Korrupsiyada ittiham olunan Netanyahunun məhkəmə prosesi davam etdiriləcək

İsrail Baş naziri Benyamin Netanyahuya qarşı üç korrupsiya işi üzrə məhkəmə dinləmələri aprelin 12-də Qüds Rayon Məhkəməsində davam etdiriləcək.

Olaylar.az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, fevralın sonundan etibarən İrana qarşı hərbi əməliyyat səbəbindən yaranmış fasilə başa çatıb. Qeyd olunub ki, fövqəladə vəziyyətin ləğvi və məhkəmə sisteminin fəaliyyətinin bərpası ilə əlaqədar dinləmələr adi qaydada keçiriləcək.

Məlumata görə, iclaslar bazar günləri Qüds Rayon Məhkəməsində, bazar ertəsindən çərşənbə gününə qədər isə Təl-Əviv Rayon Məhkəməsində təşkil olunacaq.

Xatırladaq ki, fevralın 28-də hərbi əməliyyatların başlamasından sonra İsrail Ədliyyə Nazirliyi məhkəmələrdə fövqəladə vəziyyət elan etmiş və bu müddətdə yalnız təcili işlərə baxılmışdı.

İsrail Baş naziri üç korrupsiya işi üzrə ittiham olunur.

Qeyd edək ki, Təl-Əviv və Qüds məhkəmələrində bu iş üzrə proses 2020-ci ildən davam edir və baş nazirin ifadə verməsi 2024-cü ilin dekabrında başlayıb. Benyamin Netanyahu isə irəli sürülən ittihamları dəfələrlə rədd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31