Ağ Ev bəzi NATO üzvlərini cəzalandırmağa hazırlaşır

Donald Trampın administrasiyası müdafiə xərclərini ÜDM-in 5 faizi hədəfinə çatdırmayan NATO üzv ölkələrini müdafiə etmək öhdəliyindən imtina etməyi düşünür.

Musavat.com xəbər verir ki, məlumatı Britaniyanın "The Daily Telegraph" qəzeti mənbələrə istinadən yayıb.

Qəzetin məlumatına görə, Tramp maliyyə öhdəliklərini yerinə yetirməyən ölkələri NATO-nun qərar qəbuletmə prosesindən kənarlaşdıra bilər. Bildirilir ki, Vaşinqton bu ölkələrə Şimali Atlantika Kollektiv Müdafiə Müqaviləsinin 5-ci maddəsini aktivləşdirmək, ittifaqın genişləndirilməsi ilə bağlı müzakirələrdə iştirakını dondurmaq və birgə təlimlərdə iştirak etmələrinin qarşısını almaq imkanını rədd edə bilər. Başqa bir seçim isə ABŞ qoşunlarının Almaniyadan çıxarılmasıdır.

Qeyd olunur ki, Tramp NATO müttəfiqləri Hörmüz boğazında gəmilərin qarşısını almaq üçün hərbi gəmilərini göndərməkdən imtina etdikdən sonra bu variantları araşdırmağa başlayıb. Qəzet əlavə edib ki, bu təkliflər hələlik alyansın Brüsseldəki qərargahına rəsmi olaraq təqdim edilməyib.

Vurğulanır ki, NATO-da bütün qərarlar konsensus yolu ilə qəbul edilir ki, bu da Vaşinqton rəsmi olaraq təşəbbüslərini irəli sürdüyü təqdirdə təşkilat daxilində münaqişə yaranması ehtimalını artırır: "Əgər gələcək xərclərə pul ödəməsəniz, səs verə bilməməlisiniz. Təhdidin nədən ibarət olduğu və alyansın nə etdiyi barədə söhbətə başlamalıyıq. İspaniya və Böyük Britaniyanın hərəkətlərinin qəbuledilməz olduğuna dair bir siqnal göndərməliyik", - qəzetin ABŞ-dakı mənbəsi bildirib.

NATO üzv dövlətlərinin hərbi xərclərinin 2035-ci ilə qədər ÜDM-in 5 faizinə qədər artırılması təşkilatın ötən il Haaqada keçirilən sammitində razılaşdırılıb. Bu xərclərə müdafiə infrastrukturunun inkişafı üçün 1,5 faiz və Ukraynaya hərbi təchizat da daxil olacaq. Lakin İspaniya hərbi xərclərin artırılmasına qarşı çıxıb.

Qeyd edək ki, Mayamidakı investisiya forumunda çıxışı zaman Tramp etiraf edib ki, Vaşinqton alyansın hərəkətlərinə görə NATO-ya dəstəyini dayandıra bilər: "Biz NATO-ya, onların müdafiəsinə ildə yüz milyardlarla dollar xərcləyirik. Biz həmişə onların yanında olardıq, amma indi, onların hərəkətlərinə görə, düşünürəm ki, orada olmaq məcburiyyətində deyilik, elə deyilmi?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31