Unudulmayan alimin xatirəyə dönən şair ömrü

Ömür şirin olar cavan yaşında,

Gözüm qalıb bir cüt qara qaşında.

Anam nəvəsinə beşik başında,

Tək layla çalanda, xatırla məni. 

(Cəfər İsmayıloğlu)

İyirmi yaşlı gəncin qələmindən süzülmüşdü bu misralar. Bəlkə də, qısa ömrünün ürəyə daman xəbərçisi idi "Xatırla məni" şeiri... bu şeiri oxuduqca hər misrada ürək sızladan nakam duyğular dilə gəlir və yarımçıq ömrün vəsiyyəti kimi kağızdan ruha hopur. Bəli, yarımçıq ömür... O, az yaşadı,  cəmi 57 il... amma bu ömrə nələr sığdırmadı ki... 

Ölümündən sonra 75 illik yubileyinə töhfə olaraq "Xatırla məni" şeirlər çələngi 2013-cü ildə işıq üzü gördü. Bu kitabda alimin  orta məktəb illərindən ta ömrünün sonuna qədər vətənə, el-obaya həsr etdiyi şeirlərlə yanaşı, görkəmli alimlərin də alim-şair haqqındakı fikirləri yer alır. Akademik Tofiq Hacıyevin "Cəfər müəllimin öz dünyası vardı", akademik Nizami Cəfərovun "Mərhum türkoloq haqqında bir neçə söz", professor Qara Namazovun "Qayğıkeş insan, öyünüləsi alim", Məmmədəli Qıpcağın "Nəcib insan, gözəl müəllim", Vəli Əliyevin "Cəfərin türk dünyası" və başqa görkəmli alimlərin, söz nəhənglərinin, onu yaxından tanıyan dostlarının Cəfər müəllim haqqında reallığı əks elətdirən fikirləri, xatirələri onu görmək və tanımaq fürsəti olmayanlar üçün aydın mənzərə yaradır. 

Akademik Tofiq Hacıyev Cəfər müəllimi belə xarakterizə edirdi: "Cəfər müəllim zəmanəmizin, sovet rejimi dövrünün gözəl insanlarından idi. Başdan-başa antitürk, təpədən-dırnağa anti - Azərbaycan olan bir quruluşda Cəfər iliyinəcən bir millətçi kimi, türk oğlu türk kimi, böyük ürəkli bir azərbaycanlı kimi, əsl sədərəkli kimi yaşadı". Sədərəkli alimin tərcümeyi-hal göstəricilərinə qısa nəzər salaq:

Tanınmış dilçi-türkoloq alim, əsl vətəndaş-ziyalı Cəfər İsmayıl oğlu Cəfərov qədim türk-oğuz yurdu Naxçıvanın qəhrəmanlıq səngəri olan Sədərəkdə 20 fevral 1938-ci ildə doğulmuşdu. Elə orta məktəbi də həmin kəndə bitirmişdi. Azərbaycan Dövlət Universitetinin şərq filologiyası ixtisasında (1956-1961) təhsil alıb. Hələ tələbəikən Şərq dillərinə olan meyli və şair ruhu orijinaldan etdiyi tərcümələrin sanki doğma dilimizdə yazıldığı təsiri bağışlayır. O, Pərvin Ettesaminin "Yetimlərin göz yaşı", Pərviz Natel Xanlarının "Qartal" və digər əsərləri fars dilində ana dilimizə hərfi deyil, bədii tərcümə etmişdir. Ali təhsilini uğurla başa vurduqdan sonra tale yolu onu Türkmənistana aparmışdı. Həyatda təsadüfi heç nə olmur, hər şey alın yazısıdır. Gələcəyin məşhur türkoloqu Türkmənistan Elmlər Akademiyasında elmi fəaliyyətlə məşğul olur, türkologiyaya xidmət edən axtarışlar aparır. Eyni zamanda da Türkmənistan Dövlət Universitetində isə fars dilinin tədrisi ilə məşğul olur. 1971-ci ildə "Müasir türkmən dilində fars sözləri" mövzusunda dissertasiya işini müdafiə edir. "Gəzdim səyyah kimi", - deyən Cəfər müəllimin həyat yolu harada yaşamasında asılı olmayaraq xalqın ulu keçmişinin tədqiqinə, millətə xeyir vermək duyğusuna hesablanmışdır.  Onun 1974-cü ildən ta ömrünün sonuna qədərki taleyi Azərbaycan Dövlət Universiteti Filologiya fakültəsinin "Türkologiya" kafedrası  ilə bağlı olub. Azərbaycanın elə bir bölgəsi yoxdur ki, Cəfər müəllimin oradan tələbəsi olmamış olsun. Onu tanıyanlar, onu rəğbət hissi ilə xatırlayır. Öz yetirmələrinə tədris etdiyi sahənin dərinlikləri ilə yanaşı, onlara  xalqımızın mənəvi dəyərlərini, vətən, torpaq, el-oba sevgisini də aşılayıb, xeyirxahlığı, insani keyfiyyətləri isə öz şəxsi nümunəsi ilə təlqin edib. Özünü cəmiyyətin mənəvi tərbiyəsinə həsr edən əsl müəllim həm də öz dəyişməz xarakteri ilə gənclərin ürəyində ümid çırağı yandırmağı bacarmalıdır. Cəfər müəllim də məhz belə müəllimlərdən olub. Həm şərəfli müəllim, həm də məhsuldar alim ömrü yaşamaq hər kəsə də nəsib olmur. Biz onun müəllimlik fəaliyyəti, insan kimi xarakterik keyfiyyətləri haqqında danışdıq. Digər tərəfdən Cəfər müəllimi səciyyələndirən istiqamət onun məqalələri, tədqiqatları, monoqrafik əsərləridir. 

