Qələbənin hayqıran səsi

Onu tələbəlik illərindən tanıyıram. Üstündən illər keçib, artıq yaşa dolandan sonra bir gün sisal şəbəkədə şeirlər paylaşdığını gördüm. İnsaf naminə, o qədər gözəl yazılmış şeirlər idi ki... Şeirlərdə bir püxtəlik, kamillik özünü göstərirdi. Onun "cızma-qara" adlandırdığı şeirlərdə, həqiqətən, bir canayaxınlıq, poetik təb, istedad görünürdü. Ona inandırmağa çalışdırm ki, belə gözəl şeirləri gizlətməyə haqqı yoxdur! Həm də o şeirləri ki, onlarda bir vətən eşqi, vətən məhəbbəti coşub çağlayır, qələbə əzmi, zəfər müjdəsi, azadlıq nəşəsi çulğayıb daşır...

Haqqında bəhs etmək istədiyim Əbdüləli Mirzəyev çox gənc yaşlarından şeir yazmağa başlamışdır. Onun ilk şeiri hələ məktəbdə oxuduğu illərdə müxtəlif mətbuat orqanlarında çap olunmuşdur. İlk şeiri çap olunan qəzet "Müstəqil" qəzeti olub. Əbdüləli Mirzəyev istedadla yazıb-yaradan gənc bir şairdir. 

Vətənpərvərlik lirikasında vətənə bəslənilən sonsuz bir məhəbbət şeriyyətin gücü ilə ifadə edilmişdir. Ən müxtəlif məcazların qüdrəti ilə şairin vətən məhəbbəti, torpaq həsrəti, 44 günlük Vətən müharibəsindən sonra qazandığı qələbə sevinci, zəfər qüruru ifadə olunmuşdur. Şəhidlərimizə həsr etdiyi əsərlində dərin bir kədər yer alıb. Qələbə ruhlu şeirlərində sanki hər bir sözdən sevinc duyğuları yağıb sözlərin çiçəyi çırtladığı kimi, şəhidlərimizə həsr edilən əsərlərində sözlər dərin bir kədərlə yas tutub, qan ağlayır. Amma Vətən məhəbbəti bütün kədəri  üstələyir, Vətən yolunda fədakarlıqla milli qürur vüsala qovuşur, vətəndaşlıq qeyrətinin təntənəsinə çevrilir. Şair "Azərbaycan deyəndə", "Gözəldir", "Qutlu olsun bayramın", "O gün gələcək" kimi şeirlərində Vətən məhəbbəti, Azərbaycanın qələbə arzusu, Turan birliyi içərisində böyük və bütöv bir vətən qüruru öz əksini tapmış, yüksək poetik əhval-ruhiyyə ilə əks edilmişdir. "Azərbaycan deyəndə" şeirində şair vətənə olan məhəbbətin mənəvi qida, qanımız, canımız, ruhumuz olduğuna diqqəti çəkir:

Hamı sevinc  içində,

Hamının üzü gülür.

Hər kəsin gözlərindən 

Sevinc, fərəh süzülür -

Azərbaycan deyəndə.

Şair vətən məhəbbətinin bütün dərdlərə dərman, kədərlərə, nisgilə son olduğunu yazır:

Övladı şəhid olan

"Vətən sağ olsun" deyir.

"Uğrunda can verdiyi

Torpaq var olsun" deyir -

Azərbaycan deyəndə.

Şeir bütün ruhu ilə müəyyən mənada Azərbaycan vətəndaşlıq lirikasının görkəmli nümayəndəsi xalq şairi Məmməd Arazın "Azərbaycan" şeirindəki "Azərbaycan deyiləndə ayağa dur ki, Ana yurdun ürəyinə toxuna bilər" misrasının ruhuna uyğun gəlir. 

