Yaradıcılıqda “zirvə” deyilən anlayış yoxdur

Müsahibimiz  şair, yazıçı, esseist Kənan Hacılıdır.

-Kənan bəy, uzun  illərdir ədəbi yaradıcılıqla  məşğulsunuz.  Yazıb bitirdikdən sonra "heç beləsi alınmamışdı" dediyiniz, yaradıcılığınızın zirvəsi hesab etdiyiniz əsəriniz varmı?

-Yaradıcılıqda "zirvə" deyilən anlayış yoxdur, yaradıcı insan daim axtarışlarda olan arxeoloqdur. Yazıçı hesab edirsə ki, zirvəni fəth edib, demək, o, artıq bitib, tükənib. Yaradıcılıq bitib-tükənməyən bir həzz prosesidir, hansısa əsərin son nöqtəsini qoyanda düşünürsən ki, bundan da yaxşı yaza bilərdim və növbəti əsəri yazmağa başlayırsan. Beləcə, bu cəhdlər bir ömür boyu davam edir. "Çəhrayı qan" povesti bütün qüsurları ilə  birgə mənə çox doğmadır, çünki, ilk irihəcmli mətnim o olub. "Buynuz qəziyyəsi" povestini yazandan sonra düşündüm ki, tam istədiyimi ala bilmişəm. O əsər Nizaminin "İsgəndərnamə" və "Xosrov və Şirin" əsərlərinin motivləri əsasında yazılıb. Çox yaxşı da qarşılandı, "Ulduz" jurnalı o povesti dərc elədi, müsbət reaksiyalar gəldi. Yaradıcılığa yenicə başladığım çağlarda "Məlikməmməd nağılı"nı dekonstruksiya etmişdim, "Quyu" adlı hekayə alınmışdı. O hekayə haqqında Xalq yazıçısı Sabir Əhmədli ayrıca bir məqalə yazmışdı. "Rindlər küçəsi" hekayəm radio-tamaşa kimi hazırlanıb, "Qırmızı şəhərin qurbanı" hekayəmi "Mədəniyyət" kanalı film-tamaşa kimi hazırlamışdı. Adlarını çəkdiyim və çəkmədiyim bütün yazılarım mənə doğmadır, onları bir-birindən ayırmaqda çətinlik çəkirəm.

-"İnanıram ki, hər halda hansısa bir yazımla xatırlanacağam" demisiniz bir müsahibənizdə. Siz özünüz hansı yazınız ilə xatırlanmağı üstün tutursunuz?

-Son illərdə Cümhuriyyət dövrü ilə bağlı bir neçə roman yazdım. "Hacı İsgəndər", "Fəna fasiləsi" və "Dünyanın damı" romanlarını nəzərdə tuturam. 1918-1920-ci illərlə bağlı çox yazılıb, amma mən heç yerdə yazılmayan faktları üzə çıxartdım və bədii əsər kimi işlədim. Məsələn, Hacı İsgəndər adlı bir şəxsiyyət olub. Həm xeyriyyəçi, həm maarifçi, həm də ermənilərə qarşı döyüşmüş, misilsiz fədakarlıqlar göstərmiş, Atatürk, Nuru Paşa tərəfindən mükafatlandırılmış parlaq bir sima haqqında heç yerdə bir kəlmə də yazıya rast gəlmədim və onun həyatını roman kimi yazdım. Bu roman çapdan çıxandan sonra televiziyalar dəvət etdi, haqqında yazılar yazıldı. Eləcə də unudulmaz aktrisamız Nəcibə Məlikovanın atası Haşım bəy Saqib haqqında yazdığım "Fəna fasiləsi" romanı. Bu adamlar XX əsrin əvvəllərinin ictimai, ədəbi, mədəni həyatında həlledici fiqurlar olublar. Bu əsərləri yaradıcılığımın əhəmiyyətli bir hissəsi hesab edirəm. Düşünürəm ki, heç olmasa, bu əsərlərə görə nə vaxtsa hardasa adım çəkiləcək.

-Kənan bəy, bir zamanlar jurnal ədəbiyyatı olduqca məşhur idi, oxucular tərəfindən jurnallara xüsusi diqqət vardı. Zamanın irəliləməsi ədəbiyyatın bu qolunun geriləməsinə təsir göstəribmi? Gənc nəslin jurnalla arası necədir?

