Rəsmi Tehran Urmiya gölü problemi ilə Azərbaycanı və azərbaycanlıları şantaj etməsini dayandırmalıdır
20 Noyabr 2012 12:57 GüneySiyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu "Olaylar"a bildirib ki, iran rəsmilərinin son dövrlərdə operativliyi normaldır; kaş əvvəldən belə olardı. Belə olsaydı, İranın Azərbaycana qarşı xəyanətinin ən böyük abidələrindən olan Mehri SES bəlkə də tikilməzdi. Şuşanın işğalı da belə abidələr sırasındadır. Ümidvarıq ki, Şuşanı qaytaracağıq, amma Mehri SES tikilirsə, ömrü çox uzun olacaqdır. İran rəsmilərinin Azərbaycanla münasibətlərdə operativliklərinin pozitiv istiqamətdə olması çox vacibdir. İran elə fikirləşməsin ki, siyasi kələfin ucunu tapa bilməmişik: tapmışıq və kələfdən özümüzə lazım olan yumağı düzəldəcəyik.
"Meğri SES-Urmiya gölü" məsələsində ən azı iki aspekt vardır:
- birincisi Araz çayı suyunun tikiləcək SES-ə sərf olunması ilə bağlıdır. Bu məsrəf beş il olmasa da, 3-4 il ərzində çayın su resurslarını tükədəcəkdir. Əlbəttə, ola bilər ki, 2-3 km uzunluğunda, divarları 2-3 metr qalınlıqda betonla örtülmüş bənd tikilməsin. Erməni və İran mətbuatı bu barədə aydın bir şey deməyib, hətta stansiyaya geniş yer ayıran profil saytlar da bu məsələnin üzərindən keçiblər. Fərz edək ki, 18 km uzunluğunda, dərinliyi 30-40 metr, eni 50-60 metr olan su tuneli və ya kanal tikilir. Başqa variant mümkün deyil, çünki bu coğrafiyada Araz çayının şəlaləvari axını yoxdur. Ona görə də turbinləri işlətmək üçün olan təzyiq süni yolla yaradılmalıdır. Ən azı, Araz çayının suyu yuxarıda sadaladığımız parametrli tuneli doldurub sonradan çayın mənsəbinə qayıdacaq. Yeri gəlmişkən, bu məsələdə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin yaydığı məlumat yetərincə köməyimizə çatdı. Hər halda bu boyda su tunelini doldurmaq üçün xeyli vaxt lazım olacaqdır. Bu, yalnız Araz çayı mənsəbinin 18 km uzanması demək deyil. İranın Qaraçilər məntəqəsindəki SES-in 17 kilometrlik tuneli barədə informasiya da nəzərimizdədir. Digər tərəfdən, dəqiq məlumatımız var ki, Mehri SES turbinləri Araz çayı üzərində tikilməyəcəkdir;
- "Mehri SES-Urmiya gölü" problemi tandemində ikinci vacib məsələ maliyyə ilə bağlıdır. İranın bu gün valyutaya çox ciddi ehtiyacı olduğu halda valyutası yoxdur.
Biz İranın ehtiyac duyduğu məsələlərdən ikisini əvvəlki şərhlərimizdə vurğulamışıq: birincisi, İran hökuməti meqapolisə çevrilən Tehranda problemlərin həllinə, o cümlədən metronun tikintisinə pul ayırmayıb. Belə olan halda Mehri SES-ə pul ayırmaq böyük qəbahətdir, çünki Tehranda həmin pul ilə metro tikintisi və başqa işlərlə müsəlman əhalinin gün-güzəranını yaxşılaşdırmaq olar. Bəlkə də M.Əhmədinecad komandası Tehrana pul ayırmamaqdan ötəri pulu Mehri SES-in tikintisinə yönəldir. Bununla da prezidentliyə namizədliyi ehtimal olunan Tehran şəhərinin meri Qalibafı indidən çətin vəziyyətə salırlar;
Mehri SES-ə valyuta vəsaitinin ayrılmasında digər geosiyasi və korporativ maraqlar da ola bilər. Bunlar barəsində də danışmışıq və yaxınlarda Livanda vacib bir hadisə baş verdikdən sonra daha təfsilatlı məlumat verəcəyik. M.Əhmədinecadın tərəfdarları mif düzəltmək üçün çox şeyə əl ata bilərlər. Mehri SES-ə ayrılan maliyyə vəsaitinin Urmiya probleminin aradan qaldırılmasına yönəldilməməsinin izahı da İran rəsmiləri tərəfindən verilməyib. Rəsmilərin yarımçıq izahları onların saxtalığını daha asan üzə çıxarmağa imkan verir.
Urmiya gölünün problemi ağır olsa da,geridönməz deyil. Vəsait olsa Urmiya problemini həll etmək olar.Bədbəxtlik orasındadır ki,pulun sərəncamvericisi ermənidir və o pulu üz maraqlarına xərcləyir.İran,Azərbaycan olmasından olmayaraq müsəlmanın əzab-əziyyəti erməninin sevincinə səbəb olur.
Mehri SES tikintisindən xeyli əvvəl İran Araz çayının suyunun artıq məsrəfi ilə bağlı Azərbaycanı şantaja çəkdi. Ərdəbildə imamcümə Seyid Amilinin rəhbərliyi ilə Azərbaycan Respublikası ilə sərhəddə piket keçirildi. Təxminən 15 gün bundan öncə Şərqi Azərbaycan Ostanlığının (Urmiya) qubernatoru V.Cəlalzadə Azərbaycan Respublikasını Araz çayının suyunu israf etməkdə ittiham etdi. Görünür, İranın Azərbaycan regionlarının bu iki yüksək çinli rəsmisi İranın Ermənistana yardımı üçün yol açmaqla məşğul imiş. İranın Azərbaycan Respublikasından Urmiya gölü üçün Araz çayının suyunu istəməsi həmin şantajın davam etdirməsi deməkdir.
Hər halda Məhərrəmlik günlərində imam bu savab əməllərini ovsanatlarına salacaqlar. Başqa sözlə, ola bilər ki, Urmiya faciəsini yaratmaqla rəsmi Tehran həm də bu işin günahını Azərbaycan Respublikasının üzərinə qoymaq şantajı barədə düşünürmüş, çünki sonradan o bu şantajla məşğul oldu.
Rəsmi Tehran özünün yaratdığı Urmiya gölü problemini siyasiləşdirməməli və Azərbaycana qarşı şantaj kimi istifadə etməməlidir. Dini və rəsmi Tehran, Azərbaycan Respublikasına, azərbaycanlılara qarşı səmimi olan kimi biz hiss edəcəyik. Ona görə də tövsiyyə edərdik ki, özlərini aldatmasınlar, biz onların yalanlarını ayırd edə bilirik. İndi nə yalan deyirlərsə, özləri üçündür.