Cəfər Cəfərovun qədim yer-yurd adlarımız Qafqaz, Gəncə, Naxçıvan, Yerevan, Noraşen, Abşeron, Arsak və s. haqqındakı orijinal etimoloji tədqiqatları uzun illərdir ki, elmi ictimaiyyətin rəğbətini qazanıb. Azərbaycan, türkmən, türk, alman və rus dilində 50-yə dək elmi məqaləsi, "Aslar kimdir?", "Milli etnik yaddaşın izi ilə" adlı monoqrafiyaları işıq üzü görmüşdür. Tam əminliklə deyə bilərik ki, bu əsərlərin əksəriyyəti milli meyarlar baxımından heç vaxt öz müasirliyini, aktuallığını itirməmişdir. Akademik Nizami Cəfərov qeyd edir ki, "Cəfər Cəfərov asların izlərini hər yerdə qədim türk yazılı abidələrində, türklərə məxsus damğalarda, digər simvolik işarələrdə, qədim türk piktroqrafiyasında Hind, Çin, İran, Avropa mənbələrində axtarırdı. Həqiqət naminə demək lazımdır ki, onun axtarıb tapdığı az və ya çox dərəcədə araşdırdığı materiallar irəli sürdüyü bir sıra elmi elmi-nəzəri mülahizələr, gəlib çıxdığı qənaətlər Asşünaslığın türkologiyada perspektivli bir sahə olduğunu, gələcəkdə həmin sahədə uğurlu tədqiqatlar aparılacağını təsdiq edir". Həqiqətən də, C.Cəfərovun istər Azərbaycan damğaları, qədim türk işarələr sistemi, Qobustan qayaüstü işarələrinin oxunuşu, qədim yer-yurd adlarımızın etimoloji izahı, istərsə də qədim türklərin etnik mənşəyi hesab olunan aslarla bağlı sanballı tədqiqatları müstəqillik dövründə milli kökə qayıdış konsepsiyasına həsr olunan əsərlərin əsas istinad mənbələrindəndir. Çünki Cəfər müəllim hər bir araşdırmaya məqalə sayı çoxalsın deyə deyil, zərgər dəqiqliyi ilə yanaşıb. Akademik Tofiq Hacıyevin təbirincə desək: "Cəfər cibində zərrəbin gəzdirərdi", o bu zərrəbinlə tarixin dərinliklərindən xəbər verən tutarlı faktları üzə çıxarıb "qədim türk mədəniyyəti haqqında əsassız və mücərrəd konsepsiyalar irəli sürən erməni, ingilis və rus tədqiqatçılarına qarşı" (akad. Vəli Əliyev) elmi mübarizə aparan alim olmuşdur. 

