Tehran-Təbriz avtomagistralı bağlanıb
15:19 DünyaABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları fonunda paytaxt Tehranı Şərqi Azərbaycan vilayətində yerləşən Təbriz şəhərinə birləşdirən avtomagistral bağlanıb.
Trend-in məlumatına görə, bu barədə İranın Şərqi Azərbaycan vilayətinin fövqəladə hallar idarəsi məlumat yayıb.
Bildirilib ki, magistral yolun 90 kilometrliyində yol xidməti bölməsinin yaxınlığına raketlər düşüb.
Eyni zamanda Şərqi Azərbaycan vilayətinin Bostanabad-Miyana arasındakı köhnə yol raketlərin düşməsi nəticəsində bağlanıb.
Hazırda yolların açılması ilə əlaqədar əməliyyat işləri aparılır. Qeyd olunan yollardan ikinci xəbərdarlığa qədər istifadə olunmaması istənilib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.