İranın raket proqramını məhv etmək mümkün deyil - İDDİA

ABŞ və İsrailin zərbələrinə baxmayaraq, İranın hərbi potensialı qalır.

Olaylar.azxəbər verir ki, bu barədə "The Washington Post" nəşrində məlumat dərc olunub.

Məqalədə qeyd olunur ki, ABŞ və İsrailin hücumları nəticəsində İranın bəzi hərbi obyektləri zərər görsə də, ölkənin ballistik raket proqramı tam məhv edilməyib.

Peyk görüntülərinə əsasən, zərbələr nəticəsində yerüstü buraxılış qurğuları sıradan çıxarılıb, yeraltı raket anbarlarına çıxış müvəqqəti məhdudlaşdırılıb və yeni raket istehsalı çətinləşib.

Lakin ekspertlər bildirir ki, bu, proqramın sonu demək deyil.

"Onlar hələ də raket buraxırlar. Bu, əsas göstəricidir", - deyə Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşı Tom Karako qeyd edib.

Analitiklər hesab edir ki, İranın əvvəlki hücumlardan sonra tez bərpa olunmaq təcrübəsi var və o, istehsal zəncirləri vasitəsilə itkilərini kompensasiya edə bilir.

Bundan əlavə, İranın istifadə etdiyi mobil buraxılış sistemləri proqramın tam məhv edilməsini daha da çətinləşdirir.

Məqalədə qeyd olunur ki, əməliyyatın ilk dörd həftəsində İranda 4 əsas raket istehsalı müəssisəsi və ən azı 29 buraxılış obyekti zədələnib.

Buna baxmayaraq, ekspertlər İranın raket proqramının tam şəkildə sıradan çıxarılmasının real olmadığını düşünürlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31