Vətən gözəlliklərinin bir poetik ustalıqla təsvir tapdığı "Gözəldir" şeirində sözlərin təsviri ilə gözlərimiz önündə sanki əsarəngiz bir gözəllik və zənginlik mənzərəsi açılır. Şair sanki bir rəssam kimi elin, vətənin gözəlliklərini təsvir edir: şeir oxunduqca sanki gözlərimiz önündə yamyaşıl bir paltara bürünmüş Vətən adlı gözəl cilvələnir. Vətənin yaşıl-yaşıl ormanları gözümüzə gözəllik qatdıqca, burlaqlarının zümzüməsi qulaqlarımızda musiqiyə dönür, yağan yağışın yarpaqları döyən səsi bir simfoniya kimi səslənir, yağışın ardınca qırmızı şülaraı boylanıb bir gəlin kimi nazlanan günəşin sevgisini hiss edirik:

Mən düşmüşəm vətənimin sehrinə,
Ana yurdun hər bucağı gözəldir.
Göz gördükcə ürək coşur söz deyə,
Vəsf eləyə bu xoş çağı, gözəldir.

Şair "O gün gələcək" şeirində bir az da irəli gedərək milli mənsubiyyətindən doğan qüruru, fəxri əks etdirmişdir. Şar qəzəb və qətiyyətlə xalqımızı "azəri" deyə qondarma ad qoyub çağıranlara etiraz edir, qürurla, iftixarla "Mən Azərbaycan türküyəm!" deyir. Sanki müəllif Azərbaycan xalqının milli ideologiyasının "kəlmeyi-şəhadətinə", kimlik andıına çevrilmiş Ulu Öndər Heydər Əliyevin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" müdrik fikrinin işığında özünün poetik parodiyasını əks etdirmiş, ifadə etmişdir:

Mən Azəri deyiləm,

çagırmayın Azəri!
Millətimin adı var,
Azərbaycan türküyük!
Bu adı daşımağın verdiyi həzz bir ayrı!
Bu ad kiminə qürur,
kimisinə ağır yük.
Eybi yox,
Daşımasın bu adı yük sayanlar!
Axı türklük eşqindən türk olmayan nə anlar!

Milli mənsubiyyəti və kimliyindən qürur duyan şair Əbdüləli Mirzəyev Azərbaycan bayrağının timsalında mənsub olduğu dövləti, suveren, müstəqil dövlətçiliyi ilə də qürurlanır, məğrurluq hiss edir. Ümumiyyətlə, məlumdur ki, ədəbiyyatımızda xüsusi bir mövqe təşkil edən vətəndaşlıq lirikasının ağır bir sahəsini milli bayrağa həsr edilən əsərlər təşkil edir. 1918-ci ilin 28 mayında elan edilən dövlət müstəqilliyindən başlayaraq Azərbaycan ədəbiyyatında heraldik poeziya - bayraq məzmunlu əsərlər ayrıcalıq təşkil etmişdir. Azərbaycanın istiqlal şairi Əhməd Cavaddan başlayaraq bu mövzuda olduqca qiymətli əsərlər meydana gəlmiş. Azərbaycan bayrağının tərənnm edən əsərlər insanların qəlbini coşdurmuşdur. Ə.Cavad, C.Cabbarlı, Ə.Müznib, S.Vurğun, S.Rüstəm, B.Vahabzadə, M.Araz, X.R.Ulutürk və nə qədər şairlər bayrağı tərənnüm edən şeirlərilə heraldik poeziyamızı zənginləşdirmişlər. Ə.Mirzəyev də yüksək vətəndaşlıq məsəbbəti və vətənpərvər duyğuları ilə dövlət müstəqilliyimizin nişanəsi, daşıyıcısı olan bayrağımızın timsalında dövlətimizə, vətənimizə, elimizə olan məhəbbəti ifadə etmiş və məğrurluq duyğularını əks etdirmişdir:

Rənglərin ahəngi var,

Görünüşün möhtəşəm.

Ey aylı, ulduzlu yar,

Sənsən sevincim, nəşəm -

Azərbaycan bayrağı!

