diaspora mövzusunda yazan dəyərli həmkarlarımdan birinin verdiyi sual oldu: "Güney Azərbaycanla bağlılı təşkilatların fəaliyyətlərində yaranmış sükutun səbəbi nədir". Doğrudan da, necə oldu ki, 90-cı illərin sonları, 2000-ci illərin əvvəllərində Azərbaycan mətbuatının baş mövzusu olan Güney Azərbaycan türklərinin milli kimlik davası, qurtuluş savaşı birdən-birə unuduldu, Güney Azərbaycanla bağlı təşkilatların fəaliyyətlərində durğunluq yarandı?
Çox uzunçuluq etmədən gördüyüm iki səbəbi yazıram: İran hakimiyyətinin təzyiqləri və özümüzün diqqətsizliyimiz.
Birincidən başlayaq. 90-cı illərdə, 2000-ci illərin əvvəllərində Bakıda güneyli siyasi fəallar çox idi. Güneylə bağlı təşkilatların nüvəsini də onlar təşkil edirdilər. Böyük Rəsuloğlunun rəhbərliyi ilə Dünya Azərbaycanlılarının Hüquqlarını Müdafiə Komitəsi, Aslan Xalidinin başçılığı ilə Cənubi Azərbaycan Parlamenti, Hüseyn Türkellinin rəhbərlik etdiyi GAMOH-un Bakı bürosu və digər təşkilatlar vardı. BAB-da güneylilər fəallıq göstərirdilər. Qısa zaman kəsiyində İranın ciddi təzyiqləri ilə Bakıda yaşayan güneyli fəallar Güney cəbhəsinin əsas səngəri hesab olunan Bakını tərk etdilər. Onları buradan qaçıran təzyiqlər, hədələr, bəzən fiziki işgəncələr, maddi sıxıntılar olmuşdu. Hüseyn Türkellinin qardaşı Məhəmmədi İran adamları ölümcül döymüşdülər. Hüseynin özünə təzyiqlər vardı. Ağrı Qaradağlı maddi sıxıntı çəkirdi. Fəal güneylilərin əksəriyyəti ölkəni tərk etdi. Qalanlar isə kölgəyə çəkiliblər. Bəziləri müğənni kimi toylara gedirlər, bizneslə məşğul olurlar.
Elçibəyin ölümündən sonra onun yaratdığı BAB və digər milli məfkurə daşıyan təşkilatlar dağıldı. Hazırda Güneylə məşğul olan yeganə təşkilat Bütöv Azərbaycan Ocaqlarıdır ki, onun da fəaliyyəti qabarıq nəzərə çarpmır. Şənbə günü qurumun toplantısında iştirak etdim. 90-cı illərin formatı olduğu kimi qalıb. Yenə eyni adamlar, eyni mövzu. Bu təşkilat özü də üzvlərinin fədakarlığı ilə ayaqda qalıb. Hanı bu ölkənin iş adamları? Dinəndə hamı "Təbriz sevdalısı" olur...Kürdlərin dövləti yoxdu, amma İraqda aparıcı etnosa çevrildilər. Sabah İran parçalanarsa, orada da öndə olacaqlar. Bu, bizi düşündürməlidir. Azərbaycan dövləti güneyli kadrlar hazırlamalıdır. Güneylilərin Bakıda təhsil almasına şərait yaratmalıdır. Güneylilər Bakıda işlə, mənzillə təmin olunmalıdır ki, sıxıntı çəkib Avropaya getmək düşüncəsində olmasınlar. Bakıya gələn güneylilər arasında söz yox ki, Avropanın cənnət ölkələrində yaşamaq xəyalı ilə Quzeyə üz tutanlar da yox deyil. Amma gələnlərin böyük əksəriyyəti rejimin təzyiqindən qaçaq düşmüş adamlardı. Onlara biz sahib çıxmasaq, heç kim yiyə durmayacaq. Avropaya, Amerikaya gedəndən sonra isə bu adamların çoxu gündəlik qayğıları ilə məşğul olur, Güneylə məşğul olmurlar. Sosial şəbəkələrdə Güney Azərbaycan şəhərlərinin, mənzərəli yerlərinin şəklini paylaşmaqla işlərini bitmiş hesab edirlər. Milli dava belə olmur, arxadaşlar! Bu davanı sistemli, düşünülmüş, məqsədli aparmaq lazımdı. Güneylə bağlı 90-cı illərin BAB-ı formatında tədbirlər yetinmək olmaz. İran qulağımızın dibində, evimizin içində xomeyniçiliyi yayır, insanlarımızda "Böyük, qüdrətli İran" inamı, sevgisi yaradır, biz tarixi ədalətsizliyə düçar ola-ola, haqlı ola-ola Güneyə təsir edə, Güney faktorunu molla rejiminə təzyiq rıçaqına çevirə bilmirik. Azərbaycanı beləmi, Güneyə, güney azərbaycanlılarının qurtuluş davasına laqeyd qalmaqlamı bütövləşdirəcəyik?
Elman Cəfərli