“Amerikada Güney Azərbaycan Milli Hərəkatını yaxından izləyirlər”
Hüseyn Türkelli: “Millət öz iradəsini ortaya qoysa, bütün qüvvələr bununla barışmaq zorunda qalacaqlar”
25 Dekabr 2012 16:15 GüneyGüney Azərbaycan Milli Hərəkatının liderlərindən biri, Güney Azərbaycan Türklərinin Müdafiə Mərkəzinin sədri, Toronto Vəkillər kollegiyasının üzvü, hazırda Kanadada yaşayan Hüseyn Türkelli Bakıdadır. Onunla Milli Hərəkatın hazırkı durumu və qarşıda duran vəzifələr barədə söhbət etdik.
-Hüseyn bəy, Bakıya bu dəftəri gəlişinizdə məqsəd nədir, Azərbaycanda olarkən kimlərlə görüşmüsünüz?
- İnsanın uzun müddətdə yaşaması mümkünsüz bir şeydir, mənim məlum səbəblərdən Təbrizə getməyim mümkün deyil, ona görə də Vətən həsrəti hiss edən kimi bura gəlirəm. Azərbaycan mənim müqəddəs ziyarətgahımdır. Bakıda olarkən dostlarla, qohumlarla görüşmüşəm.
-7 ildir ki, Güneydəki proseslərdən kənardasınız...
- Deməzdim ki, proseslərdən tamamilə kənar qalmışam, düzdür hər hansı bir siyasi təşkilatda fəaliyyətim olmayıb, amma Güneydəki prosesləri kənardan izləmək, beynəlxaq təşkilatlara müraciət etmək kimi işlərdə aktiv olmuşam. Hal-hazırda da hər hansı siyasi partiyanı təmsil eləmirəm, neçə ildir ki, hüuquq sahəsində çalışıram. "Güney Azərbaycan Türklərinin Müdafiə Mərkəzi"ni yaratmışıq və bu təşkilat Güney azərbaycanlılarına öz müqəddaratını həll etmək istiqamətində fəaliyyət göstərir. Bu yöndə mən də beynəlxaq təşkilatlarla bu barədə fikir mübadiləsi aparmaq, onlara müraciətlər göndərmək, həmçinin millətin hüquqlarının qorunması istiqamətində işlərlə məşğulam.
-Güney Azərbaycanda Milli Hərəkat hansı vəziyyətdədir? Yəqin ki, Güneyin fars rejimindən azad olunması istiqamətində müəyyən addımların atılmasını gözləməyə dəyər...
- Güney Azərbaycanda Milli Oyanış Hərəkatı 1991-ci ildə başlayıb, indi isə bu hərəkat başqa mərhələyə keçib. Bu proseslər də Güney Azərbaycan türklərinin sürətlə milli dəyərlərə qayıdışında katalizator rolunu oynayır. Bu gün Güneydə sorğu keçirsəniz orada yaşayan azərbaycanlıların çox böyük əksəriyyətinin öz bağımsızlığının tərəfində olduğunun şahidi olacaqsınız. Bu gün xüsusən də Tehranda keçirilən futbol yarışlarında Azərbaycan türkləri öz məqsədlərini açıq şəkildə ortaya qoyurlar. Təsəvvür edin 100 minlərlə azərbaycanlı Tehranın mərkəzində qalxıb: "Bakı-Təbriz-Ankara, fars hara, türklər hara!" deyir. Bütün bu amillər təbii ki, Güney Azərbaycanda Milli Oyanış Hərəkatının səviyyəsini göstərir. Özəlliklə də bir neçə il bundan qabaq İran mətbuatında Azərbaycan türklərinin təhqir olunması Milli Oyanışa daha ciddi təkan verdi. Güney Azərbaycanda 15-20 il bundan qabağa nəzərən insanların böyük çoxluğu öz müstəqilliklərinin tərəfdarıdır. Güneylilərin çox kiçik hissəsi Güney Azərbaycanın azad olmasına etinasızdırlar.
-Molla rejiminin devrilməsindən sonra İranın yenidən qurulmasında Güney Azərbaycana hansı yer veriləcək, bu aşamada Güney nə etməlidir?
