Rusiyada azərbaycanlı qadınla bağlı ŞOK QƏRAR: Ailəsi orada olsa da, qovulur

Rusiya Ali Məhkəməsi ailə üzvlərinin Rusiya vətəndaşı olmasına baxmayaraq, xarici ölkə vətəndaşının ölkəyə girişinə qadağa qoyula biləcəyi barədə qərar qəbul edib.

Musavat.com xəbər verir ki, bu qərar Azərbaycan vətəndaşı Jalə Mirzəlinin işi üzrə çıxarılıb.

Məlumata görə, J.Mirzəli 2018-ci ildə Rusiyaya gedib və orada sonradan Rusiya pasportu alan həmyerlisi ilə ailə qurub. Cütlüyün bu nikahdan iki övladı dünyaya gəlib. Lakin 2021-ci ildə Elektrostal polis şöbəsi qadının ölkədə vizasız qalma müddətini aşdığını və 1191 gün ərzində qanunsuz yaşadığını əsas gətirərək, onun Rusiyaya girişinə 10 illik qadağa qoyub.

Jalə Mirzəli bu qərardan şikayət edərək, qadağanın İnsan Hüquqlarının Müdafiəsi Konvensiyasını pozduğunu iddia edib. Elektrostal Şəhər Məhkəməsi və Moskva Vilayət Məhkəməsi onun iddiasını təmin edərək Daxili İşlər Nazirliyinin qadağasını ləğv edib.

Lakin Rusiya Ali Məhkəməsi aşağı instansiya məhkəmələrinin qərarı ilə razılaşmayıb. Ali Məhkəmə qeyd edib ki, araşdırma zamanı bir sıra mühüm məqamlar, cütlüyün birgə yaşayıb-yaşamadığı, ərin övladlarını saxlayıb-saxlamadığı, qadının gəlir mənbəyinin olub-olmaması və ailənin Azərbaycanda birləşməsinin mümkünlüyü nəzərə alınmayıb.

Bu səbəblərdən Ali Məhkəmə əvvəlki qərarları ləğv edərək işi yenidən baxılması üçün Elektrostal Şəhər Məhkəməsinə geri qaytarıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31