“Balaca qara balıq” okeanda

Eluca Atalının məşhur kitabı haqqında qeydlər

Salam olsun, çox dəyərli oxucum! Söhbətimizi qaldığımız yerdən davam edirik.

Bu bölümdə "tabut" sadəcə ölüm rəmzi deyil, həm də sistemin insan ruhuna biçdiyi məkan, mənəvi qəfəsdir. Zindan, əslində, insanın bədənini dustaq edə bilər, amma ruhun azadlığını əlindən ala bilməz. Eluca Atalı bu ideyanı bədii-publisistik dillə ustalıqla ifadə edir. İnsan, tabutun içində belə, yaşamağın mənasını axtarır: "... - Lap tezliklə! Xilaskar can üstə olanlarını intizarda saxlamaz, yetirər özünü ondan can istəyənlərə! - molla özünəməxsus tərzdə beyinləri iynələyən bir səs tonu ilə xilaskarın göylə gələcəyini beyinlərə batırmışdı." Səhifə  446-dan başlayan "Ədalətli bölgü" yarımbaşlıqılı (sərlövhəli) parçadan (səh. 447) təqdim etdiyim bu məqamda müəllifin bütün əsər boyu qaldırıb, daim vurğuladığı bir neçə sualın cavabı var;

-birinci "yuxarıdakılar bacarmırdılar", "aşağıdakılar istəmirdilər" məsələsi: yəni idarə edənlərin hakimiyyətdə yaratdığı boşluq idarə edilənlərdə bir gözlənti yaratmışdı,

-ikinci deməli, inqilab bütünlüklə xaricdən idxal olunmamışdı, daxildə də tam yetişməsə də buna təlabat var idi. Ən azından əhalinin mühüm hissəsi (təbəqəsi) bir gözlənti içərisində idi,

-üçüncü bütün doğuşlar ağrılı olur və həmişə xoşbəxt sonluqla yekunlaşmır...

Bu bölümün (kitabın), ümumilikdə romanın da sonu hesab olunan səh. 556-da lap başdan:

"... Edam olunanları bir qayda olaraq kişi pastarlar yük maşınının  arxasına tullayırdılar. Başı-ayağı yük yerinin dəmir divarlarına dəyib, tappıltı salan meyitlərin bu işdə günahsızlığı nəzərə alınsa, onların qarasınca deyinmək haqsızlıq idi...."

Və ya bir az əvvəldə (səh. 554):

"... Az keçmədi, öndə olan məhbuslardan bir cərgə sıralayıb, təpənin başına çıxartdılar. Sonra ikinci bir dəstəni nizama düzdülər, sonra üçüncü ..."

Səhifə 542-dən:

"Rəis davam etdi:

-A kişi, elə bil başqa planetdən gəlmisən, sən bu ölkədəki qanunlardan xəbərsizsənmi?..."

Yuxarıda təqdim etdiyim kiçik parçalardan da görünür ki, "Qanlı orkestr" bölümündən fərqli olaraq, "Həyatı tabutda axtaranlar" bölümündə hadisələr daha sürətlə inkişaf edir. Müəllif əsərin əvvəlində - "İnqilabanı travması" bölümündə başladığı bütün məsələləri böyük ustalıq və zərgər dəqiqliyilə bu bölümdə bir-birinin ardıca sürətlə yekunlaşdırır. Bu bölümdə də bir daha hər kəsin öz həqiqəti olduğunun şahidi oluruq. Məsələn, Fatmanın "Sakta balığı" adlandırdığı molla da Fatmanı kafir - rejimin düşməni kimi görür (səh. 544):

"... Məgər sevinmirsən ki, bu gözəl məmləkətimizdən kafirin biri azaldı?"

Eluca Atalı burada hərəsinin öz həqiqətləri olan iki tərəfi qarşı-qarşıya qoyur. Fatmanın gözlədiyi "Sakta balığı"nı yeyəcək qeyri-müəyyən, məchul akula gəlib çıxmasa da, yırtıcı "Sakta"nın öz məqsədindən vaz keçmədiyini və sonda min bir hiylə ilə axır ki, arzusuna çatdığının şahidi oluruq (səh. 543 sözün bitdiyi yer):

"-Kişi, al! - əlindəki mehriyyə haqqını bir az da qabağa, Allahkərimə sarı uzatdı. - Əlimi uzanılı qoyma!...."

Sonra (səh. 543 aşağıda,  kulminasiya):

"... -Payla, payla! ..."

Bu məqamı artıq əvvəldə də bir neçə dəfə vurğulamışam. Sözün əsl mənasında "noğul paylama" mərasimi dəhşətdir (səh. 543):

"...Bunu dədə-baba adəti ilə qız nişanlayanda, toy xonçasına qoyar və gəlin ata evindən çıxarılıb, ər evinə köçürülən zaman həyət qapısından yola salınarkən   başından tökərdilər..."