İnsan taleləri kimi  xarakterlər də müxtəlifdir. Hər alim öz doğruları üzərində araşdırmalarını nizamlayır. Çəfər müəllim də ictimayi-siyasi cəhətdən müasir dövrümüzdən fərqli olan bir quruluşda yaşamış və təzyiqlərə baxmayaraq öz nəticələrini qorxmadan, cəsarətlə yüksək kürsülərdə və kütləvi informasiya vasitələrindən elmi ictimaiyyətin diqqətinə çatdırmışdır. Bax, beləcə Cəfər müəllim öz əməllərilə ömürnaməsini, tale kitabını  yazdı və unudulmayan alim ömrü həzin-həzin, dalğa-dalğa xatirəyə dönən şair ömrü kimi onun şeirlərində, misralarında yaşayır. Bəli, türkoloq-alim Cəfər Cəfərov həm də şair idi... O, şeirlərini Cəfər İsmayıloğlu təxəllüsü ilə yazıb.  Onun bədii yaradıcılığı da maraqlı, ürəyəyatım və yaddaqalandır. Bu yazının ümumi ruhu Cəfər müəllimin gördüyü işlərin təhlilinə və mənalı ömür yolunun tədqiqinə hesablanmışdı. Ona görə də Cəfər Cəfərovdan yazıb, Cəfər İsmayıloğlunu xatırlamamaq ədalətsizlik olar. Cəfər müəllim peşəkar şair olmasa da, "Xatırla məni" şeir çələngini vərəqlədikcə, Bəxtiyar Vahabzadənin "Alim Bəxtiyarı şair Bəxtiyar, qatlayıb dizinin altına qoyar" misraları dəfələrlə xəyalımda təkrarlandı. Professor İfrat Əliyevanın kitab haqqındakı düşüncələri o anda sanki duyğu və düşüncələrimə tərcüman olur, o yazır: "...bu kitabda mən Cəfərin müxtəlif illərdə müxtəlif münasibətlərlə əlaqədar yazdığı əsərlərini oxudum və oxuduqca onun infarkt keçirmiş yaralı ürəyinin yaralı misraları məni bu kitab barədə söz deməyə sövq etdi. ... Ürəyi Vətən və xalq məhəbbəti ilə döyünən Cəfər İsmayıloğlunun "Xatırla məni" şeirlər toplusu adi bir kitab deyil. Biz bu kitabda 20-ci əsrdə xalqımızın son illərdə gördüyü dərdlərini və yaralarını oxuyuruq". Həqiqətən də, bu kitabla tanış olanda Cəfər müəllimin bədii yaradıcılığa məşğuliyyət kimi yox, ciddi və məsuliyyətli ümumxalq vəzifəsi kimi yanaşdığını müşahidə edirsən. Onun yaradıcılığı özünəməxsus və spesifik xüsusiyyətləri ilə diqqəti cəlb edir. Tədqiqatçı-alim Cəfər Cəfərov elmi araşdırmalarının nəticələrini Cəfər İsmayıloğlunun bədii düçüncəsi ilə çulğaşdırıb ustalıqla poetik şəklə salır: 

A dostlar, Qafqazı yıxdı xəyanət,

Yalan ayaq tutdu itdi həqiqət.

Yaxşı ki bir səslə söylədi millət: 

"Az ərlər"in ocağıdır Qarabağ!

Azərbaycan torpağıdır Qarabağ!

Yolu izi gündən-günə daraldı, 

Tərlan köçdü oylağını sar aldı.

Qəzəbindən göydə günəş qaraldı,

"Ağ aslar"ın "Ay ağ"ıdır Qarabağ. 

Azərbaycan torpağıdır Qarabağ!

Bu misralardakı Vətən və yurd sevgisi kimi poetik düşüncələri yüksək şeiriyyətlə qələmə almışdır. Təəssüf ki, qanlı-qadalı 90-cı illərdə "Azərbaycan torpağıdır Qarabağ!", - deyən vətəndaş ziyalımız dünyayı lərzəyə gətirən "Qarabağ Azərbaycandır!" şüarının 44 gündə həsrətə son qoyan reallığını görmədi... 22 bəndlik şeirin növbəti bəndləri də dövrün  reallıqlarını əks etdirmək baxımından olduğu qədər, deyim və duyum tərzi, bədii-məcazi imkanlardan istifadə baxımından da səciyyəvidir. 

