ABŞ-də kəşfiyyat qalmaqalı: Tramp İran təhlükəsini gizlədib? – ÖZƏL
15:17 DünyaOlaylar.az xəbər verir ki, "Reuters" agentliyinin əldə etdiyi kəşfiyyat hesabatına görə, ötən ay FTB və digər federal agentliklər ABŞ-dəki hərbi, dövlət, yəhudi və israil təsisatlarına, eləcə də iranlı dissidentlərə qarşı rəsmi Tehran tərəfindən "daim təhlükə" olduğu barədə xəbərdarlıq edib.
Məlumata əsasən, 20 mart tarixli "Təhlükəsizlik barədə ictimai məlumatlandırma hesabatı"nın dərci Ağ Ev tərəfindən bir neçə həftə əngəllənib. Rəsmi Vaşinqton bunu məlumatların "yoxlanılması" ilə əsaslandırsa da, faktiki olaraq kəşfiyyat məlumatlarının yayılmasının qarşısı alınıb. Prezident Donald Tramp kəşfiyyat xəbərdarlıqlarına rəğmən, martın 11-də verdiyi açıqlamada İranın ABŞ ərazisində hücum törətmək ehtimalından narahat olmadığını bildirərək təhlükəni minimuma endirib. Hesabatda İranın ABŞ daxilindəki hədəflər üçün ciddi risk yaratdığı vurğulansa da, hələlik konkret və genişmiqyaslı bir hücum planının müəyyən edilmədiyi qeyd olunub.
Bu hadisə kəşfiyyat orqanları ilə Ağ Ev arasında İran təhlükəsinin qiymətləndirilməsi məsələsində ciddi fikir ayrılığının olduğunu ortaya qoyur.