İran aksiyaları-xarici amil, yoxsa rejimdən cana doyan xalq etirazı
14 Oktyabr 2022 10:06 Güneyİran iyirmi günə yaxındır ki, çətin günlərini yaşayır. 79-cu ilin İslam inqilabından sonra ən geniş yayılan və bütün ölkə ərazisinu bürüyən aksiyaları rejim yatırmaqda çətinlik çəkir. Mahisa Əmininin baş örtüsünə etiraz etməsi səbəbindən əxlaq polisi tərəfindən saxlanılması və sonradan qətlə yetirilməsi ilə başlayan etiraz aksiyaları əvvəl mərhumun doğulduğu Sakkız adasında başlasa da, çox keçmədən aksiyalar digər şəhər və vilayətlərə də yayılmağa başladı və nəticə etibarilə bütün ölkə ərazisini cənginə aldı. Hazırda İranın hər bir şəhəri, vilayəti, hətta küçəsini əhatə edən aksiyaları rejim ciddi cəhdlə xarici amillər, xüsusilə Birləşmiş Ştatlar və İsrail faktoru ilə əlaqələndirməyə çalışsa da, reallıq ondan ibarətdir ki, etirazlar sırf daxili atmosferdən, daha dəqiq desək rejimin insanları həddən artıq təqib etməsi, təzyiq göstərməsi, ən adi hüquqlardan belə sadə vətəndaşların məhrum edilməsindən qaynaqlanır. Xalqi İllərdir ki, içində yığılıb qalan nifrət, kin, qəzəb hissini büruzə vermək üçün əlverişli fürsət əldə edib. Ona görə də İranda bu dəfə keçirilən aksiyalar çoxmilyonludur. Əslində molla rejimi hadisələrin bu vəziyyətə gəlib çatmaması, insanların hakimiyyətə, idarəçiliyə qarşı kəskin mövqe ortaya qoymamasını zamanında önləyə bilərdi. Təbii ki, inzibati yollarla deyil, islahatlarla. Çünki insanlara qarşı rejimin yerli-yersiz cəza metodları, digər tərəfdən isə sosial sıxıntılar İranda ciddi sosial partlayışın baş vermə mümkünlüyünü hər ötən gün daha da yaxınlaşdırırdı. Rejim isə nəinki cəza tədbirlərini yumşaldır, əksinə müxtəlif vaxtlarda bəzi sosial tələblərlə keçirilən aksiyalar, orada səsləndirilən şüarlara məhəl qoymurdu.
İran Araşdırmalar Mərkəzinin eksperti Turqay Şafak deyir ki, İranda bu cür sosial aksiyalar bir neçə ildən bir təkrarlanır. O bildirib ki, 2009-cu il prezident seçkilərindən sonra səslərin hesablanmasında pozuntuların olması iddiası ilə başlayan etirazlar sonra müxtəlif şüarlarla yayılmağa başladı: "Ümumiyyətlə, İranda küçə nümayişlərinin səbəbləri, tələbləri və subyektləri; tez-tez bir-birindən fərqlənir. Məsələn, 2017-ci il noyabrın 15-də İranın mühüm dini mərkəzlərindən biri olan Məşhəd şəhərində keçirilən etiraz aksiyalarında əsas iqtisadi tələblər olub. Etirazların diqqət çəkən hissəsi indiyə qədər gördüyümüz siyasi məlumatlı fəallar və ya tələbələr deyil, ardıcıl artımlara qarşı üsyan edən aztəminatlı insanlar idi. 15 noyabr 2019-cu il tarixində benzinin bahalaşmasından sonra başlayan hadisələrin subyektləri daha çox iqtisadi tənəzzülə reaksiya verən və daimi qiymət artımlarından şikayətçi olan işsizlər və böyük şəhərlərin ətraflarında yaşayan vətəndaşlar olub. İqtisadi səbəblərlə başlayan etirazlar daha sonra İnqilab Keşikçiləri ilə sistem əleyhinə etirazlara çevrildi".
Turqay Şafak qeyd edib ki. ümummilli etirazlara səbəb olan digər hadisə isə 8 yanvar 2020-ci ildə Tehran Beynəlxalq İmam Xomeyni hava limanından Ukraynanın paytaxtı Kiyev üzərindən Kanadaya getmək üçün havaya qalxan sərnişin təyyarəsinin İnqilab Keşikçiləri tərəfindən vurulması olub. 176 nəfərin öldüyü həmin qəzanın əvvəlcə raketlə vurulmadığı, texniki səbəbdən baş verdiyi iddia olunsa da, üç gün sonra təyyarənin səhvən vurulduğu etiraf olundu. Bu hadisədən sonra ilk etirazlar universitetlərdə başlayıb və cəmiyyətin bütün təbəqələrinə yayılıb".
Natiq İranda kommunal xidmətlərə görə də davamlı aksiyaların keçirildiyini söyləyib: "Daim su və elektrik kəsilməsi kimi xroniki problemlərlə üzləşən Xuzistan əyalətində məlum səbəblərdən müxtəlif vaxtlarda etiraz nümayişləri keçirilib. Zəif inkişaf və gecəqondular baxımından İranın ikinci əyaləti olan Xuzistan son illərdə etirazların ən intensiv olduğu yerlərdən biri olub. 2021-ci ilin mayında Tehranda geniş miqyaslı elektrik kəsintiləri də etirazlara səbəb olub və Fars, Mazandaran, Elborz, Qum, Xuzistan, Gilan, Gülüstan, Sistan və Bəlucistan əyalətlərinin bir çox yerlərində "elektrik etirazları" keçirilib. Elektrik enerjisinin kəsilməsi xüsusilə xəstəxanaların və bankların işinə mənfi təsir göstərib".
Ekspert onu da qeyd edib ki, artıq İranda gənclər etirazların, nümayişlərin önündə olur və bu da nəsil dəyişiklliyindən xəbər verir: "Əgər əvvəllər etirazların önündə orta yaşlı insanlar olurdusa, indi aksiyaçılar 20 yaş arası olan gənclərdir: "İranda son həftələrdə baş verən etiraz hadisələrində ən diqqət çəkən vəziyyət küçələrə çıxanların iyirmi yaşlarında olan gənclərin, yəni Z nəslinin olmasıdır. Saxlanılanların orta yaşının 14-18 arasında olması aksiyalarda iştirak edənlərin əksəriyyətinin Z nəsli gəncləri olduğuna sübutdur. Bu günə qədər baş verən oxşar hadisələrdə mövzu ya müəyyən siyasi düşərgəyə mənsub qruplar, ya da iqtisadi səbəblərdən küçələrə çıxan və şəhər kənarında yaşayan aztəminatlı iranlılar idi. Etirazlardan sui-istifadə edərək vəziyyətdən yararlanmağa çalışan bəzi təşkilatlarla yanaşı, lideri olmayan gənclər Emininin ölümündən sonra əvvəlcə küçələrə axışdılar. Xüsusilə 2000-ci ildən sonra dünyaya gələn, internet və ünsiyyət əsrində böyüyənlər, dünyada baş verənləri yaxından izləyənlər bu gün universitet və liseylərdə təhsil alan tələbələrin son hadisələrdə ön sıralarda olması görünür. Təsadüfi deyil ki, etirazları təhlil edən xarici KİV-lər də İranda "səksəninci illər" kimi təyin olunan Z nəslinə, 2000-ci ildən sonra doğulan gənclərə daha çox diqqət çəkib. Bütün dünyada olduğu kimi, İranda da Z nəsli texnoloji inkişaflar, internet və rabitə əsrində doğulub. İranda hər nəslin fərqli tələbləri olub. Bu gün siyasətlə maraqlanmadığı düşünülən və istədikləri həyat tərzini seçə bilməyən Z nəsli, onlara tətbiq edilən həyat tərzinə müqavimət göstərməyi seçib. Eyni sözləri qadınlar haqqında da demək olar. Qadın geyiminə qoyulan məhdudiyyətlərə qarşı ictimai qınaq yaranıb. İranda son etirazlardan əvvəl vətəndaş itaətsizliyi kimi şərh edilə bilən bəzi davranışlar etirazlardan əvvəl də diqqəti cəlb edirdi. Məsələn, 2016-cı ilin iyun ayında məktəblərin sosial media və kütləvi informasiya vasitələri vasitəsilə əlaqə saxlandığı gün Tehranın məşhur ticarət mərkəzlərindən birində 2000 orta məktəb şagirdinin toplanması böyük müzakirələrə səbəb olub. Yenə Tehranın böyük parklarında yay aylarında gənclərin böyük qruplar halında bir araya gələrək, bir-birini su tapançası ilə isladaraq oyunlar oynaması gündəm olub. Tanınmış estrada müğənnisi Murtaza Paşanın dəfn mərasimində də analoji müzakirə olub və xüsusilə gənclərin iştirakı kifayət qədər rejimdə qorxu yaratmışdı".
Ekspert bildirib ki, İranda Z nəslindən əvvəlki nəsillər öz dünyaları üçün uğurlu sayıla biləcək işlər görmüşdülər: "70-lərin nəsli inqilab edərək öz dövrünə görə uğur qazandı. 80-ci illərin nəsil İraq müharibəsi səbəbindən cəbhəyə qatıldı, 90-cı illərin nəsil isə islahatçı hərəkatlar irəli sürdü. Ancaq 2000-ci il nəslinin şəxsi tarixində onların uğur sayıla biləcək bir hərəkəti və ya hekayəsi yox idi. Bu gənclər həyatlarını məhrumiyyətlər içində yaşayırlar, heç bir maddi problemi olmasa da, həyatdan gözləntilərini təkcə maddi zəminlə izah etmək mümkün deyil. Əvvəlki nəsillər idealist idilər, amma bu nəslin nə idealı var, nə də ideologiyası. Bu nəsil üçün fərdilik və fərdiləşmə çox vacibdir. Məcburi örtünməyə qarşı küçələrə çıxan orta məktəb şagirdlərinin heç bir siyasi tələbləri yoxdur və onlar istədikləri kimi yaşamaq istəyirlər. Lakin azadlıqları və tələbləri yerinə yetirilmədiyi üçün küçələrə çıxmağa üstünlük verir".
İranda baş verən etirazlara xarici dairələrin mövqeyinə gəlincə, istər Tehranın yaxın, istərsə də uzaq qonşuları da əslində mövcud rejimin devrilməsində maraqlıdır. Çünki İslam inqilabından sonra İranda hakimiyyətə gələn molla rejimi bir qayda olaraq yaxın və uzaq ölkələrə terrorizm ixrac etmək, dünya üçün təhdid, təhlükə yaratmaqdadır. Ona görə də cənub qonşumuzda baş verən etirazların müsbət sonluqla başa çatmasını sadə İran vətəndaşları ilə yanaşı, dünya dövlətlərinin əksəriyyəti də istəyir.
Füzuli