Hörmüz boğazını güc yolu ilə açmaq real deyil – Makron
15:44 DünyaHörmüz boğazını güc yolu ilə açmaq üçün hərbi əməliyyatın keçirilməsi qeyri-realdır.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Cənubi Koreyaya səfəri zamanı jurnalistlərə açıqlamasında söyləyib.
"Bəzi şəxslər Hörmüz boğazının hərbi əməliyyat vasitəsilə güc yolu ilə açılması ideyasını müdafiə edir. Bu mövqe bəzən ABŞ tərəfindən də ifadə olunub, hərçənd bu yanaşma dəyişkən olub.
Bu, bizim heç vaxt dəstəklədiyimiz variant olmayıb, çünki qeyri-realdır. Bu, çox uzun çəkər və boğazdan keçən hər kəsi İnqilab Keşikçilərinin hücumları, eləcə də ballistik raketlər baxımından riskə məruz qoyar", - Makron bildirib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Amerikanın NATO müttəfiqlərini o cümlədən Fransa və Britaniyanı tənqid atəşinə tutaraq, Hörmüz boğazının açılması üçün dövlətləri addımlar atmağa səsləmişdi.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.