-Bilirsiniz, bizim istəyimizdən asılı olmayaraq, dövr, mühit dəyişir, texnologiya inkişaf etdikcə rəqəmsal dünya bizi əhatə edir. Neyləsək də ənənəvi media yeni mediaya uduzur. Smartfonlar erasında yaşayırıq. Ədəbiyyatın da texnogen özülü yaranmalıdır. Bəli, bir zamanlar şairi, yazıçını cəmiyyətə jurnallar, ədəbi qəzetlər təqdim edirdi. Bu ədəbi dərgilər ədəbi prosesin dinamikasına da müsbət təsir göstərirdi. Bu gün o jurnalları ədəbi portallar əvəz edir, çap imkanları daha genişdir, gənc nəsil özünü sosial şəbəkələrdə ifadə etməyə çalışır. Sözsüz, sosial şəbəkələrdə ədəbi kriteriyalara cavab verməyən cızmaqaralar da çoxluq təşkil edir. İndi sosial şəbəkələr sanki bir məşq meydançasıdır, yazmağa yenicə başlayan gənclər orda püxtələşməyə başlayır. Sovet dönəmində ədəbi dərnəklər vardı, gənclik orda yetişirdi, indi internet bu dərnəkləri əvəz edir. Çox təəssüf ki, virtual sferada normal, sağlam ədəbi diskussiyalara rast gəlmirik. Mən həmişə gənclərə məsləhət görürəm ki, çoxlu mütaliə etsinlər, dağınıq yox, sistemli mütaliədən söhbət gedir. Mifologiya, klassika, folklor yazıçı üçün əsas mənbədir. Bunları bilmədən mətn yaratmaq qeyri-mümkündür. Mütaliə necə yazmaqdan daha çox necə yazmamağı öyrədir və yazıçı üçün vacib olan reflektiv təfəkkürün formalaşmasını təmin edir. İnternetin sonsuz imkanlarından bəhrələnsinlər. Bu da dövrün bir reallığıdır. Amma onu da tövsiyyə edirəm ki, "Azərbaycan", "Ulduz", "Xəzər" jurnallarını, "Ədəbiyyat qəzeti"ni mütəmadi oxusunlar. Ədəbi prosesi izləmək, müasir tendensiyalardan xəbərdar olmaq üçün bu, mütləq vacibdir. Yazmaq üçün təkcə istedad yetərli deyil, dilə hakim olmağı bacarmaq, sənətin elmi-nəzəri tərəflərinə müdaxilə etmək, dünya ədəbiyyatının keçdiyi yola bələd olmaq tələb olunur. Bunun üçün də ədəbiyyatın nəzəri əsaslarından xəbərdar olmaq lazımdır. Məsələn, konyuktur mövzulardan qaçmaq lazımdır, sovet dövründə Azərbaycan ədəbiyyatını şikəst edən konyuktura oldu. Bu günümüzə konyukturaya tabe olmayan çox az sayda ədəbi mətnlər gəlib çıxdı. Hakim ideologiya nə qədər istedadları məhv etdi. Ədəbiyyatın onurğa sütunu ideya olmalıdır, ideyanın içində ideologiya da var, digər ədəbi komponentlər də.  

-Gənc nəsildən söz düşmüşkən, hər sahədə olduğu kimi ədəbiyyatda da zaman tərz və üslubu dəyişə biləcək məfhumdur. Necə düşünürsünüz, yeni nəsil orta və yaşlı nəslin missiyasını öhdələrinə düşən kimi yerinə yetirə biləcəklərmi?

-Yazıçılıq idman yarışı deyil və yazıçı heç bir öhdəlik götürə bilməz. Markesin məşhur bir fikri var, deyir "yazıçının inqilabi borcu yaxşı yazmaqdır". Yaxşı yazmaq son dərəcə əzablı bir işdir, hər əlinə qələm alan kəs bu işin sonsuz əzablarına dözə bilmir. Bu, alın yazısını pozub yenidən yazmağa bənzəyir, sən özünü yenidən yaradırsan, alternativ dünya qurmaq sizə o qədər də asan görünməsin. Yazıçı alternativ dünyanın yaradıcısıdır. Çox ağır missiyadır. Bu missiyanın öhdəsindən gəlməyin iki şərti var: istedad və zəhmət. Öz ruhunu gətirməlisən ədəbiyyata, ədəbi əcdadlarını müəyyənləşdirməlisən. Bu, üslubun yarandığı dövrdür, üslub formalaşdıqda sən artıq yazıçı hesab olunursan. Ədəbiyyat üslub deməkdir. Bu gün üslubu olmayan trafaret mətnlər göz yorur, çünki bünövrə, təməl yoxdur. Böyük əksəriyyət sadəcə, əhvalat nəql edir, bu əhvalatın bədii həllini, formasını tapa bilmir. Forma, üslub eksperimentləri yox dərəcəsindədir. Bu da ədəbiyyatın inkişafını ləngidir.

-"Gənc yazıçılar"da təxəllüs məsələsi xeyli dəb düşüb. Soruşsan adından öncə təxəllüsünü deyəcək, "indiyəcən nə yazmısan?" desən, "hələ heç nə" deyəcək. Bu məqamda məncə, şöhrət hissindən danışa bilərik. Bu günün ədəbiyyatında istedadlarmı çoxdur, yoxsa sadəcə, "adlar"?

