Enerji bazarında “gizli təhlükə”: ABŞ-İran qarşıdurması qiymətləri necə dəyişəcək?- ÖZƏL

ABŞ və İran arasında Pakistanın vasitəçiliyi ilə 45 günlük atəşkəs üzrə danışıqlar davam edir, lakin Hörmüz boğazında nəzarət məsələsi razılaşmanı sual altına salır. Neft qiymətləri hələ sabit qalsa da, analitiklər vəziyyəti "tufanqabağı sakitlik" kimi qiymətləndirir. Razılaşma əldə olunmasa, mümkün hərbi eskalasiya qlobal enerji təchizatını pozaraq qiymətləri kəskin artıra bilər.

Mövcud geosiyasi gərginlik fonunda neft qiymətlərinin uzunmüddətli sabit səviyyəsi nə ola bilər və bu, qlobal iqtisadiyyata necə təsir edəcək?Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlama verib:
"Mövcud vəziyyətdə ABŞ ilə İran arasında gərginliyin səviyyəsindən asılı olaraq neftin uzunmüddətli sabit qiyməti əvvəlki illərlə müqayisədə daha yüksək diapazonda formalaşa bilər. Əgər risklər qismən idarə olunsa belə, bazarda "risk primi" qalacaq və qiymətlərin 90-110 dollar aralığında sabitləşməsi ehtimalı yüksək görünür. Münaqişə dərinləşərsə, bu səviyyə daha yuxarı qalxa və uzun müddət 120 dollardan yuxarı qala bilər. Bu isə qlobal iqtisadiyyatda inflyasiyanı artırır, istehsal xərclərini yüksəldir və xüsusilə enerji idxal edən ölkələrdə iqtisadi artımı zəiflədir. Nəticədə həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə tələbat azalması və stagflyasiya riski yarana bilər.
Hörmüz boğazı və Bab əl-Məndab boğazı kimi strateji keçidlərin bağlanması ehtimalı dünya enerji təhlükəsizliyi üçün ciddi risklər yaradır. Bu boğazlar qlobal neft və mayeləşdirilmiş qaz ticarətinin böyük hissəsinin keçdiyi əsas marşrutlardır və onların bağlanması tədarük zəncirində ani qırılmaya səbəb ola bilər. Alternativ marşrutlar mövcud olsa da, onların ötürmə qabiliyyəti məhduddur və xərcləri daha yüksəkdir. Bu vəziyyət təkcə enerji qiymətlərinin kəskin artımına deyil, həm də logistika gecikmələrinə, sığorta xərclərinin yüksəlməsinə və qlobal ticarətdə qeyri-müəyyənliyin artmasına gətirib çıxarar. Uzun müddətdə isə ölkələr enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsini sürətləndirməyə məcbur olar, lakin bu proses qısa müddətdə yaranan şokları tam kompensasiya edə bilmir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31