DW: Türkiyə-Ermənistan sərhədi açılmağa yaxındır – ÖZƏL

Türkiyə ilə Ermənistan arasında yerləşən Alican-Akyaka sərhəd-keçid məntəqələrinin yaxın aylarda fəaliyyətə başlaması gözlənilir. Olaylar.az xəbər verir ki, Deutsche Welle nəşrinin məlumatına görə, Ermənistan tərəfi hazırlıqları artıq tamamlayıb, Türkiyə isə son mərhələdədir. 1993-cü ildən bağlı olan sərhədin açılması iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Məqalədə qeyd olunur ki, sərhədin açılması Ermənistanın baş naziri Nikol Paşinyan üçün siyasi uğur sayıla bilər. Xüsusilə bu addım parlament seçkilərinədək reallaşarsa, onun mövqelərini gücləndirə bilər.

Hazırda iki ölkə arasında ticarət Gürcüstan üzərindən həyata keçirilir və illik dövriyyə 300-350 milyon dollar civarındadır. Ekspertlər birbaşa əlaqələrin qurulacağı təqdirdə bu rəqəmin 1 milyard dollara qədər arta biləcəyini bildirirlər.

Türkiyənin şərq bölgələri də sərhədin açılmasından iqtisadi fayda gözləyir. Bununla yanaşı, Azərbaycanı Naxçıvan vasitəsilə Türkiyə ilə birləşdirəcək nəqliyyat marşrutu da əlavə stimul kimi göstərilir.

Bununla belə, İranla bağlı gərginlik və mümkün miqrasiya riski sərhədin açılması prosesini ləngidən amillərdən biri kimi qiymətləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31