Yazıçı sona yaxınlaşdıqca sanki ürəyindəkilərin hamısını bir-bir hayqıraraq deyir. Ümumilikdə belə nəticə çıxır ki, "halva-halva deməklə ağız şirin olmur". Hər iki cəbhənin öz həqiqətləri, öz istəkləri olduğu kimi, məqsədlərinə çatmaq üçün öz yolları, fəndləri var. Və sonda Allahkərimin "suyusüzülmüş" halda, "əli ətəyindən uzun" zindanı tərk etməsi səhnəsinin təsvirində Eluca Atalı bu dörd bölümdən ibarət böyük həcmli bir ktabda demək istədiyinin hamısını yenidən bir neçə cümlə ilə ən  təsirli şəkildə (bundan o tərəfini təsəvvür edə bilmirəm) bir daha oxucusuna çatdırır (547 - 548):

"... Kişi (Allahkərim - Fatmanın atası) əlindəki torbayla durduğu yerdən tərpənib, qapıya üz tutanda rəis yarıistehza, yarıqəzəblə dodaqlarını büzüb:

-Torba qoy qalsın! - dedi.

Zindan rəisinin otağına girəndə, başından çıxarıb və şirni paylayarkən qoltuğunun altına dürtmələdiyi papağını unudub, qızının gözaydınlığı şirnisini qaytarıb. Rəisin masasının üstünə qoyarkən, onun qoltuğunun altından necə sürüşüb düşdüyünün fərqinə varmadı. Allahkərimi arxasınca izləyən pastar isə qabağa, qapıya doğru düz getdiyindən bu an tapdayıb, üstündən keçdiyinin papaq olduğunu çox güman ki, hiss etmədi. Bir gecədə beli əyilmiş qız atası özündən sonra zindanda xatirə kimi iki nişanə qoyub getdi..."

Eluca Atalının bu əsərdə yaratdığı müsbət və mənfi qəhrəmanlar (qəhrəmanlar və antiqəhrəmanlar) idarə edənlər və idarə olunanlar (yuxarıdakılar və aşağıdakılar) hər ikisi eyni coğrafiyanın insanları, eyni xalqın övladlarıdır. Bəzən vəzifə icabı müxtəlif dillərdə danışsalar da əslində dilləri də eynidir. Fərqli yalnız məqsədləri və əməlləridir. Hər kəs özünü haqlı sayır və öz yolunda hədəfinə çatmaq uğrunda mübarizə aparır. Hələlik güclü tərəf idarəedənlər olduğuna görə hər şey onların istədikləri kimi cərəyan edir. Ancaq bütün əsər boyu bu gedişatın müvəqqəti olduğu aydın duyulur.

Müəllifin qəhrəmanları - ideallarına, milli kimliklərinə, vicdanlarına sadiq insanlar - zülmün içində belə həyat eşqini itirmirlər. Onlar üçün "həyatı tabutda axtarmaq" - məhz insanlığın son sınağı, son imtahandır. Eluca Atalı burada sanki soruşur: "İnsan ölmədiyi halda, onu tabuta salan kimdir? Rejim, qorxu, yoxsa susqunluğumuz?" Bu ritorik suallar oxucunu da zindan divarlarının içinə salır, vicdanla üz-üzə qoyur.

Bu bölümdə müəllif publisistik alovla tarixi bir reallığı bədii ümumiləşdirməyə çevirir. Hər bir cümlədə həm inqilab sonrası İranın dini-siyasi zülmü, həm də bütövlükdə insan azadlığının dəyəri əks olunur. "Həyatı tabutda axtaranlar" - öz  Vətənindən, öz inancından, öz kimliyindən qoparılmış insanların fəryadıdır. Amma bu fəryad ümidsizlik deyil, çağırışdır. Zülm qarşısında dirənişin, ruhun ölməzliyinin çağırışıdır.

Nə qədər çətin olsa da, bütün itirdiklərinə rəğmən Allahkərim sözün bütün mənalarında toparlanıb zindandan çıxmağı bacarır.

Eluca  Atalının dili burada həm publisistik, həm poetik, həm də fəlsəfidir. O, oxucunu zindandakı qəhrəmanla birgə nəfəs almağa, onun gözləri ilə ölümə baxmağa vadar edir. Lakin bu baxışda qorxu yox, əksinə, dirəniş var. "Tabut" burada məğlubiyyət deyil, oyanış yeridir. "Tabut"lar burada beşiyə çevrilir. Hər tabutda cansız bir bədənlə yanaşı sarsılmaz,   DİPDİRİ RUH  var. Çünki həyatın mənası yalnız rahatlıqda deyil, mübarizədədir. Həm də məntiqi olaraq, hər sonluq özlüyündə bir başlanğıcdır.

Son nəticədə "Həyatı tabutda axtaranlar" bölümü - xüsusilə də yuxarıda təqdimetdiyim hissələr  Eluca Atalının bu əsərdə demək istədiklərinin çoxunu bütün çılpaqlığı ilə açıq- aydın oxuculara çatdırır, əsərin ümumilikdə mahiyyətini ifadə edir - həyatın özünə çevrilmiş mübarizə, insanın özlüyünü - ruhunu  qorumaq uğrunda savaşı (mübarizəsi). Bu bölümü oxuyan hər bir insan anlayır ki, azadlıq təkcə divarların arxasında deyil, insanın öz içində başlayır.

Xüsusi qeydlər

Eluca Atalının  (Hüseynova Mədinə İxtiyar qızı - 1966)  bu əsəri cəsarətli addım kimi qiymətləndirilməlidir. Kitabın cildi (mən əlimdə olan nümunəyə əsasən fikir yürüdürəm), tərtibatı, içliyi üçün istifadə olunmuş kağız - ümumilikdə çap işi yüksək səviyyədədir. Kitab əmtəə məhsulu olaraq satış üçün tam yararlı, qiyməti isə münasibdir. Bakı şəhərində və dünyanın bir çox  ölkəsində müasir dövrün texniki imkanlarından istifadə etməklə kitabı əldə etmək olar. Bundan əlavə Azərbaycanda Bakı şəhərində yerləşən Azərbaycan Milli Kitabxanası da daxil olmaqla ölkəmizin bir çox əsas kitabxanalarından götürüb oxumaq imkanı var.

Kitabda qaldırılan problem, araşdırılan mövzu, təqdim olunan real vəziyyət günümüzdə bəzi yüngülləşdirici hallar olsa da  aktual olaraq qalır. Yəni kitabı oxumaqda ən azından tarixi məlumatları bədii-publisistik  dildə əxz etmək baxımından düşünən, yurdsevər hər bir şəxs üçün fayda var.

Kitabın dili bədiilikdən daha çox publisistikaya yaxındır. Kitabın hər bölümündən təqdim etdiyim parçalar təbliğat və kitabın oxunmasına təşviq etmək məqsədilə seçilib. Bu kitabdan əlavə dəyərli oxuculara məsləhət görərdim ki,  Eluca Atalının "Qanun" nəşriyyatında  2022-ci ildə nəşr olunmuş "Kendini getir" kitabını da mütləq əldə edib oxusunlar.

Dəyərli ədəbiyyatçı dostum və çox qiymətli oxucum qeydlərimin nə qədər həqiqəti əks etdirdiyini bilmək üçün mütləq "İran hizbullah zindanında" kitabını  əldə edib oxumaq lazımdır. Kitabı yuxarıda qeyd etdiyim mənbə və ünvanlardan əldə edib, oxumaq mümkündür.

Kitabda ən xoşuma gələn hal Eluca Atalının Səməd Behrənginin "Balaca qara balıq" əsərini təkrar-təkrar yada salması, xatırlatması  və təbliğ etməsidir. Əsərin içində başqa bir əsəri yada salmaq və ya təbliğ etmək dünya ədəbiyyatı nümunələrində də var. Bir müəllif kimi mən də "Qırmızı yarpaqlı ağac" hekayəsində, "Xüsusi təyinatlı" povestində bu üsuldan istifadə etmişəm. Yerində olanda təqdirəlayiq haldır.

Bu əsər bir çağırışdır - ədalət uğrunda mübarizənin heç vaxt bitmədiyini xatırladan, insan ruhunun dirənişinə inamı yenidən alovlandıran çağırış. Quruluşlar dəyişsə də insanın fitrətindəki azadlıq eşqi əbədidir.

"İran hizbullah zindanında" bu mənada həm sənədli gerçəklik, həm də mənəvi müqavimət dastanıdır. Yazıçı oxucusuna sadəcə bir zindanı deyil, bir ideyanı - azad ruhun sarsılmazlığını göstərir (əsərin sonunda bunu lap aydın görürük).

Eluca Atalının "İran hizbullah zindanında" kitabı milli şüurun və vicdanın publisistik qələbəsidir. Bu əsər bir yazıçının cəsarəti, bir xalqın səsi və bir insanın həqiqət uğrunda mübarizəsinin simvoludur. Eluca Atalı bir daha sübut edir ki, azadlıq düşüncədən başlayır, vətən sevgisi isə zindanda belə ölmür.

Sona qədər həmsöhbət olduğunuz üçün təşəıkkür edirəm. Növbəti yazımız  Yunus Oğuzun  "Səssiz gurultunun gumbultusu" felyetonu haqqında olacaq. Hələlik.

Zaur Ustac,

"Yazarlar" jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31