Kitabın "Vətən unutmaz" başlıqlı bölməsi adından göründüyü kimi Vətən sevgisindən yoğrulan şeirlərdir. Nisgilli şairin yurd həsrəti mövzusunda qələmə aldığı şeirlərində Birinci Qarabağ müharibəsinin acı nəticələri öz əksini tapır. O, üsyankar misralarda qəm, kədər, qüssə kimi həzin və kövrək duyğularla yanaşı, tarix boyu düşmənə boy göstərən xalqın mənəvi ucalığını "Tarixi tapaydım" şeirində tərənnüm edir. "Çağırış" şerində isə nikbin notlarla köklənən qələbəyə çağırış harayının hayqırtısı eşidilir. 

Şairin 1996-cı ildə qələmə aldığı "Milli ordumuza" şeiri sanki  son illərdə yazılmış zəfər mövzulu  şeir təsiri bağışlayır:

Ey milli ordumuz, güldü baxtımız,

Sən düşmən önündə sinə gərəndə.

Sevindi cəbhədə olan oğul-qız,

Güllən yağıları yerə sərəndə.

Sevindi obalar, sevindi ellər, 

Düşmənin anası qara geyəndə.

Toy-bayram elədi matəmli çöllər,

Satqın məhkəmədə boyun əyəndə.

Ey milli ordumuz, xilaskar oldun!

Sülhün, səadətin keşiyində sən.

Necə ki, düşmən var, hər gecə gündüz, 

Bu azad xalqımın keşiyindəsən!

Əsl vətəndaşlıq duyğularının qabarıq olduğu nümunələrdən də duyulur ki, o, ruhən, qəlbən vətənə, xalqa bağlı insan olub. Buna görə də, onun yaradıcılığının əsas aparıcı xəttini vətən torpaqlarının bölünməzliyi təşkil edir.  

Cəfər İsmayıloğlunun əlimizə gəlib çatan bədii  yaradıcılığı irili-xırdalı 200-dən bir qədər artıq şeir nümunəsində toplanıb, yəni kəmiyyət etibarilə bir o qədər də qabarıq deyil, amma keyfiyyət baxımından çox dəyərlidir. Onun bütün şeirlərini oxuduqdan sonra o qənaət hasil olur ki, şair  mənasız sözçülüyə, yersiz ifadələrə, şeirin ruhu ilə səsləşməyən qafiyə "düzümünə" qətiyyən yol vermir, əksinə sözdən qənaətlə istifadə edir. Onun sarsılmaz özülə malik milli-mənəvi dəyərlər sistemimizdə böyük yeri olan klassik və çağdaş ədəbiyyatımızın nəhəng simalarına  həsr etdiyi "Şair ömrü" şeirlər silsiləsinin hər bəndi, hər misrası sanki daha çox məsuliyyətlə yazılıb. Qüdrətli söz mülkünün sultanı dahi Füzulinin 400 illik yubileyinə ithaf  etdiyi "Sənətkarın xatirəsi", Cəfər Cabbarlıya həsr etdiyi "Sənətkarın şöhrəti", Səməd Vurğuna yazdığı "Mən Səmədi görməmişəm", "Vurğunum", "Səni" və s. şeirlərində əsas fikrin ifadəsi məqamında  bədii yükün ağırlığına və  məna tutumuna  daha çox diqqət edir.

Bəzi şeirlərin sərlövhəsində kimə ithaf olunduğu yazmasa da, hər hansı misrada adı və ya təxəllüsü keçməsə də şeirin ümumi ruhu mətləbi üzə çıxarır: 

Demə ağartmışam qara saçları,

Şiş uclu dağların olmazı qarı?!

və ya 

Söylə qocalarmı əsl sənətkar?!

Ruhunu eşqini eldən alanlar.

Bu misraları oxuyan kimi, elə o andaca agah olur ki, bu şeir Səməd Vurğunun "Şair, nə tez qocaldın sən?" şeirinə nəzirə olaraq yazılıb. Və yaxud,  Sevil, Solmaz, Sara, Oktay, Gülüş, Gündüz, Mehriban, Eyvaz, Baxşı və b.  obrazların səciyyəvi xüsusiyyətlərini vəsf edən "Hər bir qəhrəmanın öz məqamı var" misrası ilə başlayan şeirində  adı çəkilməsə də, baş qəhrəmanın Cəfər Cabbarlı olduğu oxucuya gün kimi aydın olur. 

