İrandakı savaş Ukraynanı müdafiəsiz qoya bilər – Zelenskinin qorxusu

Ukrayna Prezidenti Volodimir Zelenski Yaxın Şərqdə, xüsusən də İran ətrafında davam edən müharibənin Ukraynanın hərbi təchizatına sarsıdıcı zərbə vuracağını açıq şəkildə bəyan edib.

Musavat.com xəbər verir ki, "Axios" nəşrinə verdiyi müsahibədə Ukrayna lideri "Mən sadəcə narahat deyiləm, tam əminəm ki, bizim silah tədarükü ilə bağlı mütləq ciddi problemlərimiz olacaq" deyərək, beynəlxalq birliyə həyəcan siqnalı göndərib.

Zelenski vurğulayıb ki, ABŞ və digər tərəfdaşların diqqətinin Yaxın Şərqdəki genişmiqyaslı münaqişəyə yönəlməsi, habelə hərbi resursların, xüsusən də raket-interseptorların bu regiona axması Ukrayna cəbhəsində "silah aclığı" yarada bilər.

Prezidentin sözlərinə görə, Rusiya Yaxın Şərqdəki müharibənin mümkün qədər uzun çəkməsində maraqlıdır, çünki bu, Qərbin hərbi yardımını Ukraynadan yayındırır və diqqəti Kiyevin ehtiyaclarından uzaqlaşdırır.

Zelenski qeyd edib ki, qlobal müdafiə sənayesi hazırda hər iki böyük münaqişəni eyni intensivliklə təmin etmək gücündə deyil və bu vəziyyət Ukraynanın hava hücumundan müdafiə imkanlarını zəiflədə bilər.

Ekspertlər hesab edirlər ki, Ukrayna liderinin bu açıqlaması müttəfiqləri hərbi yardımların davamlılığını təmin etməyə çağırmaq məqsədi daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31