Tramp 80 illik ittifaqı zəiflətdi: Körfəz ölkələrinin qorxusu…
11:05 DünyaDonald Trampın prezidentliyinin ilk ilində o, faktiki olaraq Qərbi Avropa ölkələri ilə 80 illik ittifaqı zəiflətdi. Görünür, indi eyni vəziyyət Fars körfəzi ölkələri ilə də təkrarlanır.
Axar.az xəbər verir ki, bu barədə "Blumberq" agentliyi məlumatlı mənbələrə istinadən yazıb.
Bildirilir ki, region ölkələri İranla müharibə fonunda ABŞ-ın hərəkətlərindən getdikcə daha çox məyus olurlar. Xüsusilə, amerikalıların müttəfiqləri İran zərbələrindən qoruya bilməməsi və Tramp administrasiyasında aydın strategiyanın olmaması onları narahat edir.
"Bəzi mənbələrin sözlərinə görə, əsas narazılıqlardan biri ABŞ-ın İranın mümkün cavab reaksiyası ilə bağlı onların narahatlıqlarını nəzərə almamasıdır. Onların fikrincə, Vaşinqton daha çox İsrailin arqumentlərinə üstünlük verib", - deyə nəşrdə vurğulanır.
Mənbələr qeyd edirlər ki, ərəb ölkələri artıq öz ərazilərində Amerika hərbi bazalarının yerləşdirilməsinin məqsədəuyğunluğunu sual altına alırlar. Çünki bu bazalar onları İranın zərbələri üçün hədəfə çevirir.
Bununla belə, nəşr yazır ki, heç kim Trampı qəzəbləndirməmək üçün bu narahatlıqları açıq şəkildə dilə gətirmir və ABŞ hərbçilərinin çıxarılmasını tələb etmələri də hələlik ehtimal edilmir.
Bundan əlavə, Fars körfəzi ölkələrinin rəsmiləri ABŞ-ın İran neftinə qarşı sanksiyaları müvəqqəti dayandırmaq qərarından narazı qalıblar. Bu addım xam neftin qiymətlərinin sürətli artımını azaltmaq məqsədi daşıyırdı, lakin eyni zamanda ərəb ölkələri İranın Hörmüz boğazından keçən gəmilərə qarşı təhdidləri səbəbindən öz neftlərinin böyük hissəsini ixrac edə bilmirlər.
Vurğulanıb ki, region rəsmilərinin bir qismi də ehtiyat edir ki, Tramp Tehranla sərfəli olmayan bir razılaşma əldə edə bilər. Bu razılaşma İranın ballistik raket istehsalını və Hizbullah və HƏMAS kimi təşkilatlara dəstəyini məhdudlaşdırmaya bilər. Onların fikrincə, bu ssenari realdır, çünki ABŞ-da müharibə populyar deyil və Tramp formal sülh sazişi ilə vəziyyətdən çıxmağa çalışa bilər.
"Fars körfəzi ölkələri həmçinin ABŞ-ın erkən çıxışından sonra İranla tək qalacaqlarından və Tehran hökumətinin Hörmüz boğazı üzərində müəyyən nəzarəti qoruyub saxlayacağından ehtiyat edirlər", - nəşr bildirib.
Mənbələrin bildirdiyinə görə, Trampın siyasəti nəticəsində regiondakı turizm və maliyyə mərkəzlərinə raket və dron hücumları baş verdikdən sonra bəzi yerli hökumətlər geosiyasi əlaqələrini "şaxələndirmək", yəni alternativ tərəfdaşlar tapmaq barədə düşünməyə başlayıblar.
Artıq ABŞ-la yaxın münasibətlərin təhlükəsizlik təminatı vermədiyini düşünən bəzi ölkələr üçün daha proqnozlaşdırılan siyasət aparan Çin getdikcə daha cəlbedici tərəfdaş kimi görünür.