Saqatelyan: "Paşinyanın hərbi paradı xalqı növbəti dəfə aldatmaq məqsədi daşıyır" – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Ermənistan" blokundan olan deputat və Daşnaksütyun Partiyasının rəsmisi İşxan Saqatelyan, Nikol Paşinyanın may ayında keçirməyi planlaşdırdığı hərbi paradı kəskin tənqid edib. O, bu təşəbbüsü ordunun döyüş ruhunu qaldırmaq deyil, seçkiqabağı manipulyasiya cəhdi adlandırıb.

Deputat bildirib ki, rejimin məqsədi xalqı "təhlükəsizliyiniz təmin olunub" yalanı ilə yenidən aldatmaqdır. O, 2019-cu ildə "Su-30" qırıcıları ilə bağlı verilən vədləri xatırladaraq, 44 günlük müharibədə həmin təyyarələrin raketləri olmadığı üçün havaya belə qalxmadığını vurğulayıb.

Saqatelyanın fikrincə, ordunun silahlanmasından daha önəmli məsələ ona kimin rəhbərlik etməsidir. O iddia edib ki, Nikol Paşinyan və Suren Papikyan cütlüyünə hətta NATO qüvvələri etibar edilsə belə, məğlubiyyət və kapitulyasiya qaçılmazdır.

Siyasətçi mövcud hakimiyyəti Ermənistanın ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyinin əsas düşməni adlandırıb və xalqın bu növ "şoularla" artıq aldanmayacağını qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31