Kallas Rusiyaya qarşı planlaşdırılan yeni sanksiyalardan danışıb
18:40 DünyaAvropa İttifaqı Rusiyanın "kölgə donanması" üçün dəniz xidmətlərinin tam qadağan edilməsini, həmçinin rus hərbçilərinin Aİ-yə girişinin məhdudlaşdırılmasını müzakirə edir və eyni zamanda Rusiyaya qarşı "xüsusi tribunal"ın yaradılması üzərində işi davam etdirir.
Olaylar.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas "Ukrinform" agentliyinə müsahibəsində bildirib.
"Düşünürəm ki, biz daha irəli getməliyik. Kölgə donanması üçün dəniz xidmətlərinə tam qadağanı müzakirə edirik. Bu, mütləq təsir göstərəcək, çünki Rusiyada hasil olunan neftin ümumi həcminin təxminən 45%-i Baltik dənizi vasitəsilə daşınır. Üzv dövlətlər rus hərbçilərinin Avropaya girişinin qadağan edilməsi təklifi ilə çıxış ediblər. Müzakirələr davam edir",- o bildirib.
Onun sözlərinə görə, bir çox üzv dövlətlər Ukraynadakı müharibədə iştirak edən şəxslərin Avropaya girişinə qadağanı dəstəkləyir, çünki hesab edirlər ki, Aİ "gələcəyi düşünməlidir" və rus hərbçiləri guya Avropanın təhlükəsizliyinə "təhdid" yarada bilər.
Kallas həmçinin vurğulayıb ki, hazırda Aİ rəhbərliyi üçün vacib məsələ üzv dövlətlərin Rusiyaya qarşı nəzərdə tutulan "xüsusi tribunal"ın yaradılması haqqında sazişi ratifikasiya etməsidir. Onun sözlərinə görə, bu addım digər ölkələri də bu təşəbbüsə qoşulmağa dəvət etməyə imkan verəcək.