Ə.Mirzəyevin əsərləri arasında başlıca yeri 44 günlük Vətən müharibəsindən qazanılan Zəfər və Qələbə sevincinin əks olunduğu şeirlər təşkil edir. 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında "Dəmir yumruq" əməliyyatı ilə işğal edilmiş torpaqlar azad edilməklə Azərbaycan xalqı Böyük Zəfər əldə etdi. Bu möhtəşəm hadisə ədəbiyyatımızın məhvərinə, dönüş nöqtəsinə çevrilərək Zəfər ədəbiyytımızı yaratdı. Qələm sahibləri sevinc, qürur dolu misralarını dilə gətirdilər və ədəbiyyatımız bir dəniz kimi coşdu. Şair Əbdüləli Mirzəyev də bir sıra şeirlərində Azərbaycanın bu şanlı qələbəsini tərənnüm ünvanına çevirdi, şəhid atası, şəhid anası, şəhid ailəsi kədərini qələbə sevinci ilə çulğalaşdırararq məğrurluq rəmzinə çevirdi. "Gözün aydın", "Qisas sabaha qalmaz", "Gözün aydın, Azərbaycan!", "Qələbə ətirli günün var olsun", "Gəlin", "Şəhid", "Afərin, qəhrəman əsgərlərimiz" kimi şeirlərində qələbə sevinci coşqulu misralarla ifadə edilmiş, şəhid olan övladlarımızın kədəri öz əksini tapmışdır. Şair "Ağı deyib Xocalını ağlama" şeirində hələ ermənilərin törətdiyi bu qanlı soyqırımı, insanlıq əleyhinə faciədə Azərbaycan övladlarını ağlamağa yox, dağlamağa - mübarizə aparmağa çağırır:

Qaytaraq geriyə biz Qarabağı,

O gün qeyd olunsun qoy zəfər günü.

Vətənin önündə diz çöksün yağı,

Orada keçirək toyu-düyünü.

O gün qeyd olunsun qoy zəfər günü!

Ümumiyyətlə, uzun illər, hətta konkret deyilsə düz otuz ilə yaxın bir müddətdə Azərbaycan torpaqlarının işğalı, qəhrəman övladlarının şəhid düşməsi, Xocalı kimi görünməmiş bir faciəyə bülənməsi səbəbindən vətəndaşlarımız yasa batdı, üzündən, gözlərindən gülüş çəkildi, qəlbindən sevinc qaçdı, könlünün başını duman tutdu,  gözlər ağladı ki ağladı. ədəbiyyatımız düz 30 il ağı dedi, qan ağladı, bağır yardı, sadəcə ümid bəslədi. Amma, çox şükür, Məlikməmməd cəsarətli, Bamsı Beyrək ürəkli, Babək hünərli, Xətai qəlbli, Koroğlu biləkli sərkərdəmiz qayıtdı - Müzəffər Ali Baş Komandan İlham Əliyevin əzmi, müdrikliyi, uzaqgörənliyi sayəsində ata vəsiyyəti - ulu öndər vəsiyyəti yerinə yetirildi və Azərbaycan Ordusu düşmənə elə bir sarsıdıcı zərbə vurdu, elə darmadağın etdi ki, düşmən dabanına tüpürüb qaçmaqdan başqa yol tapa bilmədi. 44 günlük Vətən müharibəsində hər bir igid  dillərə dastan bir qəhrəmanlıq yazdı, Qarabağ dastanının Zəngilan, Füzuli, Ağdam və digər boyları yazıldığı kimi son boyu olan zəfər boyu - Şuşa boyu yazıldı, hələ nə qədər dillərə düşəcək, haqqında danışılacaq, qürur yeri, məğrurluq gümanı olacaq. Şair Əbdüləli Mirzəyev də şəhid xəbərlərindən sarsılan qəlblərin dərdi-dilini kədərlə anlatdığı kimi, Böyük Zəfər Salnaməsini də sevinc dolu, şadlıq dolu misralarla qələmə almış, sözə tökmüşdür. Sevincin rənqi o qədər qatıdır ki, misralar coşub-daşır, duyğular dil açır:  

Gözümüz aydın, Vətən!

Qutlu olsun bayramın!

Qanımızla qayıtdı

Hər bir qarış toprağın.

Şair bu kimi sevinc dolu hisslərini "Gözün aydın, Azərbaycan!", "Qələbə ətirli günün var olsun", "Qutlu olsun bayramın", "Afərin, qəhrəman əsgərlərimiz" kimi şeirlərində dilə gətirmişdir. Şairin "Afərin, qəhrəman əsgərlərimiz" başlıqlı şeiri də Azərbaycan əsgərlərinin rəşadətinə yazılmış tərənnüm dolu gözəl lirik əsərlərdən biridir və M.Ə.Sabirin "Səttarxana" əsərinə nəzirə yazılmışdır. 

