ABŞ İranın Xarq adasını bombalayıb
16:10 DünyaAmerika Birləşmiş Ştatlarının Hərbi Hava Qüvvələri İranın neft habı sayılan Xarq adasına zərbələr endirib.
Trend xəbər verir ki, bu barədə "Axios" adı açıqlanmayan ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Zərbələrdə adada yerləşən İrana məxsus bunkerlərin, radiolokasiya stansiyalarının, silah-sursat anbarlarının hədəfə alındığı bildirilir.
Xarq adası İranın neft ixracının 90 faizinə cavabdehdir və ölkənin ən əhəmiyyətli iqtisadi bölgələrindən hesab olunur.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.