-Kimsə şöhrət üçün yazırsa, bəri başdan məğlub olub. Ədəbiyyat şöhrət meydanı deyil. Yazmaq daxili tələbatdır, özünüifadə vasitəsidir. Ədəbiyyat vasitəyə çevriləndə siz dediyiniz quru adlar yaranır ki, onları da zamanın küləkləri silib aparır. Bu gün ədəbiyyatımızda kifayət qədər ciddi imzalar var. Ad çəkməyi xoşlamasam da, bir neçə nəfəri xüsusi qeyd edə bilərəm. Məsələn, Azər Qismət son dərəcə bənzərsiz yazıçıdır, onun novellaları, "İlbizlər" romanı ciddi ədəbi tədqiqat mövzusudur. Lap gənclərdən Orxan Həsəni, Nemət Mətin, Fuad Cəfərli, Ulucay Akif, Əlibala Əhmədov bir-birindən istedadlı gənclərdir. Nicat Həşimzadə ilə Nəcəf Əsgərzadə qoşa imza ilə bir neçə kitab çap etdirdilər, onların gözəl ədəbi publisistikası var. Bu imzaların gələcəkdə ədəbiyyatımızın aparıcı simalarına çevriləcəyinə dərin inamım var. Onlar ədəbiyyata təmənnasız xidmət edirlər. İstedadsızlardan isə danışmağa dəyməz.

-Ədəbiyyatda bir qisim narazı kütlə var, hansı ki, heç nədən məmnun deyillər. Sizcə, nə olsa da narazılıq etməyi sevirlər, yoxsa biz onları razı sala bilmirik?

-Bilmirəm siz kimləri nəzərdə tutursunuz, amma etiraz gəncliyə xas bir xüsusiyyətdir. Yaradıcılıq bəzən özünə də etiraz etmək deməkdir. Yaradıcılığın mahiyyətində bir narazılıq var, bu da vacib nüansdır. Gənclik bəzən özünə diqqət tələb edir, bu da son dərəcə təbii bir haldır. Düşünürəm ki, əlahəzrət mətn onları gec-tez layiq olduqları yerə aparıb çıxaracaq.

-Kapitalizm bir nəslin qoruyub yaşatmağa çalışdığı dəyərləri məhv edə-edə gedir. Bəs ədəbiyyat? O kapitalizmin caynağından xilas ola biləcəkmi?

-Bəli, kapitalizm öz şərtlərini diktə edir, yazıçı da toplumun şərtlərinə uyğunlaşmağa məcburdur. Ədəbiyyatın müqavimət gücü zamanın şərtləriylə ayaqlaşa bilməsindədir. Bəzi hallarda ədəbiyyat zamanı üstələmək əvəzinə ondan geri qalır. Gənclər dilimizin elmi, fəlsəfi qatına nüfuz edə bilmirlər. Çünki mütaliə zəifdir, müasir təmayüllərdən xəbərsizdirlər. Dil öyrənmək və dünya elmi, fəlsəfi düşüncəsinin inkişaf xəttini izləmək lazımdır. Ədəbiyyat özünü yeniləməlidir. Zaman bunu tələb edir.

-Kənan bəy, televiziyaya "incəsənət" adı ilə çıxarılan şəxslər barədə nə düşünürsünüz? Bu gün televiziyamız sizə görə hansı səviyyədədir?

-Özəl kanalların hər birinin efir platforması var, onlara irad tutmaq fikrində deyiləm. Televiziyanın dili informativ dildir, təəssüf ki, bəzi aparıcılar dil normalarına riayət etmir. Aparıcıların əksəriyyəti öz ana dilini mükəmməl bilmir. Ən ciddi problem budur. Küçə dilini efirə gətirmək olmaz, buna ciddi nəzarət olmalıdır. Dəfələrlə bu məsələ müzakirəyə çıxarılıb, di gəl, kanal rəhbərləri bu məsələyə laqeyd yanaşırlar. Amma Mədəniyyət kanalında, İctimai Televiziyada kifayət qədər ciddi telelayihələr var, ziyalı təbəqə həmin verilişləri daim izləyir və bu, məmnunluq doğurur. Əlbəttə, könül istərdi ki, televiziyamızda ədəbiyyatımız daha çox təbliğ olunsun, ədəbi mətnlərin müzakirəsi təşkil olunsun, ədəbi verilişlərin sayı çox olsun, yazıçılarımız mütəmadi olaraq efirə dəvət olunsun. Efir tamaşaçını əyləndirməklə yanaşı həm də onun mənəvi inkişafına xidmət etməlidir. Ədəbiyyat da dil və mənəviyyat hadisəsidir. Tamaşaçı sanki düşünməyi yadırğayıb, elmi, fəlsəfi, ədəbi verilişlərlə onu bu sferaya qaytarmaq lazımdır. Buna çox böyük ehtiyac var.

ZEYNƏB RZAYEVA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31