İrəvanın "Qərb marşrutu": Ermənistan Rusiya orbitindən necə qopmağa çalışır? – ÖZƏL
15:16 Dünya"Ermənistan artıq Qərbə doğru inteqrasiya prosesinə start verib. Yəni ölkə Rusiyanın təsir dairəsinə daxil olan təşkilatlardan uzaqlaşaraq Qərbə yaxın olan strukturlara qoşulmaq istiqamətində addımlar atır və bu proses əslində xeyli müddətdir davam edir. Bunun üçün isə müxtəlif bəhanələr və əsaslandırmalar axtarılır ki, proses mərhələli şəkildə və mümkün qədər az risklə yekunlaşdırılsın".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, əvvəllər Ermənistan tərəfi bu istiqamətdə əsas arqument kimi Qarabağ məsələsini qabardır, Azərbaycan-Ermənistan münaqişəsi üzərindən diqqəti həmin problemə yönəldirdi. Lakin Azərbaycan ilə Ermənistan arasında sülh üçün real prosedurlar formalaşdıqdan və faktiki olaraq razılaşmanın əldə olunmasına yaxınlaşıldıqdan sonra bu arqument öz aktuallığını xeyli dərəcədə itirib. Hazırda isə diqqət daha çox iqtisadi və enerji məsələlərinə, o cümlədən təbii qaz mövzusuna yönəldilir. Burada əsas məqsəd müəyyən səbəblər formalaşdıraraq Rusiyanın təsir dairəsində olan təşkilatları tərk etmək və Qərbə inteqrasiyanı sürətləndirməkdir. Xüsusilə Avrasiya İqtisadi Birliyindən uzaqlaşmadan Avropa İttifaqı ilə tamhüquqlu inteqrasiya mümkün görünmür. Çünki eyni zamanda həm Rusiyanın təsirində olan bir iqtisadi blokda, həm də Qərb strukturlarında paralel üzvlük praktik olaraq real deyil.
Ekspert qeyd edib ki, bunu Ermənistan rəhbərliyi də anlayır və buna görə də "nə şiş yansın, nə kabab" prinsipi ilə balanslı siyasət aparmağa çalışır. Yəni bir tərəfdən Rusiyadan kəskin şəkildə qopmamaq, digər tərəfdən isə Qərbə yaxınlaşmaq strategiyası seçilib. Bu yanaşma uzun illərdir Ermənistan ərazisində yerləşən Rusiya hərbi bazasının gələcəyi məsələsinə də təsir edir. Məlumdur ki, Gümrüdə Rusiyanın hərbi bazası fəaliyyət göstərir və Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra bu bazanın ölkədən çıxarılması istiqamətində müəyyən cəhdlər müşahidə olunur. Lakin Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olduğu müddətdə bu prosesin reallaşması çətin görünür. Məhz buna görə də rəsmi İrəvan müxtəlif siyasi manevrlərlə bu təşkilatlardan uzaqlaşmağa çalışır. Bu addımlar həm Rusiyanın hərbi mövcudluğunun azaldılmasına, həm də Ermənistanın Qərb institutlarına inteqrasiyasının sürətlənməsinə xidmət edən strateji xətt kimi qiymətləndirilə bilər.
Səidə Ramazanova