Böyük Britaniya bu növ vizalarda rüsumları artırır: 8 apreldən qüvvəyə minir
19:53 DünyaBöyük Britaniya Daxili İşlər Nazirliyi immiqrasiya və viza rüsumları ilə bağlı mühüm qərar qəbul edib. 8 aprel 2026-cı il tarixindən etibarən qüvvəyə minəcək yeni qanuna əsasən, turist, iş, tələbə və ailə vizalarının qiymətlərində ciddi artım baş verəcək.
Olaylar.az xəbər verir ki, rüsum artımı eyni zamanda müddətsiz yaşayış icazəsi (PR) və vətəndaşlıq müraciətlərinə də şamil olunacaq.
Britaniya hökumətinin rəsmi açıqlamasına əsasən, yeni qiymət cədvəli aşağıdakı kimidir:
6 aylıq standart turist vizası: 135 funt-sterlinq
2 illik turist vizası: 506 funt-sterlinq
10 illik turist vizası: 1128 funt-sterlinq
Bacarıqlı işçi vizası (3 ilə qədər): 819 funt-sterlinq
Daimi yaşayış icazəsi (Settlement): 2064 funt-sterlinq
Vətəndaşlıq üçün müraciət rüsumu: 1709 funt-sterlinq
London administrasiyası bu artımı ölkənin immiqrasiya sisteminin təkmilləşdirilməsi və sərhəd təhlükəsizliyinin gücləndirilməsi ilə əsaslandırır. Ekspertlər qeyd edirlər ki, rüsumların artırılması həm də ölkəyə gələn qeyri-qanuni miqrasiya axınının qarşısını almaq məqsədi daşıyır.
Xatırladaq ki, aprelin 8-nə qədər edilən müraciətlər köhnə tariflərlə qəbul olunacaq.