Ədəbiyyatın, daha çox da poeziyanın  hər zaman müraciət etdiyi ənənəvi mövzulardan biri və ya birincisi Ana mövzusudur. Əbədi və əzəli sevginin lirizmi hər şairin təbində bir cür dilə gəlir. Sellər kimi aşıb-daşan, çaylar kimi axıb-coşan ümmansız ana sevgisi  hər bir qələm sahibinə Cəfər Cabbarlı dühasından süzülən itaətə rahiblik duyğusunun əsas şəriətinə çevrilmiş  "O adın qarşısında bir qul tək, Həmişə səcdədə olmaq, mənə fəxarətdir!" hissini aşılayır. "Uşaqkən anadan yetim qalmışam", - deyən Cəfər İsmayıloğlu  ürəyində qübara çevrilən bu nisgili "Anasız cahanı sevmirəm mən də, Anamın dərdidir qalıb sinəmdə" misralarını axarınca biri digərinin davamına çevrilən  "Ana", "Anama", "Anam gəlsin" kimi şeirlərində mərhəm duyğularını pıçıltısı eşidilir:

Dərdimi tək bircə anama deyin,

Anamın əlilə dərman eyləyin. 

Bu səpkili şeirlərdə ana məhəbbətinin müqəddəsliyi, ana qayğısının, ana nəvazişinin,  ana sevgisinin bütün insani duyğuların ən ülvisi, ən pakı, ən təbiisi olduğunu vəsf etmək üçün sözü sözə ilmə-ilmə, ilgəh-ilgəh, naxış-naxış düzür:

Sənsiz dərdim artıb bir dağa bənzər,

Fikirlər daş kimi bağrımı əzər,

Ay ana, gözlərim hey səni gəzər,

Aldadır xəyali bir vüsal məni.

"Ana südü", "Anamın məktubu" kimi şeirlərin müəllifinin  "Ögey anama" yazdığı  şeri oxumadan öncə düşündüm ki, bu şeirdə parodoksal və təzadlı fikir, kin və küdurət dolu söz və ifadələr, küskünlük kimi duyğu və düşüncələri əks etdirən  misralar olacaq. Amma yanıldım... reallığı əks etdirən bu şeirin bir nağıl kimi sirli-sehirli dünyası, ürək sızladan büyülü duyğusu, mərhəmət libasına bürünən sevgi hissləri o qədər axıcı bir dillə misralara tökülür ki, heyrətlənməyə bilmirsən. Ana obrazının ucalığını, ananın ögeyi, doğması olmaz düşüncəsini və Azərbaycan qadınının - Anasının ümumiləşmiş obrazını, poetikləşən, heykəlləşən ruhunu görürsən. Bu məqam heç də poeziyamız üçün ənənəvi mövzu olmayıb. Nəsrdə İsmayılın "Ögey ana"sı istisana olmaqla, ögeyliyin bu qədər doğmalığını yaxından hiss etməmişdim. Ögey də olsa, ana qayğısının insana bəxş etdiyi xoşbəxt anları, günləri xoş xatirə kimi xatırlayan şair "Anamı anardı "öz bacım" deyə" misrası ilə öz doğma anasını unutdurmadan, anasızlığı bir körpə ürəyində açdığı yaralara  məlhəm  olmasını və ona yenidən ikinci həyat verməsini yüksək sənətkarlıqla, bədii ustalıqla dilə gətirir və onun əzəmətli poetik obrazını yaratmağa müvəffəq olur:

Qoynuna alıbsan öz balan kimi, 

Bir candan ayrılan şirin can kimi.

Bu şeirdəki növbəti misraların axıcılığı, ahəngdarlığı və poeziya dili üçün səciyyəvi olan həlimliyi bədii qiraət zamanı ruhu arxa fon musiqisi kimi oxşayır:

Dərdimi özünə bir dərd bilərdin, 

Acı göz yaşını xəlvət silərdin.

Səsimi kəsərdin şirin dil ilə,

Saçımı oxşardın isti əl ilə.

Qoymazdın dərd çəkim, gözlərim dolsun,

Ürəyim sıxılsın, yanağım solsun,

Sən də gülüşümə gülüş qatardın,

Məni yatızdırıb, sonra yatardın. 

Üstümdən yorğanım düşməsin deyə, 

Vurmazdın gecələr kirpik-kipriyə.

Nə yazım adına mehriban qadın?!

Sən elə əvvəldən ANA yarandın.

