Kiyevdən diplomatik həmlə: Rüstəm Umerovun ABŞ səfəri nə vəd edir? – ÖZƏL

Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov bu həftə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə görüşəcək. "Bloomberg"in məlumatına görə, tərəflərin Mayami şəhərində bir araya gələcəyi gözlənilir. Ukrayna mənbələri Umerovun ABŞ-yə səfər etdiyini təsdiqləsə də, səfərin Rusiya ilə danışıqlarla bağlı olub-olmadığı açıqlanmayıb. Bununla belə, rəsmi Kiyevin son günlər diqqəti İran böhranına yönələn sülh prosesini yenidən aktivləşdirməyə çalışdığı hiss olunur

"Rusiya və Ukrayna arasında artıq beşinci ildir davam edən müharibə ilə Amerika Birləşmiş Ştatları, İsrail və İran arasında baş verən proseslər arasında müəyyən əlaqələrin olduğunu istisna etmirəm. Şübhəsiz ki, Ukrayna müharibəsində Rusiyanın həm beynəlxalq reputasiyasına, həm maliyyə imkanlarına ciddi zərbə dəyib, ölkə iqtisadi çətinliklər və müəyyən mənada hərbi tükənmə mərhələsinə yaxınlaşıb. Rusiya hesab edir ki, bu proseslərin arxasında kollektiv Qərb və xüsusilə Amerika Birləşmiş Ştatları dayanır. Bu baxımdan İranın ABŞ və İsrailə qarşı müqavimət mövqeyini qoruyub saxlamasında Rusiyanın kəşfiyyat və digər resurslarından istifadə olunmasının mümkünlüyü də real görünür. Buna görə də düşünürəm ki, bu məsələlər müəyyən mənada böyük siyasi bazarlığın tərkib hissəsi ola bilər".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib: "Yaxın Şərqdə sülhün əldə olunması və gərginliyin azalması üçün Ukrayna məsələsində Rusiyaya müəyyən güzəştlərin edilməsi müqabilində ABŞ ilə Rusiya arasında hansısa anlaşmaların mümkünlüyünü istisna etmirəm. Hətta bir neçə gün əvvəl ABŞ prezidenti ilə Rusiya prezidenti arasında baş tutan telefon danışığında Rusiya prezidenti Yaxın Şərq böhranının həlli ilə bağlı öz təkliflərini səsləndirmişdi. ABŞ prezidentinin reaksiyası isə daha çox Rusiyanın Ukrayna müharibəsini yekunlaşdırmasına diqqət yetirməsinin vacibliyi üzərində qurulmuşdu. Bu isə onu göstərir ki, Vaşinqton Rusiyanın Yaxın Şərq proseslərinə həddindən artıq müdaxilə etməsini o qədər də arzuolunan hesab etmir. Ona görə də düşünmürəm ki, Ukrayna rəsmiləri ilə ABŞ prezidentinin köməkçiləri arasında keçirilən görüşlərin əsas məqsədi Rusiyanı razı salmaq və ya Ukraynaya təzyiq etmək olub. Əksinə, ABŞ üçün Ukraynanın Rusiyanın tam təsiri altına düşməməsi strateji maraq məsələsidir. Xüsusilə son dövrlərdə Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları sahəsində qazandığı ciddi uğurlar ABŞ-nin də diqqətini çəkir. Sadəcə olaraq, dünyanın ən böyük hərbi gücü olan ABŞ başqa bir ölkənin hərbi nailiyyətlərini açıq şəkildə ön plana çıxarmaqda hər zaman maraqlı görünmür. Buna görə də hərbi əməliyyatların aktiv mərhələsində Ukraynanın Körfəz ölkələrinə İran dronlarından müdafiə məqsədilə təklif etdiyi texnologiyalara Vaşinqton əvvəlki dövrlərdə o qədər də həvəsli yanaşmamışdı. Hesab edirəm ki, aparılan danışıqların əsas mövzularından biri Ukraynanın Rusiyaya güzəştə hazırlanması deyil. Daha çox məqsəd bundan sonrakı dövrdə iki ölkə arasında həm hərbi, həm siyasi, həm iqtisadi, həm də informasiya və təhlükəsizlik sahələrini əhatə edəcək yeni münasibətlər modelinin formalaşdırılmasıdır".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31