MÜSTƏQİLLİK DÖVRÜ AZƏRBAYCAN ƏDƏBİYYATI KONTEKSTİNDƏ ELÇİN DRAMATURGIYASI

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

filologiya elmləri doktoru, dosent

I yazı

Müstəqillik dövründə Azərbaycan ədəbiyyatında dramaturgiya da uğurla inkişaf etmişdir. Bu inkişafda rol oynayan sənətkarlar əvvəlki ənənələrin davam və inkişaf etdirilməsinə də vəsilə olmuşlar. Xüsusilə Azərbaycan milli dramaturgiyasının nəhəng ustadları olan Cəlil Məmmədquluzadə və Hüseyn Cavidin yaradıcılıq ənənələri bu dövrdə davam etdirilmişdir. Daha çox nasir kimi tanınmasına baxmayaraq 60-cılar nəslinin görkəmli nümayəndələrindən biri olan Elçinin müstəqillik dövründə yazdığı çoxsaylı dram əsərləri yeni dövrün dramaturgiyasının inkişafına güc qatmışdır. Akademik İsa Həbibbəylinin yazdığı kimi Elçin "Yeni dövr Azərbaycan ədəbiyyatında və ictimai fikrin inkişafında Elçinin özünəməxsus sanballı yeri, rolu, mövqeyi vardır". Ümumiyyətlə, yeni dövr və onun problemləri Elçin yaradıcılığında əhatəli və qabarıq şəkildə təsvir və təqdim olunmuşdur.

Elçinin çoxsaylı dram əsərləri arasında trilogiya səciyyəsi daşıyan "Ah, Paris, Paris", "Mənim sevimli dəlim", "Diaqnoz D" ("Mənim ərim dəlidir") əsərləri xüsusilə əhəmiyyəli mövqeyə malikdirlər. Bu əsərlər yeni dövrdə - 90-cı illərin ictimai-siyasi, iqtisadi və mənəvi böhran dövründə ictimai şüur, stereotip və mənəviyyatda yaşanan problemləri işıqlandırmaqla bərabər Cəlil Məmmədquluzadənin absurd teatr ənənələrini də inkişaf etdirmiş, həmçinin bu ənənələrə zənginlik qataraq onun kamala çatmasında mühüm rol oynamışdır. Böyük Azərbaycan dramaturqu Cəlil Məmmədquluzadənin realist dramaturgiya ənənələrinə, xüsusilə tənqidi realist yaradıcılıq üslubu və tələblərinə, absurd teatr sahəsindəki nailiyyətlərinə söykənərək müstəqillik dövründə Azərbaycan dramaturgiyasının inkişaf tempinə uğur qatır, bu ənənələri inkişaf etdirməklə bərabər kamala çatdırır və zənginləşdirir. Bəs "absurd teatr" nədir, necə səciyyələndirilir? Məşhur "Kroqosvet" Ensiklopediyasında bu barədə yazılır: "Absurd teatr insanın fiziki və sosial mühitdən ümumi özgəninkiləşdirilməsi konsepsiyasına əsaslanan müasir dram növüdür. Bu cür pyeslər ilk dəfə 1950-ci illərin əvvəllərində Fransada, sonra isə Qərbi Avropa və ABŞ-da yayılmışdı". Tanınmış tədqiqatçı Qorxmaz Quliyev də absurd teatr məsələsinə "Dəlidən doğru xəbər" əsərində aydınlıq gətirərək yazırdı ki: "Ənənəvi teatrda personajlar arasında mövcud olan ziddiyyət, bir-birinin dünyagörüş mövqeyini absurdluqda günahlandırmaq son nəticə etibarı ilə elə bədii əsərin özünün çərçivələri daxilində ya tərəflərin kompromisə gəlməsi, bu və ya digər məsələ ilə bağlı razılaşma əldə etməsi yolu ilə ləğv olunur, ya da tərəflərdən birinin mövqeyi məntiqi, məqsədəuyğun mövqe kimi təsdiqolunma əsasında aradan qaldırılır. Absurd teatrda isə absurdluq total və qlobal gerçəklik kimi, bəşər mövcudluğunun yeganə adekvat təzahürü olaraq tamaşaçıya təqdim olunur. Personajlar arasında mövcud olan və onların dəyişmələrində təzahür edən ziddiyət isə fundamental metafiziki absurdluğu aradan qaldırmağa yox, onun daha da dərinləşməsinə və əsərin finalında son həddə yetişməsinə xidmət edir. Absurd teatrda tamaşaçının özu dialoqa cəlb olunur, ona sanki səhnə təcəssümünü tapmış absurdluğu əvvəlcə öz daxilində, sonra isə xarici aləmdə ləğv etmək təklif olunur, Bu baxımdan absurd teatr sənət tarixində misli görünməmiş açıq estetik sistemdir. Beləliklə, absurdluq təqdim etdiyimiz dramaturji konsepsiyanın həm fəlsəfi mahiyyətinin, həm də poetikasının əsasını təşkil edir. Məhz buna görə də araşdırılan teatrla bağlı biz "absurd teatr" deyiminə üstünlük veririk". Eyni zamanda "absurd teatr insanın vəziyyətinin anlamsızlığı ilə bu vəziyyətə məntiqi yanaşmanın yersizliyini ifadə edir" (Bünyamin Aydemir).