Yaradıcılığında Ana mövzusuna ya bir başa, ya da dolayısıyla müraciət edən sadəliyi və səmimiyyəti ilə seçilən ailə başçısı, dördü qız olmaqla beş övlad böyüdən nümunəvi ata "Körpə dostlar"ını da unutmur. Onun "Pişik", "Quzu", "Qaranquş", "Qoçaq kirpi", "Bahar", "Təyyarə", "Aya uçanda" kimi uşaqlar üçün yazıdığı şeirlərinin ab-havası bir başqadır. Oxuduqca "Ömrünün günəşi saralmaqda" olan insanın ruhu dincəlir, düşüncələri saflaşır, yorğun əzası cana gəlir, mənəvi dünyası əzablardan arınır. Bir anlıq uşaqlaşır, dəcəlləşir, məsumlaşır insan:

Gül gülə baxdı,

Güldən tər axdı, 

İnsan da güldü,

Cahan da güldü.

***  

Axşam-səhər axı sən, 

Ət də, süd də yeyirsən.

A qarnı gen, de görüm,

Daha nə istəyirsən?!

Çalışsa çox adam alim ola bilər, amma şairlik Allah vergisidir, hər kəsə nəsib olmur. Ulu yaradan onu sevdiyi bəndəsinə verir. Adətən həssas qəlbli, yumşaq xarakterli, həlim təbiətli insanlar şair olurlar. Misralara mərhəmət, öyüd-nəsihət hopanda onun maarifləndiriçilik gücü artır və təbliğatı təlim-təhsil qurumlarının səyinə bərabər olur. "Gölün söhbəti" də bu sayaq nümunələrdəndir. Bu şeir Yasəmən adlı bir qızcığazın yay mövsümündə ehtiyatsızlıq ucbatından göldə boğulma təhlükəsinin hissi-həyəcanından bəhs edir. Və gölün nurani obrazına çevrilmiş Baba təhkiyəsi "Ayrılıb ananızdan, Kənarıma heç zaman, Gəlməyin, ay uşaqlar!" qısa misraları ilə bitir.

Tərtibçilər "Xatırla məni" kitabının növbəti bölməsində bəşər övladının bineyi-qədimdən özü ilə yaşatdığı kövrək və həzin  köhnə duyğuları "Yeni duyğular" adı altında cəmləşdirib. Bu qəbildən olan "Həsrət", "Xatirə", "Sevgi", "Ayrılıq", "Xəyanət", "Kişilik", "Qocalar", "Gənclik", "Görəndə", "İnanmıram", "Yollar", "Özümə nə deyim, sənə nə deyim" və digər şeirlərində köhnə duyğulara öz nəfəsi ilə yeni poetik ruh verib, misraları öz ürəyinin sevgisi ilə isidib. Abır-həya hissinin tək qadına deyil, kişiyə məxsusluğunu da insani hal kimi dilə gətirir:

Bir nəğmə dolaşdı ağızda, dildə,

Çoxları arayıb sordular məni.

Yığışıb başıma dostlar, tanışlar,

Utanıb qızaran gördülər məni. 

Müasir poeziyanın ənənələrinə sadiq qalan şair şifahi söz sənətini də yaddan çıxarmır. Onun folklorik janrlardan biri olan bayatıları da layla kimi şirin-şirin, mirvari kimi gizlin-gizlin qulağa süzülür:

Əzizim, anan mənəm,

Od tutub yanan mənəm, 

Sən özün bilməsən də,

Tək səni anan mənəm.

Lirizm üçün, şeir dili üçün səciyyəvi olan əsas cəhətləri vurğulayarkən unutmaq olmaz ki, bir bəndlik poetik nümunələr  ahəngdarlıqla yanaşı yığcam fikir, axıcılıqla yanaşı idraki düşüncə tələb edir. Bu baxımdan onun "Dördlükləri" də maraq doğurur. Bayatılardakı həzinlik və sakitlik dördlüklərdə emosionallıq və üsyankarlığa çevrilir:  

Dünyanı tikməyə, qurmağa nə var,

Olmasa acgözlər, qarınqulular.

Alçaqlar, satqınlar Ana Vətəni,

Beşgünlük ləzzətə, işrətə satar. 

***

Biqeyrət, binamus kişiləri mən,

Köhnə palaz kimi yerə sərərdim.

Namusla qeyrətdən pay versəydilər,

Bəzi kişilərə pay göndərərdim. 