- Molla rejiminin devrilməsi-istər bu inqilab yolu ilə olsun, istərsə də xarici təsirlərin təzyiqlərilə baş versin-bu mərhələdə rol oynayan əsas faktor Güney Azərbaycanın təşkilatlanması olacaq. Güney Azərbaycan türkləri ortaya ciddi bir təşkilat qoyarlarsa, öz müstəqilliklərini əldə edib və bunu çox gözəl şəkildə qoruya, Quzey Azərbaycan birləşmək barədə düzgün qərar qəbul edə bilərlər. Nə inqilab, nə də ki, xarici təsir faktoru olmasa molla rejiminin devrilməsi inandırıcı görünmür. İranda fars rejimi nəinki azərbaycanlılara, hətta digər milli azlıqlara heç bir hüquq tanımır.
-Hüseyn bəy, gələcək planlarınızda Güney Azərbaycanla bağlı təşkilat yaratmaq yer alıbmı?
- Yox, hər hansı bir qurum yaratmaq fikrim yoxdur, bu barədə düşünməmişəm. Çalışırıq ki, öz işlərimizi hüquq sahəsində inkişaf etdirək. Bayaq da qeyd etdiyim kimi biz daha çox "Güney Azərbaycan Türklərinin Müdafiəsi Mərkəzi"ndə güneylilərin öz müqəddaratını həll etmə istiqamətində böyük işlər görürük. İndiki mərhələdə Güney Azərbaycanla bağlı ciddi, beynəlxalq hüquqi baza yaradılmalıdır. Beynəlxalq təşkilatları bura cəlb eləmək və beynəlxalq ictimaiyyəti buna inandırmaq lazımdır. İrandakı mövcud rejim devrilərsə və Güney Azərbaycan türklərinin öz müqəddaratını həll etmək üçün münbit şərait yaranarsa yaradılmış hüquqi baza bu məsələdə həlledici faktor olacaq. Bundan sonra da beynəlxalq ictimaiyyət təbii şəkildə Güney Azərbaycanın bağımsızlığını tanıyacaq.
-Ərdəbilin imam cüməsi Həsən Amuli mətbuata açıqlamasında bildirmişdi ki, rejim İranda Azərbaycan türkcəsinin inkişaf etdirilməsinə imkan yaratmalıdır... Amuli nə dərəcədə səmimidir?
- Ümumiyyətlə İran hakimiyyətində olan adamların Güney Azərbaycan hüquqları ilə bağlı açıqlamalarına qeyri-ciddi yanaşıram. Bu cür bəyanatlar azərbaycanlıların farslaşdırılmasına atacağı təxribat addımıdır. Nə indi, nə də ki, yaxın zamanlarda fars rejiminin İranda Azərbaycan türkcəsinin inkişaf etdirilməsi, həmçinin Azərbaycan məktəblərinin açılması istiqamətində addım atılması inandırıcı görünmür. İranda hakimiyyət sistemi fars şovinizminin üzərində qoyulub. Fars şovinizmi də hesab edir ki, qeyri-fars dilinin məktəblərdə təbliğ olunması, rəsmi dillərdən birinə çevrilməsi, inkişaf etdirilməsi İranın sonu olacaq. Onlar Azərbaycan türkcəsində bir məktəbin belə açılmasına separatizm nümunəsi kimi baxırlar. Əlbəttə ki, İranda Azərbaycan türkcəsi inkişaf etdirilməlidir, dəyər verilməlidir. İndiki məqamda isə molla rejiminin bu cür addımlara gedəcəyi inandırıcı deyil. Bu cür bəyanatlar Azərbaycanın fars rejimin yanına çəkilməsinə hesablanıb. Məsələ bir neçə dəfə parlamentdə gündəmə gətirilib, amma İran parlamentində olan ən islahatçı, millət vəkilləri belə buna qarşı çıxıblar. Hansı ki, İran parlamenti "islahatçı" deputatların əlində idi və parlamentdə "Azərbaycan Nümayəndələr Fraksiyası" vardı. Həmin Fraksiya Konstitusiyanın 15-ci maddəyə əsasən məsələ qaldırılmışdı. Amma problem yenə də həll olunmadı və millət vəkillərinin çox böyük hissəsi məsələyə qarşı çıxdı. Rejim bilir ki, Güney Azərbyacan öz tərəfini müəyyənləşdirib, Azərbyacan türkləri öz mövqeyini istənilən üsullarla ortaya qoyub və rejimə qarşı çıxaraq öz müstəqilliklərini istəyirlər. Bütün bu proseslər də rejimi narahat edir və bu metodlarla Güney Azərbaycan fədailərini parçalamaq istəyir, müəyyən qüvvələri öz tərəflərinə çəkmək niyyəti güdürlər.