Elçinin haqqında bəhs olunan əsərlərinin hər biri aktual mövzu-problem xüsusiyyətlərindən başqa maraqlı xarakterlərlə də yaddaqalandır. Bu cəhətdən bu əsərlərin hər biri 90-cı illərin ilk dövrlərində yaşanan ictimai və mənəvi-psixoloji  böhranı, tərəddüd və təbəddültları əks etdirmək baxımından  xüsusi ədəbi çəkiyə malikdirlər. Bu əsərlər arasında triologiyanın birinci həlqəsinə daxil olan "Ah, Paris, Paris" əsəri çox böyük maraq doğurur. Klassik dramaturgiyamızın böyük ədəbi nəhəngi olan Cəlil Məmmədquluzadənin 1920-ci illərin ziddiyyətli dönəminin məhsulu olan "Dəli yığıncağı", "Ər" əsərlərinin ruhunu, ənənələrini özündə uğurla yaşadan və inkişaf etdirən Elçin bu əsərlərində məhz yeni dövrün məsələlərini əks etdirmişdir. Xatırladaq ki, 1988-ci ildən başlanan xalq hərəkatı SSRİ-nin süqutuna zəmin hazırlamış, ictimai təfəkkürdə müstəqillik, suverenlik ideyaları kök salmış, habelə Azərbaycan ərazilərinin bir hissəsi işğal altına alınmış, 1990-cı ildə 20 Yanvar faciəsi baş vermişdi. Milliləşmə və müstəqilləşmə hərəkatının nəticəsi olaraq 1990-cı ilin noyabr ayının 17-də Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin rəhbərliyi altında muxtar respublikanın rəsmi olaraq SSRİ-nin tərkibindən çıxdığı və dövlət müstəqilliyi elan edilmiş, 1992-ci ildə Azərbaycanın dövlət müstəqilliyi qazanılmışdı. Bu dönəmdə ictimai şüurda özünü əks etdirən bir sıra təzadlı mühüm problemlər məhz Elçinin dramaturgiya yaradıcılığında böyük uğurla əks etdirilmişdir. Bu dövrdə daha çox poeziya yaranır və inkişaf edir, irihəcmli əsərləin yaranışı isə vaxt və zaman istəyirdi. Elçinin nailiyyətlərindən biri də bu idi ki, məhz belə bir zamanda hələ ədəbiyyatımızda ictimai mühit və proseslərə təhlilçi mövqeyin nümayiş etdirilə bilmədiyi bir zamanda o məhz dram sənəti kimi ictimai şüura fəal təsir edən, təhlilçilik və ictimai dərk tələb edən bir sahədə məhz bu dövrün problemlərini əhatə edə bilmişdi. Elçinin adıgedən trilogiyasına daxil olan əsərlərinin hər birində məhz bu məsələlər ehtiva olunmuş, özünə ideya-bədii mövqe qazanmışdı. Seyfəddin Eyvazov "Xalq yazıçısı Elçinin dramaturgiyası" əsərində yazdığı kimi, "Sovet cəmiyyətində perestroyka - yenidənqurma elan olunanda, bir sıra böhranlarla yanaşı, mənəvi böhranlar və deqradasiyalar başlayanda, ictimai-sosial həyatda baş verənləri - həmin mənəvi aşınmaları dramaturq komediya və faciə müstəvisində bizə şərh edir. ...Cəmiyyətdə xaotik ictimai-siyasi burulğan başlayanda, iş təkcə canını qurtarmağa qalanda, lələlüt dəlilər burulğanın dibinə hopmur, var-dövlətdən, ad-sandan ağırlaşmış "ağıllılar" batmaq təhlükəsi ilə üzləşir və "dəliyə" çevrilirlər".

Elçin həm də bu əsərlərilə absurd tear sahəsindəki ənənəyə də zənginlik qatmağa nail ola bilmişdir. Absurd tear anlayışının səciyyəsinə uyğun olaraq Elçinin də adıgedən trilogiyasının birinci həlqəsinə daxil olan "Ah, Paris, Paris" əsərində konkret şəxsiyyətlər göstərilməsə də, mücərrəd də olsa, absurd xarakterlər vasitəsilə dövrlə bağlı ictimai-mənəvi təəssürat və panorama yaradılmışdır. Absurd teatr yaradıcılıq üsuluna uyğun davranan Elçin ənənəvi süjet əlaqələrini aşaraq bir-birilə bağlantısı olmadan, hadisələrin məntiqsiz reallığını ortaya qoyur. Əslində bu üsul özü də ictimai-tarixi şəraiti, onun anlaşılmazlığı və hadisələrin ağılalmazlığını təqdim etmək üçün əhəmiyyətlidir. Əsər haqqında sənətşünaslıq doktoru, professsor Məryəm Əlizadə yazır: "Elçinin "Ah, Paris, Paris!" komediyası klassik komediya janrında yazılan müasir səhnə əsəridir: komediyanın ali məqsədi, ifşa pafosu, başlıca problemi, konflikt-münaqişəsi və s. məhz dolğun, canlı, çoxqatlı komik xarakterlər sistemliyində həll olunur. Xarakterlərin sistemliliyini müəllif süni olaraq qurmayıb: hər dövrün sistemliliyini həyat özü yaradır". Ümumiyyətə, Elçin yaradıcılığı maraqlı xarakterlərlə zəngindir. Onu bu cəhətdən maraqlı xarakterlər ustası kimi də səciyyələndirmək olar. Həm maraqlı, aktual mövzu, həm də maraq doğuran xarakterlər onun yaradıcılığı və sənətkarlığı üçün səciyyəvidir. Artıq bir az əvvəl də qeyd etdiyimiz kimi, 1990-cı illərin ədəbi boşluğunda Elçinin dram əsərləri fırtınalı okeanda gəzən ağır gəmilərə bənzəyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31