Cəfər İsmayıloğlunun səmimiyyətdən yoğrulan poeziyasında "Babamın arzusu" başlıqlı bölmədə cəmləşən  şeirlərini oxuduqca Məmməd Arazın "Anadan-bacıdan gizlətdiyim, Kağızdan-qələmdən gizlətməmişəm" etiraflarının harmoniyasını hiss edirsən.

Onun könül dünyasında "Bizim ellər"in ecazkar bir vəsfi var. Bu bölmədə onlarla şeir kənd həyatının bədii tərənnümünə həsr edilib. Bu poetik nümunələr hər birimizdə doğma olan hissləri oyadır, qəlbə ilham verir, xoş ovqat yaradır, səsli-küylü şəhərlərlərdən bezikmiş ruha fərəhlik gətirir, süsləşmiş dünyamıza  nur çiləyir. Kəhkəşanlı meqapolislərdə böyüyən "şəhər uşağı" "Dağların qədrini hardan biləcək?".  Atalar yaxşı deyib: "Torpağın qədrini kasıb yaxşı bilər", kəndin də qədrini "kənd uşağı". Kəndin dağ havası, saf suyu, barlı-bəhrli təamları ilə böyüyən Cəfər müəllim yaradıcılığını "Dedim, şeir yazım bizim dağlara, Sözlər ürəyimdən süzüldü gəldi"- kimi onlarla, yüzlərlə misralarda bəzən dağ çayı kimi coşan, dəli-dəli axan, bəzən də həzin-həzin layla çalan duyğu yüklü nümunələrə taclandırır. Bu şeirlərdə o yerləri sıx-sıx ziyarət edir, səcdəyə gəlir, darıxan, nigaran ruhu "Könül o yerləri bir də yad eylər" - deyir. Onun "Bu yerlər", "Bizim dağlara", "Bahar gələndə", "Yada düşüdü", "Obada", "Qayalar" və digər şeirləri zərif, həssas, təmiz və pak  duyğuların vəhdətindən yaranmış həzin melodiya  təsiri bağışlayır. Hər bənddə, hər misrada könül dünyasının  qapılarını taybatay açır, sarı simə üst-üstə vurur, bu dünyadan umacağını, hər təmənnasını oxucusu ilə bölüşür:

Çəkərəm qayğısız mən də köçümü,

Yoldaş mənsiz olar, yol mənsiz olar.

Mənalı-mənasız keçən ömrümü, 

Tarix öz qocalmış ömrünə calar.

C.İsmayıloğlunun "Bizim ellər" adlı lirik poeması Naxçıvanı tərənnüm edən ballada və ya tarixi-bədii salnamə təsiri bağışlayır.  

Cəfər Cəfərovun bədii yaradıcılığının dil və üslub xüsusiyyətlərini incələyərkən özünü  peşəkar yox "həvəskar şair" adlandıran istedadlı qələm sahibinin şeiriyyətinin ədəbi dilimizlə qırılmaz bağını dilçi alim olaraq hər məqamda hiss etdim. Onun  poeziyasının fəlsəfi fikir yükündə, məna tutumunda  uluların mənəvi söz xəzinəsindən bəhrələnmək hər məqamda hiss olunur. Müxtəlif peşə və sənət adamlarının şairliyi başqa, dilçi alimin şairliyi isə bambaşqadır. Cəfər müəllimin şeirlərində el-obaya, doğma ocağa, öz yurduna mənəvi bağlılığın ifadəsi ilə bahəm poetik nümunələrdə canlı danışıq üslubundan, xalqın zəngin folklorundan istifadə etməsi əsərlərinə orijinallıq və lakoniklik gətirir, aforizm səviyyəsinə çatan sözlər həmçinin estetik cəhətdən oxucunun zövqünü oxşayır: "Bağrım badaş olub bizim ellərə", "Bəzən ürəyimdən qopan sitəmim", "İki üzü olar vaxtsız istəyin, İki üzü olar fətir-çörəyin", "Torpaqdan sədəqə, eldən pay olmaz!" və s. kimi neçə-neçə kontekstə canlılıq qatan paremioloji ifadələrdəki  təbiilik, axıcılıq, lakoniklik onların bədii təsir gücünü artırır və yaddaşlarda əbədiləşir. O, söz xatirinə söz demir, məna uyğunsuzluğu yaradan  qafiyəçilikdən uzaq olur, fikir yükünün ağırlığına önəm verir. Çalışır ki, ana dilinin saflığına xələl gətirmədən qatı açılmamış, dəsti pozulmamış, xalq qəlbindən süzülən, el yaddaşından gələn ifadələrdən daha çox istifadə etsin. Çünki sözlərdən məqamında, yerli-yerində istifadə edən şair Cəfər İsmayıloğlunun qələmi bütün şeirlərini Cəfər Cəfərovun diqtəsilə yazıb və vəsiyyətnaməyə çevirib:

Sazında dinəndə o incə tellər,

Aşıq Ələsgəri dinləyib ellər.