Əlbəttə, elə bir insan, elə bir sənətkar tapmaq olmaz ki, onun qəlb çırpıntılarından oğan eşq, məhəbbət duyğuları olmasın. Əbdüləli Mirzəyevin məhəbbət lirikası bu baxımdan şövqlü və oxunaqlıdır. Qəlbin bütün çırpıntı və duyğularını müəllif şeirlərində çox uğurla əks etdirməyə müvəffəq olmuşdur. Aşıq şeiri ruhuna enən şair gözəlləmə ruhunda da şeirlər yazmış, sevdiyi qızın gözəlliklərini yüksək poetik ruh və əlvanlıqla təsvir və təqdim etmişdir. "Gözlərimə", "Yaradıb", "Gözəlim", "Gözəl", "Aciz qalıb" və b. şeirlərində məhz gözəllik dolu bir qadının ilahi görünüşü öz təsvirini tapmış və təqim olunmuşdur:

Şair Əbdüləli Mirzəyevin yaradıcılığında dünyəvi-fəlsəfi şeirlər də yer almışdır. Dünya işlərindən doğan təəssürat, şəxsi kədər, həyat düşüncələri və s. onun bu şeirlərinin aparıcı ruhunu təşkil edir. "Allah", "Gedirik", "Oynayıram", "Şirin olur haram tikə", "Çıxır", "Qalar", "Gedim" və başqa şeirləri ictimai-fəlsəfi məzmunu ilə seçilir. Gənc şair bu şeirlərində dünya, həyat, yaşam və digər məsələlər haqqında duyğu və düşüncələrini ifadə edir. Dünyanın gərdişi, həyatın çətinlikləri, dəyərlərin dəyişməsi, düzlük və əyrilik, doğruluq və yalançılıq, halla və haram və başqa məsələlər poetik ifadə obyektinə çevrilmişdir. Xüsusilə, yeni dünyada, müasir həyatda insan və onun taleyi, insanın həyat yolu və mənəviyyatı kimi məsələlər onun yartadıcılığında mühüm yer tutmuşdur. Şair insan və onun taleyi haqqındakı düşüncələrini "Çıxır" adlı şeirində belə ifadə etmişdir:

Əbdüləli Mirzəyevin çox şirin, oxunaqlı, təsirli yaradıclıq dili var. Onun yaradıclığından min illərlə yol alıb gələn şipşirin Yunus Əmrə, Şah İsmayıl, Qurbani, Dədə Ələsgər kimi ustad sənətkarlarının dilinin təsiri duyulur. Bu dil bizi minillərcə varlığımızın təzahürü olan, analarımızın şirin layla çalıb, gözəl nağıllar, dastanlar danışdığı, bizlərə dünyanı tanıtdığı dildir. Ə.Mirzəyev həm də istedadlı müəllimdir, Azərbaycan dili və ədəbiyyatından övladlarımıza dərs verib. Həm də buna görə onun yaradıcılıq texnikası özünəməxsus olduğu qədər zəngin, obrazlı ifadə imkanları orijinal və bənzərsizdir. Şairin istifadə etdiyi orijinal ifadə imkanları, obrazlı deyimlər, işlətdiyi rədiflər və s. yaradıcılığının canayaxın olmasına sövq edir. Estetik gözəllilklə məna dərinliyi bir-birini tamamlamaqla  onun yaradıcılığının səciyyəsinə çevrilir. Beləliklə, öz dili, poetik dəsti-xətti, poetik dünyası, yaradıcılıq aləmi, xəyallar məcmusu ilə ədəbiyyatımıza yeni bir imza, yeni bir şair gəəlir. Onun yaradıcılığının seviləcəyi və oxunaqlı olacağına tam əminliklə inanır, ədəbi mühitimizə "xoş gəldin" deyirilk!

Ramiz QASIMOV

filologiya üzrə fəlsəfə doktoru, dosent

AMEA Naxçıvan Bölməsinin əməkdaşı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31