Robert Köçəryan: "Rusiya ilə iqtisadi əlaqələrin kəsilməsi Ermənistanın kollapsı deməkdir" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın ikinci prezidenti və "Ermənistan" blokunun baş nazirliyə namizədi Robert Köçəryan növbəti podkastında Nikol Paşinyanın Rusiya ilə münasibətlərin "çox yaxşı" olması barədə bəyanatını kəskin tənqid edib.

Köçəryan bildirib ki, Ermənistan iqtisadiyyatı Rusiyadan asimmetrik dərəcədə asılıdır. Rusiya üçün Ermənistanla ticarət dövriyyəsi cəmi 0,7% təşkil etdiyi halda, bu əlaqələrin qırılması Ermənistan üçün birbaşa iqtisadi kollaps (çöküş) deməkdir. 

Eks-prezidentin fikrincə, hökumətin Rusiya ilə bağlı yumşaq ritorikaya keçməsi reallıqdan deyil, xalqın artan narahatlığından qorxmalarından irəli gəlir. Köçəryan hakimiyyəti ikiüzlülükdə ittiham edib. O qeyd edib ki, rəsmi İrəvan bir tərəfdən münasibətlərin yaxşı olduğunu deyir, digər tərəfdən isə Avropadan "hibrid müharibə ilə mübarizə" adı altında qruplar gətirir.

Köçəryan Avropa İttifaqı tərəfindən QHT-lərə ayrılan vəsaitlərin əslində Ermənistana qarşı hibrid müharibə aləti kimi maliyyələşdirildiyini iddia edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31