Cəfər, elə yaşa desin nəsillər,

Burdan da bir şair köçüb gedibdir.

"Yordu əyri-üyrü yoxuşlar məni" - desə də, xalqa xidmət yükünü zəif çiyinlərinə yükləməkdən yorulmadı,  qələmi kimi ürəyini də şam kimi əritdi. Bu ziyadan neçə-neçə qəlbə nur səpələndi...

P.S. Gecənin ala qaranlığından sonra  danyerinin sökülməsinə lap az qalır... su kimi axıb gedən düşüncələr əlimi bir an belə klavyaturadan çəkməyə qoymur. Hər şeyi yazmaq istəyirəm... Qarşımdakı komputerə toxunduqca çık-çık-çık gələn səslər yazının ahənginə ritm tutur... bu həzin sədalar altında gözlərim pəncərəmdən görünən təbiət mənzərəsinə dikilir. İlahi, gördüklərim məni valeh edir. Hər tərəf ağ örpəyə bürünüb... yəqin buludlar da mənim kimi yuxuya gedə bilmir. Havada rəqs edən qar dənəcikləri yorğunluğumu tamamən alır. Mən qış nağılına bənzəyən şair ömrünün  kövrək akkordlarını son dilinə basıram və beləcə alim ömrünə həsr etdiyim yazınınsa saat 05:20-də son nöqtəsini qoyuram... 

Ertəsi gün bu yazının ilk oxucusu Aytən xanım olur. Bir yerdə oxuyur, bəzi faktları birlikdə dəqiqləşdiririk... anidən otağa bir səssizlik çökür və gözlərimizdən gilələnən yaşlar vərəqlərə səpələnir. Və Aytən xanımın kitablarla, kar-kağızla dolu olan iş stolunun üzərində qoyulan çərçivələnmiş rəsmdəki nigaran baxışlar üzümüzə  zillənib, başımızın üstündə isə qürurla dayanan ata ruhunu hiss etməmək mümkün deyil. Sanki bir sarı işıq bizə doğru boylanır, elə həmin andaca müdrik atanın qızları ilə fəxr edən məğrur duruşunu görürür,  saçlarımıza isti bir əlin sığal çəkdiyini hiss edirik. Bəli, bizlər tutduğumuz yolla, həyat amalımızla, yaşam fəlsəfəmizlə valideynlərimizin başını dik, ruhunu şad edirik!..

Doğrudan da, valideynin yeri o vaxt behişt olur ki, özündən sonra onun əməli-saleh övladı qalır. Çünki övlad valideyn ömrünün davamıdır. Bu gün onun başladığı yolu ləyaqətlə davam etdirən, hər sözündə Cəfər müəllimi ehtiramla yad edən, yoxluğu ilə bir an belə barışmayan qızı dosent Aytən xanım vətəndaş-ziyalı kimi vətəninə, xalqına ləyaqətlə xidmət edir. Cəfər Cəfərov bir pedaqoq kimi tələbələrinin ürəyində, bir alim kimi mənsub olduğu xalqının, qayğıkeş ata kimi də övlarlarının ürəyində taxt, bir qala qurub. Elə bir qala ki, onun torpağı vətənə məhəbbət, xalqın ulu keçmişinə sədaqət, ailəsinə sonsuz sevgi ilə yoğrulub. Onun təbirincə desək: "Məhəbbət, mərhəmət, bir də sədaqət, Ürəkdən-ürəyə daşıyır bizi". Özü cismən aramızdan ayrılsa da, əsərlərində və qəlblərdəki xanimanda yaşayacaq. 

Zülfiyyə  İSMAYIL

filologiya üzrə fəlsəfə doktoru, dosent

AMEA Naxçıvan Bölməsi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31