Yaxın Şərqdə polad halqa daralır – ABŞ İrana qarşı üçüncü nəhəng aviadaşıyıcını göndərdi

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İrana qarşı aparılan "Epik Qəzəb" (Epic Fury) hərbi əməliyyatını daha da gücləndirmək məqsədilə regiona üçüncü aviadaşıyıcı zərbə qrupunu göndərmək barədə qərar qəbul edib.

Musavat.com xəbər verir ki, "CBS News" telekanalının Pentaqondakı mötəbər mənbələrə istinadən yaydığı məlumata görə, "USS George H.W. Bush" (CVN-77) nüvə aviadaşıyıcısı yaxın günlərdə Virciniya ştatındakı Norfolk hərbi bazasından Yaxın Şərqə doğru hərəkət edəcək. Artıq gəminin müşayiətçi qrupuna daxil olan "USS Ross" esminesi martın 25-də yola düşüb və bütün qrupun təxminən 10-12 gün ərzində əməliyyat zonasına çatacağı gözlənilir.

Hazırda regionda "USS Abraham Lincoln" aktiv döyüş tapşırıqlarını yerinə yetirir, dünyanın ən böyük aviadaşıyıcısı olan "USS Gerald R. Ford" isə göyərtəsində baş vermiş yanğın və texniki nasazlıqlar səbəbindən Krit adasında təmirə cəlb olunub. "Bush" aviadaşıyıcısının gəlişi ilə ABŞ-ın regiondakı zərbə gücü pik həddə çatacaq ki, bu da onlarla müşayiətçi gəmi, yüzlərlə qırıcı təyyarə və minlərlə əlavə hərbçinin İran sahillərinə cəmləşməsi deməkdir. Hərbi analitiklər qeyd edirlər ki, üçüncü aviadaşıyıcının göndərilməsi Tramp administrasiyasının may ayında Pekində keçirilməsi planlaşdırılan Tramp-Si Çinpin görüşünə qədər İran məsələsini hərbi yolla tamamilə yekunlaşdırmaq və Tehrana "maksimum təzyiq" göstərmək niyyətindən xəbər verir.

Bu addım həm də İranın son günlərdə ABŞ gəmilərinə qarşı sahil raketləri ilə hücum iddialarına Vaşinqtonun verdiyi sərt və birbaşa cavab kimi qiymətləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31