-Fars rejimi azərbaycanlılardan nə istəyir, məqsədi nədir, fars aqressiyasının arxasında nə dayanır?
- İran dövlətinin qurulma tarixinə nəzər salsaq görərik ki, Qacarların son nümayəndəsinin hakimiyyətinə qədər İranın hakimiyyəti başında Azərbaycan türkləri olublar, sonra Pəhləvilərdən başlayaraq fars şovinizmi hakimiyyəti ələ keçirib. Və 1936-cı ilə qədər İranda dövlət dili Azərbaycan türkcəsi olub. Yalnız İran BMT tərəfindən rəsmən tanınandan sonra İranda Azərbaycan məktəbləri bağlandı, Azərbaycan türkcəsi qadağan olundu. O gündən başlayaraq istər fars rejimi, istərsə də 1979-cu ildə qurulmuş Xamneyi rejimi Azərbaycan türklərinin məhvini istəyir, bu gündə bu ideyaları həyata keçirmək üçün istənilən yola gedirlər. Artıq son illərdə uşaq bağçalarında məcburi fars dilində danışmaq tətbiq olunub. Fars rejiminin Azərbaycan türklərinin məhv olmasını istəməsinin səbəbi azərbaycanlıların azadlığa meyilli olmalarıdır. Azərbaycan türkləri İran daxilində tarix boyu özlərini qorumağa çalışıblar, rejimə qarşı çıxıblar, istərsə Məşrutə hərəkatı dövründə, istər Xiyabani, istər, Pişəvəri dövründə, istərsə də bu gün olsun həmin istəklər hələ də keçərlidir. Molla rejimi yaxşı başa düşür ki, Azərbaycan türklərinə ən kiçik belə hüquq verilsə, bunun sonu müstəqilliklə, İranın parçalanması ilə nəticələnəcək. Bu çərçivədə də fars rejimi azərbaycanlıları İranın təhlükəsizliyi üçün ən böyük təhlükə kimi görür. Quzey Azərbaycan mütəqil olduqdan sonra farslar bu təhlükəni daha qabarıq şəkildə hiss etməyə başlayıblar.
-İran ətrafında yaranmış mövcud situasiya Güney Azərbaycanın istiqlal qazanmasına imkan verirmi?
- Təəssüf ki, Qərb dövlətlərinin heç biri Güney Azərbaycanın müstəqil olmasının tərəfdarı deyil. Qərb və Obama administrasiyası Güney Azərbaycan məsələsinin boykot edilməsi istiqamətli siyasət yürüdür. Azərbaycanın azad olunması beynəlxalaq ictimaiyyət və təşkilatlardan asılı deyil. Millət öz iradəsini ortaya qoysa, bütün qüvvələr bununla barışmaq məcburiyyətində qalacaqlar. Amerikalı konqremen Dana Roxarbaxerin qətnaməsi də boş yerə qəbul edilməyib. Onla Güney Azərbaycandakı prosesləri, Güneydəki insanların nəyin uğrunda mübarizə apardıqlarını izləyirlər. Həmin qüvvələr də hesab edirlər ki, Güney Azərbaycan türklərinin müqəddaratını həll etmək üçün referendumun keçirilməsi zəruridir. Güneydə başlayan müasir Milli Azadlıq Hərəkatı heç vaxt xarici qüvvələ tərəfindən dəstəklənməyib, hətta bir çox ölkələr Güneydəki Milli Oyanış Hərəkatını tormozlamağa çalışırlar. Çox maraqlıdır ki, Qərb dövlətlərinin əksəriyyətinin fikirləri rəsmi Tehranın ideyaları ilə üst-üstə düşür. Amma millət öz ideyalarını açıq şəkildə ortaya qoyursa istər xarici dövlətlər, istərsə də beynəlxalq təşkilatlar millətin bu qərarlarına hörmətlə yanaşır. Bu rakursdan baxanda Güney Azərbaycanın bağımsızlığı daha realdır.
Mənsur Rəğbətoğlu