İran Bab-əl-Məndəb boğazının bağlanması üçün danışıqlar aparıb
18:41 DünyaABŞ və İsraillə müvəqqəti atəşkəsdən əvvəl Tehran Yəmənin "Ənsərullah" hərəkatı ilə Bab-əl-Məndəb boğazının bağlanması imkanını müzakirə edib.
Olaylar.az xəbər verir ki, bunu Tehranda cümə xütbəsi zamanı şəhərin müvəqqəti imamcüməsi Höccətülislam Məhəmməd Cavad Hac Əli Əkbəri danışıb.
Din xadimi qeyd edib ki, düşmənlər müharibəni İranın sərhədləri daxilində məhdudlaşdırmağa çalışdığı halda, İran müharibəni regiona yayaraq onu regional qarşıdurmaya çevirdi.
Hac Əli Əkbəri bildirib ki, düşmənlər İranla Hörmüz boğazının yenidən açılması üzrə danışıqlar apardığı bir vaxtda, İran Yəmənin "Ənsarullah" hərəkatı ilə əməkdaşlıq çərçivəsində Bab əl-Məndəb boğazının bağlanması planlarını hazırlayırdı.
O eyni zamanda, İsrailin Livana hərbi hücumlarını pisləyib və xəbərdar edib ki düşmən hücumlarını davam etdirərsə, İran Silahlı Qüvvələrinin güclü zərbələri ilə qarşılaşacaq.
Bab əl-Məndəb boğazı Qırmızı dənizi Hind okeanına (Ədən körfəzi vasitəsilə) birləşdirən strateji dəniz keçididir və Afrika ilə Ərəbistan yarımadası arasında yerləşir. Boğaz dünya dəniz ticarəti üçün kritik əhəmiyyət daşıyır, çünki Süveyş kanalı ilə birlikdə Avropa-Asiya marşrutu üzrə gəmiçiliyin əsas tranzit nöqtələrindən biridir. Buradan neft və digər yüklərin böyük hissəsi keçdiyi üçün istənilən məhdudiyyət və ya bağlanma qlobal enerji təchizatı və logistika zəncirlərinə birbaşa təsir göstərə bilər.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə, razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib.