Gürcüstandan Azərbaycana deportasiya olunan jurnalist sərbəst buraxıldı
19:58 DünyaTiflis Şəhər Məhkəməsinin qərarı ilə Gürcüstandan deportasiya edilən jurnalist Əfqan Sadıqov artıq Bakıdadır.
Musavat.com bildirir ki, bu barədə vəkil Nemət Kərimli "Qazetçi"yə açıqlamasında məlumat verib.
Vəkilin sözlərinə görə, Əfqan Sadıqov Miqrasiya Xidmətində dindirildikdən sonra sərbəst buraxılıb.
Jurnalist "Qazetçi"yə açıqlamasında bildirib ki, o, "Qırmızı körpü" sərhəd-keçid məntəqəsində Azərbaycan tərəfinə təhvil verilib:
"Bizi Miqrasiya Xidmətinin əməkdaşlarına təhvil verdilər. Qazaxdan Bakıya, Miqrasiya Baş İdarəsinə gətirdilər. İdarədə mənə dedilər ki, barəmdə açılmış cinayət işi bağlanıb. Buna görə də mənim saxlanılmağım üçün heç bir qanuni əsas yoxdur. Sərbəst buraxılmışam və Bakıdayam".
Xatırladaq ki, Gürcüstan Təhlükəsizlik Xidməti Əfqan Sadıqovun ölkənin milli təhlükəsizliyinə təhdid olduğunu əsas gətirərək onun deportasiyası üçün məhkəməyə vəsatət qaldırmışdı. Məhkəmə vəsatəti əsaslı sayaraq jurnalistin deportasiyası barədə qərar qəbul edib.